“Heç bir qüvvə bu prosesə mane ola bilməz” – Əli Hüseynli

Heç bir qüvvə bu prosesə mane ola bilməz

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəmin aktual mövzuları ilə bağlı Modern.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

– İyulun 15-də Rusiya Xarici İşlər Nazirliyi tərəfindən Qarabağda baş verən hadisələrlə bağlı rəsmi bəyanat səsləndirilib. Həmin bəyanatın bəzi müddəaları Azərbaycanın maraqlarına zidd olan qərəzli məqamları özündə əks etdirir. Artıq Azərbaycan XİN bu məsələyə öz etirazını bildirib. Sizin bununla bağlı fikirlərinizi bilmək istərdik…

– Konkret olaraq, hesab edirəm ki, sənəddə “Dağlıq Qarabağ” ifadəsinin işlənməsi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın mahiyyətinə xələl gətirən digər yanaşmaların yer alması bütövlükdə Rusiyanın ali siyasi rəhbərliyinin, ilk növbədə Prezident  Vladimir Putinin mövqeyi ilə ziddiyyət təşkil edir. Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsindən çox keçmədən – 2020-ci ilin dekabrında Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında demişdi ki,  Dağlıq Qarabağın ərazisi beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın bir hissəsidir, Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

Rusiya prezidenti hətta Azərbaycanın Ermənistan ərazisində anklav kimi qalmış 7 rayonunun da Azərbaycana məxsus olduğunu vurğulayıb. Ona görə də Rusiya XİN-nin bu açıqlaması Vladimir Putinin mövqeyinə ziddir və Rusiya-Azərbaycan müttəfiqlik münasibətlərinin ruhuna uyğun deyil.

Nəzərə alsaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın əsas mahiyyəti bölgədə kommunikasiyaların açılması ilə birgəyaşayışa və sülhə nail olmaqdır, o halda bu sənədin mahiyyət etibarı ilə sülhyaratma prosesinin aralıq sazişi kimi də dəyərləndirmək olar.

– Rusiyanın da altına imza atdığı üçtərəfli bəyanatın yerinə yetirilməsi ilə bağlı əsas problemlərin səbəbləri barədə nə deyə bilərsiniz?

– Ziddiyyətlər ondan ibarətdir ki, işğaldan azad edilmiş bütün ərazilərin, o cümlədən erməni əhalinin yaşadığı ərazilərin birmənalı olaraq Azərbaycanın yurisdiksiyasına daxil olmasına baxmayaraq, Rusiya sülhməramlılarının gözü qarşısında təxribatlara yol verilir. Əslində sülhməramlıların missiyası bu ərazidə məhz üçtərəfli sazişin müddəalarının təmin olunmasından ibarət olsa da, məlum bəyanatın 4-cü və 9-cu maddələrinin tələbi  yerinə yetirilməmişdir, yəni  iki il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, qanunsuz erməni hərbi birləşmələri hələ də tam şəkildə bu ərazidən çıxarılmamışdır. Yəni, bu dövr ərzində sazişin digər müddəalarının yerinə yetirilməsi ilə bağlı Rusiya tərəfindən Ermənistana kifayət qədər təzyiq göstərilməmişdir. Kommunikasiların, xüsusilə Zəngəzur dəhlizinin açılması üçün səmərəli addımlar atılmır. Azərbaycan tərəfi isə hər zaman olduğu kimi,  öz imzasının nüfuzunu qoruyaraq üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirib.

Rusiya XİN-nin bu bəyanatının məhz sonuncu üçtərəfli Brüssel görüşü gününə təsadüf etdiyi həssas bir məqamda, Ermənistanla sülh müqaviləsinin dəqiq konturlarının müəyyən edilməsi istiqamətində mühüm addımların atıldığı, tərəflərin mövqelərinin yaxınlaşdığı bir mərhələdə bölgədə sabitliyin bərqərar olması, görünür, bəzi siyasi dairələrin ürəyincə deyil. Elə Xankəndidə təşkil olunmuş mitinq də məhz belə çirkin niyyətlərin təzahürüdür və anti-sülh siyasətinin davamıdır. Burada təccüblü bir şey yoxdur…

Laçın dəhlizi ilə bağlı Rusiya XİN-nin mövqeyinə gəlincə, dediyimiz kimi, ali rəhbərliyin mövqeyini əks etdirmir, ona görə də məntiqli yanaşma deyil. Əvvəla, Laçın dəhlizi Azərbaycanın ərazisi olmaqla yalnız Ermənistanla Qarabağ arasında humanitar məqsədlər üçün nəzərdə tutulub. Lakin bu dəhliz vasitəsilə Ermənistandan Xankəndiyə silah-sursatların daşınması faktları müəyyən edildikdən sonra Azərbaycan burada sərhəd-keçid məntəqəsi quraşdırmaqla vəziyyətə daha ciddi şəkildə nəzarət etməyə başlamışdır. Bu, beynəlxalq hüquq normalarına tam uyğundur. Ermənistandan Qarabağa qanunsuz yük daşınması, eyni zamanda BQXK-nə məxsus nəqliyyat vasitəsilə qaçaqmalçılığın qarşısının alınması məhz  Laçın dəhlizində sərhəd nəzarət məntəqəsinin quraşdırılmasından sonra mümkün olmuşdur. Və bu da Azərbaycanın beynəlxalq norma və prinsiplərdən irəli gələn legitim hüququdur.

Ona görə də, təəccüblü deyil ki, bu ayın əvvəlində Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin qanunsuzluğuna və Azərbaycan Respublikasının hərbçilərinin Laçın yolundan çıxarılmasına dair tələbi ilə bağlı  vəsatəti rədd edilib. Bu halda Azərbaycanın bu addımları hansısa dairələri nədən narahat etməlidir?

Əksinə, bu tədbirlər sülh müqaviləsinə aparan yolun tərkib hissəsidir və Azərbaycan sülh danışıqlarında  bugünkü pozitiv nəticələrə məhz özü nail olub.

 – Bəs bu kontekstdə sonrakı sülh prosesinin sonrakı davamını necə görürsünüz?

– Moskvada Vladimir Putinlə 2023-cü il 25 may görüşü zamanı Prezident İlham Əliyev Ermənistanın artıq konkret rəqəmlər ifadəsi ilə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və bunun nəticəsində danışıqlar prosesinin daha rahat şəkildə davam etməsi üçün münbit şəraitin yarandığını  qeyd etmişdir: “Fikrimcə, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatlarından, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq”.

Bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev  sülh danışıqları ilə bağlı proseslərin mövcud vəziyyətini dəyərləndirərkən demişdir ki, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər: “Hər halda mən hesab edirəm ki, belə imkanlar var… Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın”.

Son üçtərəfli Brüssel görüşünün nəticələri, bu tədbirin yekunları ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında səslənən fikirlər, xüsusilə cənab İlham Əliyevin görüşün irəliyə doğru səmərəli addım olduğunu söyləməsi də onu deməyə əsas verir ki, sülh prosesi dinamik şəkildə, qalib Azərbaycanın irəli sürdüyü və qarşı tərəfin rəsmən qəbul etdiyi obyektiv və ədalətli şərtlər daxilində inkişaf edir. Və heç bir qüvvə, o cümlədən bu prosesə mane ola bilməz.