“Harvard”da oxumaq üçün təhsil yeganə şərt deyil” – MÜSAHİBƏ

Fərid Şəfiyev: “Rusiyada bəzi qüvvələr belə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunsa, Rusiya Ermənistan və Azərbaycan üzərində öz təsir gücünü itirəcək”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin SOSİUM.az-a müsahibəsi

DOSYE: Fərid Şəfiyev 1969-cu ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Harvard Universitetinin Kennedi Dövlət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. Karlton Universitetində oxuyaraq, tarix üzrə elmlər doktoru dərəcəsini alıb. 1996-cı ildən Xarici İşlər Nazirliyi sistemində işləyib. Azərbaycanın BMT yanında nümayəndəliyində çalışıb. 2009-2014-cü illərdə Azərbaycanın Kanadada, 2014-2019-cu illərdə isə Çexiyada fövqəladə və səlahiyyətli səfiri olub. Eyni zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında da Azərbaycan Respublikasının daimi nümayəndəsi olub. Bu ilin fevralından Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədridir.

– Fərid müəllim, bir neçə ay öncə Prezidentin sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradıldı. Hazırda qurumun fəaliyyəti nədən ibarətdir?

– Bu ilin fevral ayında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi təsis edilib və mən Cənab Prezident İlham Əliyevin sərəncamı ilə bu quruma rəhbər təyin olunmuşam. Hazırda bizə qeyri-rəsmi olaraq bir bina verilib. Bu yaxınlarda həmin binanın sənədləşmə prosesi bitəcək. Digər yandan Mərkəzin maliyyələşmə mexanizmi ilə bağlı təklifləri artıq Nazirlər Kabinetinə təqdim etmişik. Hazırda Nazirlər Kabineti və Maliyyə Nazirliyi bu təklifləri araşdırır. Heç şübhəsiz peşəkar fəaliyyəti təmin etmək üçün bizə büdcə lazımdır. Bundan sonra biz konkret fəaliyyət istiqamətləri ilə bağlı hərəkətə keçəcəyik. İlkin olaraq seminarlar, konfranslar, dəyirmi masalar və digər vasitələrlə ictimai dialoqa nail olacağıq. Yəqin ki, may ayının sonunda maliyyələşmə ilə bağlı yekun qərar veriləcək.

– Bəlkə bir az da konkretləşdirək. Rəhbəri olduğunuz qurum hökumət və ictimaiyyətin qarşısına hansı yeniliklərlə çıxacaq?

– Mərkəzin fəaliyyəti əsasən üç istiqamətdən ibarət olacaq. İlk öncə Prezidentin sərəncamına uyğun olaraq dövlət qurumları, ölkə rəhbərliyi üçün Azərbaycanın ətrafında olan, beynəlxalq aləmdə cərəyan edən hadisələr barədə müvafiq arayışlar və məruzələr təqdim edəcəyik. İkinci istiqamət xarici düşüncə mərkəzləri ilə əməkdaşlıq etmək, Azərbaycan həqiqətlərini, o cümlədən Qarabağ həqiqətlərini dünya ictimaiyyətini çatdırmaq, Cənubi Qafqazla bağlı keyfiyyətli hesabatların hazırlanmasına nail olmaqdır. Üçüncü istiqamət olaraq ölkə daxilində fəaliyyət göstərən KİV-lərlə, beyin mərkəzləri ilə, universitetlərlə, elmi-tədqiqat insitutları ilə əməkdaşlığı nəzərdə tuturuq. Bəzən görürük ki, beynəlxalq məsələlərlə bağlı qeyri-dəqiq fikirlər səslənir, bəzi baş verənlər ictimaiyyətə düzgün təqdim olunmur. Bu səbəbdən biz beynəlxalq aləmdə baş verənlərlə bağlı analiz aparıb, həmin məlumatları ictimaiyyətlə bölüşəcəyik. Qısaca təsnif etsək, Azərbaycan hökuməti, Azərbaycan ictimaiyyəti və beynəlxalq beyin mərkəzləri ilə əməkdaşlıq etmək niyyətindəyik.

– Qarabağ münaqişəsi ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində hansı addımlar nəzərdə tutulub?

– Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq münaqişədir və bizim əsas fəaliyyətimiz məhz bu məsələyə yönələcək. Bu münaqişənin iqtisadi, siyasi, humanitar, hüquqi apsektlərinin öyrənilməsi, təhlili, beynəlxalq ictimaiyyətə çatdırılması əsas fəaliyyət istiqamətimiz olacaq. Belə bir fikrimiz var ki, Mərkəzin daxilində ermənişünaslıq şöbəsi yaradaq. Eyni zamanda Mərkəzin tərkibində erməni dili kursları açmağı nəzərdə tuturuq. 2016-cı ildən Ermənistan-Azərbaycan münaqişəsi yeni mərhələyə qədəm qoyub. Buna səbəb Azərbaycanın gücünü Ermənistanın anlaması oldu. Hesab edirəm ki, ölkəmizin əldə etdiyi üstünlük müəyyən dinamika yaratdı. Azərbaycan dövlətinin rəhbərliyi münaqişənin həll olunmasına çalışır. Bu istiqamətdə böyük səy göstərir. Təəssüflər olsun ki, müəyyən qlobal və regional qüvvələr var ki, onlardan bəziləri münaqişənin həllində maraqlı deyillər. Misal üçün Rusiyada bəzi qüvvələr münaqişənin həllini istəsələr də, müəyyən qüvvələr münaqişənin uzanmasında maraqlıdırlar. Onlar hesab edirlər ki, münaqişə həll olunsa, Rusiya Ermənistan və Azərbaycan üzərində öz təsir gücünü itirəcək. Lakin bu səhv və ziyanlı fikirdir. Çünki Azərbaycan öz siyasətini Qoşulmama Hərəkatı çərçivəsində aparır. Biz heç bir bloka üzv olmaq niyyətində deyilik. O səbəbdən münaqişə həll olundan sonra da biz Rusiya ilə münasibətlərimizi davam etdirəcəyik. Hətta bu münasibətlərin inkişafı yeni bir mərhələyə yüksələcək. Reallıq ondan ibarətdir ki, münaqişənin həlli tək Azərbaycanın iradəsindən asılı deyil.

– Azərbaycanla Avropa İttifaqı arasında sazişin imzalanması əsas müzakirə mövzularından biridir. Bu barədə nə deyə bilərsiniz?

– Avropa İttifaqı Azərbaycanla vacib tərəfdaşdır. Biz Avropanın müxtəlif dövlətləri ilə strateji əməkdaşlıq haqqında saziş imzalaşamışıq. Bizim hazırda Avropa Birliyi ilə ticarət mübadiləmiz 42 faiz təşkil edir. Heç şübhəsiz Avropa Birliyi dünyada güclü bir geosiyasi və geoiqtisadi qüvvədir. Bu səbəbdən Avropa Birliyi ilə əməkdaşlığı davam etdirmək və genişləndirmək Azərbaycan üçün vacibdir. Məndə olan məlumata görə, Azərbaycan hökuməti ilə Avropa Birliyi arasında danışıqlar davam etdiriləcək. Bizim məqsədimiz yeni çərçivə sazişi imzalamaqdır. Sonuncu saziş 1996-cı ildə imzalanıb, 1999-cu ildə isə ratifikasiya olunub. Artıq yeni sazişin imzalanmasına ehtiyac var. Bu saziş özlüyündə üç istiqaməti – siyasi, iqtisadi və humanitar məsələləri ehtiva edir. Bunların hamısı vacib olsa da, bizim üçün əsas vacib məsələ siyasi platforma ilə bağlıdır. Burada söhbət dövlətimizin ərazi bütövlüyünün təmin olunnmasından gedir. Məndə olan məlumata görə, bu məsələlər bu sazişdə öz əskini tapacaq. Lakin sazişdə bəzi texniki detallar var ki, onlar hələ müzakirə səviyyəsindədir.

– İddialar var ki, erməni lobbisi daha güclüdür və diasporumuz bu məsələdə onlara uduzur. Sizcə deyilənlər həqiqətdirmi?

– Etiraf etmək lazımdır ki, bəzi dövlətlərdə erməni lobbisi güclüdür. ABŞ, Fransa və Portuqaliyada erməni lobbisi güclüdür. Lakin ümumən demək olmaz ki, Avropa Birliyinin 28 dövlətində erməni lobbisi Azərbaycan icmasından daha güclüdür. Son işlədiyim dövlətdə – Çexiyada erməni lobbisi zəifdir və onların fəaliyyəti diqqət çəkmir. Hesab edirəm ki, bu ölkədən ölkəyə dəyişir və bununla bağlı iddiaların çoxu əsassızdır.

– Bəzi mühacirlərin Avropada ölkəmiz əleyhinə fəaliyyəti diqqətdən yayınmır. Necə düşünürsünüz, onları buna təhrik edən nədir?

– Bəli, müəyyən dövrlərdə məqsədli şəkildə mühacirətdə olan azərbaycanlılardan dövlətimiz əleyhinə istifadə olunmasına şahidlik edirik. Müəyyən zaman çərçivəsində müxtəlif kampaniyalar başlayır və adətən bu kampaniyalar 2-3 ay müddətində davam edir. Son dövrlər bu istiqamətdə yenidən müəyyən hərəkətlənmə hiss olunur. Çox təəssüf ki, bu beynəlxalq münasibətlərin reallığıdır və müxtəlif dövlətlər rəqiblərinə qarşı bu cür mübarizə üsullarından istifadə edirlər.

– Son təyinata qədər Azərbaycanı bir çox dövlətlərdə səfir olaraq təmsil etmisiniz. Müşahidələriniz nə deyir, diaspor siyasətimiz uğurludurmu?

