“Heydər Əliyev irsinin öyrənilməsi” tədbiri keçirilib

YAP Yasamal rayon təşkilatında bu mövzuda dərslərin başlanması ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin başlanması ilə bağlı tədbir keçirilib. 

XALQ.AZ əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstünün önünə qızılgül dəstələri düzüblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayaraq “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin Ümummilli Liderin zəngin irsinin araşdırılmasına, öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına həsr olunduğunu bildirib. 
Çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. O, Ulu Öndərin təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb. 

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, partiyanın “qızıl fondu” olan “91-lər”in üzvü Şahlar Əsgərov ulu öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi ötən əsrin 70-ci illərinin və 80-ci illərin əvvəllərinin yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qaldığını bildirib. 

Milli Məclisin deputatı Sadiq Qurbanov çıxışında Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri olan azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsinin, milli özünüdərkin inkişafının, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsinin vacibliyini vurğulayıb. 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elnur Allahverdiyev isə dünya analitiklərinin böyük önəm verdiyi milli mədəniyyətin təbliği siyasətini ulu öndər Heydər Əliyevin hələ sovet dövründə özünəməxsus tərzdə həyata keçirdiyini, Azərbaycanı dünyada məhz milli dəyərləri, tarixi, mədəniyyət özəlliyi ilə tanıtdığını söyləyib. 

Daha sonra müzakirə formatında davam edən görüşdə məktəblilərin sualları cavablandırılıb, təklifləri dinlənilib. Məktəblilərin sualları cavablandırılıb. 
Sonda məktəblilərlə xatirə şəkli çəkilib.