“Heydər Əliyevin dönüş nöqtəsi, yeni bir mərhələ oldu”

15 iyun Milli Qurtuluş Günü – hər bir azərbaycanlının iftixarla xatırlayacağı, ölkəmizin parçalanma, yox olma təhlükəsindən xilas olduğu bir gündür.

Bunu XALQ.AZ-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, 1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı uzun illər həsrətində olduğu müstəqilliyini qanı bahasına yenidən bərpa etdi:

“Bu, ölkəmizin və xalqımızın həyatında dönüş nöqtəsi, yeni bir tarixi mərhələ idi. Lakin təəssüflər olsun ki, bu tarixi hadisə heç də istədiyimiz nəticəni vermirdi. Müstəqilliyimizin elə ilk illərindəcə ölkəmiz çox böyük sınaqlar, çətinliklər, bəlalarla üz-üzə dayandı. O vaxtki hakimiyyətin siyasi səriştəsizliyi, idarəetmə bacarığının olmaması ölkəmizdə dərin siyasi və iqtisadi böhranın yaranmasına səbəb olmuşdu və ölkəmizin parçalanmasına, bir dövlət kimi yox olmasına zəmin yaranmışdı.

Bir tərəfdən isə Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın bir hissəsini işğal etməsi vəziyyəti daha da çətinləşdirirdi. Hakimiyyətin başı isə daxili siyasi çəkişmələrə, vəzifə uğrunda mübarizəyə, dövlət əmlakının mənimsənilməsinə qarışmışdı və bu acınacaqlı vəziyyət ölkəmizi hər gün biraz daha uçuruma sürükləyirdi. Ayrı-ayrı silahlı qruplaşmalar bəzi siyasi “lider”lərin rəhbərliyi altında hakimiyyət uğrunda mübarizəyə cəlb olunmşdu.

Siyasi böhranla yanaşı ölkədə hökm sürən iqtisadi tənəzzül, ərzaq qıtlığı insanların sosial durumunu olduqca çətin vəziyyətə salmışdı və bütün bunlar xalqın bu gündən sabaha ümidini, inamını qırmışdı”.

A.Həsənova bildirib ki, məhz belə bir vaxtda xalq çətin vəziyyətdən çıxış yolunu Vətənini, xalqını sevən Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində gördü:

“Xalqımız bu tələblə küçələrə çıxmağa başladı. Xalqımız çox yaxşı başa düşürdü ki, ölkəni bu ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi cəsarətli, uzaqgörən, zəngin dövlətçilik təcrübəsinə malik bir rəhbər çıxara bilər. Ulu öndər xalqın səsinə səs verdi və bu çətin və məsuliyyətli vəzifəni üzərinə götürdü. Beləliklə 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi, yeni bir mərhələ oldu.

Bütün həyatını xalqına və dövlətinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla yanaşı müstəilliyimizin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Heydər Əliyev tərəfindən atılan çevik və əməli addımlar nəticəsində ölkədə qısa müddət ərzində ictimai-siyasi sabitliyə nail olundu, qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı”.

Müstəqil Azərbaycanın siyasi inkişaf dövrü haqqında danışan A.Həsənova vurğulayıb ki, ictimai-siyasi sabitliyə nail olduqdan sonra Azərbaycanın demokratik dəyərlər əsasında dayanıqlı inkişafını təmin etmək istiqamətində ümummilli lider tərəfindən atılan ən mühüm addımlardan biri də müstəqil Azərbaycanın yeni Konstitusiyasının qəbulu oldu:

“1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı. Çox qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, layihə hazırlandı və ictimai müzakirəyə təqdim olundu. Geniş ictimaiyyətin iştirakı ilə həyata keçirilən müzakirələrdən sonra Konstitusiya layihəsi 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) 91,9 % səslə qəbul edildi.

Bu Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsinin qəti qələbəsi idi”.

Xarici siyasət prioritetlərinin müəyyən edilməsi və beynəlxalq münasibətlərin qurulmasına toxunan deputat bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri də milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi:

“Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici siyasət kursunun müəyyən edilməsi zərurəti yaranmışdı. Ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti və mənfi imici aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.

Qısa müddət ərzində bir çox ölkələrlə qarşılıqlı səmərəli əməkdaşlıq quruldu. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirməyə başladı, ölkəmiz Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilməyə yön aldı. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı”.

A.Həsənova vurğulayıb ki, bütün sahələrdə olduğu kimi müstəqil Azərbaycanın iqtisadi inkişafı üçün mühüm işlər görülməyə başlanıldı:

“Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə, o cümlədən ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı.

Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.

İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə Ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edildi, 100-dən çox fərman və sərəncam imzalandı, 30-a yaxın dövlət proqramı təsdiq edildi.

O cümlədən yeni neft strategiyası Azərbaycanın həm siyasi, həm də iqtisadi inkişafında çox böyük rol oynadı. 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu. “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu.

Bütün qeyd olunanlar ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın möhkəmlənməsi və inkişafı istiqamətində gördüyü işlərin çox cüzi bir hissəsidir. Bu gün müstəqil Azərbaycan dövlətində təhlükəsiz və firavan şəraitdə yaşadığımıza görə məhz ümummilli lider Heydər Əliyevə borcluyuq.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, regionun lider dövlətinə çevrilib, beynəlxalq aləmdə mövqeləri xeyli möhkəmlənib. Hər bir Azərbaycan vətəndaşı ölkəmizdə gedən inkişafın müsbət nəticələrini öz həyatında hiss edir”.