Deputat: “Heç bir vəzifəli şəxs qanunların tələbinə hörmətsiz yanaşa bilməz”

Bütün dünya ölkələri, o cümlədən Azərbaycan koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunub. Dövlətimiz tərəfindən bu istiqamətdə ardıcıl, sistemli tədbirlər həyata keçirilir. Bu günədək daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy və yas mərasimləri keçirən çox sayda şəxsi məsuliyyətə cəlb edib. Bu günlərdə isə bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb.

Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və onların tələblərinə hörmətsiz yanaşa bilməz.

XALQ.AZ xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, koronavirusla mübarizə çərçivəsində ölkəmizdə əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar verib. Müəyyən yumşaldıcı tədbirlər görülsə də, koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa qüvvədə saxlanılıb.

Azərbaycanın hüquqi dövlət olduğunu, ölkəmizdə qanunun aliliyinin təmin edildiyini deyən deputat vurğulayıb ki, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Onun sözlərinə görə, qanunu pozanlar mütləq şəkildə məsuliyyətə cəlb edilməlidirlər və edilirlər. Hər bir şəxs mövcud reallığı, qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini, ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq.

Koronavirusla mübarizənin ümummilli məsələ olduğunu deyən Fatma Yıldırım vurğulayıb ki, heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz.