Heç kəsi güllələməmişəm

İcra başçısının oğlu açıqlama verdi

36

Mübariz Ağayevin oğlu Hüseyn Ağayev: “Mən heç vaxt “Atlant”-da olmamışam. Belə bir şey baş verməyib”

XALQ.AZ xəbər verir ki, bu sözləri Quba rayon İcra Hakimiyyətinin  başçısı Mübariz Ağayevin oğlu Hüseyn Ağayev bu gün elektron mediada yayılan xəbərlə bağlı öz fikrini söylədi:

“Mən heç vaxt “Atlant”-da olmamışam ve heç kəsi  güllələməmişəm.  Bu yalan məlumatdır. Hansı dövürdə yaşayırıq ki, bu qədər camaatın içində mən adam güllələyim. Mənə elə tərbiyyə etməyiblər ki, hər kimləsə konfliktim olsun. Mən dövlət qulluqçusuyam vətənimə prezidentimə xidmət edirəm. Çox ayıb olsun o jurnalistlərə ki, bu yalan məlumatı yayırlar. Dünən ordumuzun əsgərləri cəbhədə şəhid  olub bu gündə  xəbərlərdə oxudum ki, cəbhədə yenə atışmadır və şəhid olanlar var. Bu xəbəri yayımlasınlar erməni güvvələrinə çalışan bəzi jurnalistlər. Yoxsa mən bu hadisələr olan günü istirahətə gedim əylənib bu heç də mənim xarakterimə uyğun deyil.  Sizə məlumat verim ki, mən 2 gündür Qubadayam və ailəmin yanındayam. Bu yayılan xəbərlər yalandır. İnanırma ki, bu günlərdə  jurnalistlər daha diqqətli olmalıdırlar, çünki cəbhədən gələn xəbərlər heç də ürək açan deyil”.

Xəbərlə bağlı əməkdaşımız “Atlant”  istirahət mərkəzi ilə əlaqə saxlayıb. Tural adlı inzibatçı bildirdi ki, mərkəzimizdə heç bir hadisə baş verməyib. Dünən gecə saat 23.30-dək mən işdə olmuşam və belə hadisə olmayıb, gecə növbətçiləri Məcid və Mətin bildirdilər ki, bu xəbər yalan məlumatdır. Gecə növbəsi zamanı heç bir dava və güllələnmə olmayıb. Əməkdaşımıza verilən məlumata görə Hüseyn Mübariz oğlu Ağayev heç vaxt Atlant istirahət mərkəzinin müştərisi olmayıb.

Yayılan xəbərlərlə bağlı Yalama polis idarəsinin növbətçi hissəsində Laçin Bəkirov adlı polis əməkdaşı bildirdi ki, belə hadisə qeydə alınmayıb. Yalama polis idarəsinin sahə inspektoru polis kapitanı Qurban Mütəllimov bildirdi ki, gecə növbətçi olmuşam və heç bir hadisə olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sözçüsü Orxan Mansurzadə ilə əlaqə saxladıq. O, XALQ.AZ-a bildirdi ki, bu barədə məlumatı yoxdur.

Məlumatla bağlı araşdırmalarımız davam edir.