“Haqq savaşımız düşmən ölkənin sarsıdıcı məğlubiyyəti ilə başa çatdı” Deputat

İşğalçı Ermənistanın sentyabrın 27-də ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı və 44 günlük haqq savaşımız düşmən ölkənin sarsıdıcı məğlubiyyəti ilə başa çatdı. Bu savaş ilk gündən Azərbaycan Ordusunun qüdrətini, əsgər və zabitlərimizin yüksək döyüş ruhunu nümayiş etdirdi. Silahlı Qüvvələrimizin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına döyüşərək düşmənə sarsıdıcı zərbələr endirdi. İllər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu və möhkəmləndirdiyi, minaladığı mürəkkəb konstruksiyalı mühəndis-istehkam qurğuları və digər müdafiə sistemləri ordumuz tərəfindən ilk həmlədə yarıldı. Beləliklə, Azərbaycan Ordusu gücü və qüdrəti barədə söylənən fikirləri ilk gündən döyüş meydanında sübuta yetirdi. Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarını, Hadrutu, Suqovuşanı döyüş meydanında savaşaraq azad etdi. Cəmi bir neçə həftə ərzində İranla 132 km-lik dövlət sərhədinə nəzarət təmin olundu. Oktyabrın 18-də zəngin keçmişimizin ünvanı olan Xudafərin körpüsünün azad edilməsi bayrama bayram qatdı. Hələ oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev demişdi: “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”. Hər birimiz döyüşlərin davam etdirildiyi günlərdə rəşadətli ordumuzdan dualarımızı əsirgəmir, bütün torpaqlarımızın, o cümlədən Qarabağın tacı Şuşanın azad olunacağı günü səbirsizliklə gözləyirdik. Şuşanın azad olunması bütün Qarabağa nəzarətin təmin olunması demək idi. Ən əsası, biz öz qədim yurd yerimizi, milli mədəniyyətimizin ünvanı olan bir şəhərimizi düşmən tapdağında saxlaya bilməzdik. Müzəffər Azərbaycan Ordusu xalqımızın arzusunu çin etdi, Şuşanı işğaldan azad edərək milli qürur məbədimizi özümüzə qaytardı. Şuşanın azad olunmasından sonra Ermənistanın İlham Əliyevin şərtlərini qəbul etməkdən başqa yolu qalmadı və noyabrın 10-da imazalanan üçtərəfli bəyanatla işğalçı ölkə məğlubiyyətini etiraf etdi. Noyabrın 8-i Şuşanın azad olunduğu gün isə tariximizə Zəfər Günü kimi düşdü. Bu müharibədə əsgər və zabitlərimiz qəhrəmancasına döyüşdülər. Onlar bu yolda canlarını belə fəda edərək vətən yolunda şəhidlik zirvəsinə yüksəldilər. 2783 nəfər şəhidimizin qanı-canı bahasına biz torpaqlarımızı azad etdik. Tanrıdan şəhidlərimizə rəhmət diləyirik. Onların xatirəsi həmişə uca tutulacaq, ehtiramla anılacaq. Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində etdiyi paylaşımda da vurğulandığı kimi, “Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq”. Şəhidlərimizin qanı yerdə qalmadı, onların uğrunda savaşdıqları müqəddəs torpaqlarımız indi düşmən tapdağından azaddır. Prezident İlham Əliyev Ali Baş Komandan kimi qələbəni layiqincə təmin etdi. Tariximizi şərəfləndirən bu qələbə hər zaman xalqımızın qürur mənbəyi və iftixar ünvanı olacaq.

Vüqar İskəndərov,

Milli Məclisin deputatı