Heydər Əliyev və Azərbaycançılıq ideologiyası

 

51

Yeni Azərbaycan Partiyasının (YAP) Partiyadaxili inkişaf və intizam komissiyasının təşəbbüsü ilə  “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda Dəyirmi masa keçirilib.Xalq.az  xəbər verir ki, tədbirdə komissiyanın üzvləri, millət vəkilləri, qəzet baş redaktorları və partiyanın fəal gəncləri iştirak ediblər.

YAP-ın İdarə Heyətinin üzvü, komissiyasının sədri Kərim Kərimov bildirib ki, hər bir müstəqil dövlətin özünəməxsus milli ideologiyası-dövlətçilik ideologiyası mövcuddur və milli ideologiya dövlətin daxili və xarici siyasətinin əsasını təşkil edir: “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını Azərbaycançılıq təşkil edir. Azərbaycançılıq ideologiyası partiyamızın proqramının üçüncü əsas prinsipi olmaqla özündə milli, mənəvi və ümumbəşəri dəyərlərini əks etdirir. Milli ideologiyamızın tarixi kökləri və təkamülü əski çağlarla, xüsusilə XX əsrin əvvəllərindəki milli azadlıq mübarizəsi tarixi ilə səsləşsə də, əslində müstəqil Azərbaycanın milli dövlətçilik ideologiyasının müasir konsepsiyasının əsas müddəaları  Azərbaycanın memarı, qurucusu, özünün intellektual potensialında Şərq və Qərb dəyərlərini uğurla birləşdirən Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.  Ulu Öndər Azərbaycanlıların I Qurultayındakı çıxışında “Azərbaycançılıq” sözünün mahiyyətini belə açıqlayıb: “Biz azərbaycanlılarıq. Hamımızın vətəni Azərbaycandır. Bu torpaq bizi xalq kimi, millət kimi, şəxsiyyət kimi böyüdüb. Ona görə də hər birimizin varlığında Azərbaycançılıq ruhu yaşayır. Azərbaycançılıq ruhu, Azərbaycançılıq ideologiyası bizi bir-birimizlə daha sıx bağlayan, birliyə sövq edən amildir. Müstəqil Azərbaycanın ideologiyası Azərbaycançılıq ideologiyasıdır”.

K.Kərimov qeyd edib ki, Azərbaycanın müstəqil dövlət kimi milli ideologiyası YAP-ın məramnaməsində öz əksini tapıb.  Komissiya sədri bildirib ki, Ulu Öndərin siyasi varisi Azərbaycan prezidenti İlham Əliyevin son 10 illik fəaliyyəti dövründə istiqlalımızın, müstəqilliyimizin simvolu olan dövlət bayrağımız haqqında dünyaya səs salan çox mühüm qərarlar qəbul edib: “Ölkə başçısı 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, 2009-cu ilin 17 noyabrında isə Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamlar imzaladı”.

K.Kərimov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev və onun siyasi varisi Prezident İlham Əliyev dövlətimizin qorunub  saxlanılmasının, onun dönməzliyinin təmin edilməsini özlərinin müqəddəs, prioritet, vəzifəsi sayıblar.