Heydər Əliyev – Zəmanəni qabaqlayan fenomen

“Heydər Əliyev həm sovet dövründə, həm müstəqilliyin ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir… Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda biz ən sonuncu yerlərdə idik. O, Azərbaycanı böyük inkişafa doğru apararaq ən qabaqcıl yerlərə qədər ucaltdı”.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Aydın HÜSEYNOV, Milli Məclisin deputatı

Müasir müstəqil Azərbaycanın banisi Ümummilli lider Heydər Əliyev zamana qalib gələn şəxsdir. Çünki adətən insanlar həyatını dəyişdikcə tədricən unudulurlar. Amma Ulu Öndər zamana qalib gələrək, əksinə, vaxt ötdükcə insanların yaddaşlarında daha möhkəm qalmağı bacarır. Onun adı gələndə gözümüzün qarşısında müdrik, zəngin təcrübəyə malik, dünya siyasətində seçilən şəxsiyyət canlanır. Ulu Öndər bütün dünyada tanınan şəxsiyyətlərdəndir. Azərbaycanın bugünkü inkişafının təməlində Heydər Əliyevin misilsiz xidmətləri dayanır. Ümummilli liderin müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatına fəal dövlət rəhbəri kimi daxil olmuşdur. 1969-cu ildən başlayaraq bu möhtəşəm insanın keçdiyi həyat yolu, çoxşaxəli və məqsədyönlü fəaliyyəti Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, ölkəmizi öz hüdudlarından kənarda tanıtmış, beynəlxalq miqyasda ölkəmizin nüfuzunu xeyli dərəcədə yüksəltmişdir. Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, bacarıqlı siyasətçi və diplomat kimi bütün dünyada özünü tanıtmış, dünya miqyaslı siyasətçilər siyahısında ön cərgələrdə yer tutmuşdur. Dahi rəhbərimiz və ulu öndərimiz Heydər Əliyevin adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır.

Dünyada tanınmış bir çox ekspertlərin fikrincə, Heydər Əliyev məharətli və uzaqgörən siyasətçi olmaqla yanaşı, dövlətçilik təcrübəsində də dövlət idarəçiliyinin fenomeni kimi daim yaşayır. Azərbaycanın son illər ərzindəki nailiyyətləri və davamlı yüksək templi inkişafı buna açıq-aydın sübutdur.

Heydər Əliyevin siyasi taleyi

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinə rəhbərliyi dövründə xalqın böyük bir nəslini milli-dövlətçilik ruhunda yetişdirmiş liderdir. Azərbaycan tarixinin iki son dərəcə mürəkkəb və keşməkeşli mərhələsində respublikaya rəhbərlik edərək ölkənin sosial-iqtisadi yüksəlişinə nail olan dövlət adamıdır. Azərbaycanın real müstəqilliyini təmin edən siyasətçidir. Vətənin hər abadlıq nişanəsində möhtəşəm izləri olan dövlətçilik memarıdır.

Heydər Əliyev çox maraqlı siyasi taleyi olan liderlərdəndir. O, iki dəfə Azərbaycana rəhbərlik edib. Hər dəfə də Ulu Öndərin hakimiyyət rəhbərliyinə gəlişini dövr, zəmanə, yaranmış tarixi zərurət özü aktuallaşdırıb. Bu mənada, Heydər Əliyev zəmanənin özünün yetirdiyi liderdir. “Siyasi taleyi maraqlı olan lider” ifadəsini isə ona görə qeyd etdim ki, bu dahi şəxsiyyət Azərbaycanda siyasi hakimiyyətə gəldiyi iki dövrün heç birində öz sələflərindən qurulu bir dövləti, abad ölkəni, uğurlu iqtisadiyyatı, ürəkaçan sosial-iqtisadi şəraiti təhvil almayıb. Əksinə, özündən əvvəlkilər onun öhdəsinə saysız-hesabsız problemlər, tənəzzülə uğrayan iqtisadiyyat, cəmiyyətdə ruh düşkünlüyü, mənəvi aşınma, gələcəyə inamsızlıq qoyub gediblər.

Müəyyən problemləri olan irili-xırdalı hər hansı quruma rəhbər vəzifəsinə təyin edilən və qarşısında bu problemlərin həlli vəzifəsi qoyulan hər kəsə belə durumlar yaxşı tanışdır. Haradan, nədən başlayacağını, məsələləri necə yoluna qoyacağını, hansı qərarları verəcəyini və bu qərarların necə nəticələnəcəyini müəyyən etmək çətindir. Bəzən insan özü də ətrafındakı problemlərin girdabında qərq olduğunu, heç cür çıxış yolu tapa bilmədiyini və vəziyyətə təslim olmaq həddinə çatdığını hiss edir, inamsızlığa qapılır. Üstəlik də sənə inanıb güvənən milyonlarla insan qısa zamanda fəaliyyətindən nəzərəçarpacaq nəticələr gözləyir. Bu gözləntiləri ancaq Heydər Əliyev kimi güclü xarakterə, tükənməz enerjiyə, xalqı səfərbəretmə və inandırma gücünə malik iradə sahibləri doğrulda bilərdi. O, Azərbaycana rəhbərliyinin hər iki dövründə bunu bacardı!

