“Heydər Əliyevin adı tariximizə müasir Azərbaycanın qurucusu kimi qızıl hərflərlə yazılıb” – Deputat

Bu gün inkişafına görə regionun lider dövləti olan Azərbaycan beynəlxalq platformalarda da öz sözünü deyir. Azərbaycan nüfuzlu xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş, lider ölkə kimi qəbul edilir. Heç şübhəsiz, ölkəmizin bu uğurlarının arxasında məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi xətt dayanır.

Bunu  Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, bu il anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin adı tariximizə müasir Azərbaycanın qurucusu kimi qızıl hərflərlə yazılıb. Azərbaycan Prezidenti İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bəyan etdiyi kimi, Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan xalqı vəziyyətdən xilas yolunu yalnız Ulu Öndər Heydər Əliyevdə görürdü və ən çətin vaxtda onu ölkə rəhbərliyinə dəvət etdi. 1993-cü ildə Azərbaycanda hökm sürən təlatümlü vəziyyətdə Heydər Əliyevin respublikaya rəhbərliyi öz üzərinə götürməsi çox cəsur addım idi.

Bu gün rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyini vurğulayan V.İskəndərov deyib ki, Ümummilli Lider, həmçinin Azərbaycanın dövlətçilik ənənələrini yaradıb, ölkəni inkişaf yoluna yönləndirib. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət ötən 30 il ərzində bizə çoxsaylı uğurlar bəxş edib və həmin siyasət bu gün də Azərbaycanı irəliyə aparır.

“Dövlətimizin başçısı İlham Əliyev Çinin media korporasiyasına müsahibəsində vurğulayıb ki, ötən 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb – dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı. Buraya olduqca fəal regional siyasətin həyata keçirilməsini də əlavə etmək olar. Əlbəttə, müstəqilliyimizin ilk günlərindən əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Buna da iki ildən bir az artıq əvvəl nail olunub. Təbii ki, Ulu Öndər Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub və bu gün mən olduqca şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir. Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub”, – deyə deputat diqqətə çatdırıb.