– Nəzərə almaq lazımdır ki, Azərbaycan diasporu icma olaraq yeni yaranıb. Təxminən 25 ildir diaspor fəaliyyətinə başlamışıq. Ermənilər ənəvəvi olaraq Avropada məskunlaşıb və təşkilatlanıblar. Burada söhbət yüz ildən gedir. Bəzi ölkələrdə erməni icmaları hələ orta əsrlərdə yaranıb. Ona görə mən bu məsələdə müqayisənin tərəfdarı deyiləm. Hesab edirəm ki, bəzi dövlətlərdə təşkilatlanma prosesləri gedir və müəyyən nailiyyətlər əldə olunub. Lakin bununla kifayətlənmək olmaz və təşkilatlanma prosesi davam etməlidir. Azərbaycan hökuməti olaraq diaspor təşkilatlarına öz yardımlarımızı və tövsiyyələrimizi davam etdirməliyik. Lakin bu yardım daha çox mənəvi və təşkilatlanma səviyyəsində olmalıdır. Maddi yardımlar müəyyən narazılıqlara yol açır. Məncə, əsl diaspor təşkilatı özü-özünü maliyyələşdirməli və dövlətlə əməkdaşlıq şəraitində fəaliyyət göstərməlidir.

– Azərbaycan «politoloq bolluğu» ilə seçilən ölkələrdəndir. Bəzən heç bir təhsili olmayan, texniki ixtisaslar üzrə təhsil almış şəxslər özlərini politoloq kimi cəmiyyətə təqdim edirlər…

– Hər kəs özünü politoloq adlandıra bilər. Bu məsələdə hər hansı məhdudiyyət yoxdur. Əgər beynəlxalq münasibətlərdən söhbət gedirsə, politoloq düzgün termin deyil. Politologiya siyasi elmdir və daha çox daxili siyasətə aid edilir. Beynəlxalq münasibətlər isə tamam ayrı bir elmdir. Bu səbəbdən beynəlxalq münasibətlərlə məşğul olan şəxsləri təqdim edəcək yeni terminə ehtiyac var. Bəzən görürük ki, Azərbaycanda kimsə özünü müstəqil politoloq adlandırır. Necə yəni müstəqil politoloq, qeyri-müstəqil politoloq da olur?! Hesab edirəm ki, ilk növbədə təhsildən başlamaq lazımdır. Belə olarsa biz bu sahədə ciddi inkişafa nail ola bilərik. Müvafiq təhsil almamış və bu istiqamətdə dərin biliklərə malik olmayan şəxsin beynəlxalq münasibətləri analiz etməsi, proqnozlar verməsi ciddi deyil. Mətbuat bu məsələdə xüsusilə diqqətli olmalıdır. Media kimisə politoloq olaraq təqdim edəndə, onun fikirlərinin ictimaiyyət üçün nə dərəcə önəm daşıdığını aydınlaşdırmalıdır. Biz beynəlxalq münasibətləri araşdıran şəxsləri bir araya toplamaq, onların şəbəkəsini yaratmaq niyyətindəyik. Burada Azərbaycan hökumətinin, Milli Məclisin, Universitetlərin, KİV təmsilçilərinin iştirakı nəzərdə tutulur.

– Bu günlərdə Bakı Dövlət Universitetinin (BDU) Himayəçilər Şurasının üzvü seçildiniz. Maraqlıdır, bu Şura hansı işləri görəcək?

– (Saata baxır). Bu gün saat 15:00-da (müsahibə götürülən gün) BDU Himayəçilər Şurasının ilk iclası keçiriləcək. Birinci iclas olduğu üçün Himayəçilər Şurasının fəaliyyəti barədə danışmaz hələ tezdir.

– Bu gün minlərlə gəncin arzusudur ki, Harvard Universitetində təhsil alsın. Siz də Harvard məzunusunuz. «Harvard” gedən yol nədən başlayır?

– Harvard ABŞ-ın ən qədim universitetidir. Üstünlük odur ki, Harvard Universitetində tanınmış dünya alimləri tədris verir. Bundan başqa Harvard Universitetinin nəzdində tutarlı və əsaslı elmi tədqiqatlar aparılır. Fikrimcə, Azərbaycanda tədqiqatın təhsil ilə birləşməsinə ehtiyac var. ABŞ-da, Çində və digər ölkələrdə elmi tədqiqatlar adətən təhsil ocağı nəzdində aparılır. Harvard Universitetinin güclü tərəfi tədris və tədqiqat arasında sərhədlərin olmamasındadır. Orada təhsil almaq üçün orta məktəb qiymətlərin yüksək olmaqla yanaşı müvafiq testləri də uğurla verməlisən. Əsas vacib element isə abituriyentin müraciətdən öncə hansı istiqamət üzrə fəaliyyət göstərməsidir. İncəsənət, idman, bir sözlə ictimai əhəmiyyətli işlər bu qəbildəndir. Orada bakalavrı bitirəndən sonra 2-3 il fərq olmalıdır. Bu müddətdə bakalavrı bitirən məzun elmi və ictimai əhəmiyyətli işlərdə nailiyyət qazanıbsa, bu onun üçün böyük üstünlükdür.

Azər Niftiyev, SOSİUM.az