Xalqın adamı

Hələ sovet dövründə ümummilli lider Heydər Əliyev iqtisadiyyatı böhran dövrünü yaşayan, bir sıra göstəricilərinə görə keçmiş ittifaq respublikalarından geridə qalan bir ölkənin rəhbərliyinə gəlmişdi. Həmin dövrdə Azərbaycanın mərkəzi şəhərlərindəki kosmopolit ruh tüğyan edir, xalqın milli-mənəvi dəyərləri sıxışdırılıb sıradan çıxarılır, idarəçilik aparatında ziyanlı meyllər artır, əhali, xüsusilə əməkçi kənd sakinləri çox kasıb vəziyyətdə dolanırdı. Ölkənin yaşadığı bu sosial-iqtisadi, mənəvi böhranı hər kəs gündəlik həyatında hiss edirdi. Onu da görürdük ki, ölkəyə rəhbərlik edənlər, müxtəlif strukturlarda dövlət vəzifələrini həyata keçirənlər getdikcə xalqdan necə uzaq düşməkdədirlər. Yad meyillər, ünsiyyət dili, mədəniyyət və maraqlar fərqi, həyat tərzləri arasında balansın getdikcə daha da pozulması, sadə insanlara yuxarıdan aşağı münasibət dövlət təsisatları və məmurlarla xalq arasında böyük uçurum yaratmağa başlayırdı. İlk baxışdan, guya, hər şey qaydasında görünürdü. Partiya, vahid sovet sistemi hər şeyi tənzimləyirdi. Hamının bərabərliyini, hər kəsə ədalətli münasibəti, guya, təmin edirdi. Amma bir qədər mahiyyətinə varan kimi anlayırdın ki, çox şeylər öz yerində deyil, üstəlik durum getdikcə daha da acınacaqlı miqyas almaqdadır.

Ölkəyə rəhbərliyinin ilk günlərindən barəsində formalaşan qənaətlər bundan ibarət idi ki, Heydər Əliyev böyük zəka sahibidir. Sadə, zəhmətkeş xalqın arasından çıxaraq gərgin əməyi, zəkasının gücü, peşəkarlığı, ən mühümü isə dürüstlüyü ilə vəzifə pillələrində addım-addım irəliləmiş bir dövlət xadimidir.

Tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin qiymətləndirilməsində ən obyektiv istinad yeridir. Bu mənada, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür.

Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, “dövlət-vətəndaş” birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib.

Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə Ulu Öndərin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olub. Beləliklə, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və tarixi şərait baxımından tamam fərqli olan dövrlər sadəcə eyni missiyanın, biri-birini tamamlayan iki mərhələsi kimi qiymətləndirilə bilər.

Dünya siyasət arenasında unudulmaz şəxsiyyətlərdən olan Heydər Əliyev kimi dahilər, dünyanın böyük şəxsiyyətləri həmişə adi insanların yaşadığı həyat tərzinin fövqündə dururlar. Ulu Öndər insanların həyat yoluna işıq saçan təfəkkür və mənəviyyat sahibi idi. Hərəkətləri sadə olsa da, bunun arxasında həmişə böyük məna durardı. Ulu Öndər böyük ideyaya malik idi. Atdığı addımlar, yeritdiyi siyasət, istifadə etdiyi diplomatik üsullar onun uzaqgörənliyini, strateji təfəkkürə sahib olduğunu təsdiq edirdi. Beynəlxalq müstəvidə dünya liderləri də Heydər Əliyevi zəmanəni qabaqlayan dünya miqyaslı dövlət xadimi kimi qəbul edirlər.

Ümummilli Lider Heydər Əliyevin idarəçiliyinin ən mühüm xüsusiyyəti Azərbaycanın bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyması, sözün əsl mənasında, öz intibah dövrünü yaşaması olub. İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri olduğunu aydın görən Ulu Öndər ölkənin istehsal potensialının mühüm hissəsinin ittifaq şəbəkəsindən ayrılaraq əsaslı şəkildə müstəqilləşdirilməsi, sənaye potensialının gücləndirilməsi, təhsil sahəsində yeni inkişaf mərhələsinin əsasının qoyulması, xalqın gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması kimi möhtəşəm nailiyyətlərə imza atıb.

Fəaliyyəti ilə zaman və məkanın fövqündə dayanan tarixin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi Ulu Öndər Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük fədakarlıq göstərib. Bunun ən bariz nümunələrindən biri də Ulu Öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığı təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı-varis yetişdirməsindədir. Bu gün Ümummilli Liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Bu siyasətin təməlində isə Azərbaycan dövlətinin güclənməsi, onun müstəqilliyinin qorunması, iqtisadiyyatının inkişafı və əhalisinin maddi rifah halının yaxşılaşması durur.

Ulu Öndər Heydər Əliyevin idarəçilik ənənələrini yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirən cənab İlham Əliyev xalqın problemlərinə, arzu və istəklərinə həssaslıqla yanaşır və bunu bütün məmurların qarşısında zəruri tələb kimi qoyur. Fəaliyyətində xalqına güvənən, arxalanan dövlət başçısı xalqa xidmətdən böyük şərəf duyur. “Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı” – deyən ölkə başçısı idarəçilikdə, fəaliyyətdə, düşüncədə yenilik və sivil dəyərlərin tətbiqini zəruri sayır.