Heydər Əliyevin humanizm ideyaları fəaliyyətimizin prioritetidir

Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın əbədiyaşar lideri Heydər Əliyevin 34 illik siyasi fəaliyyətinin təməlində xalqımızın yüksək mənəvi keyfiyyətləri dayanmışdır. İnsanlara xeyirxahlıq etməyi, yaxşılıq göstərməyi, ədalət və mərhəmət  kimi dəyərlərə önəm verməsi ilə fərqlənən Ulu Öndər real həyatda bunu təcəssüm etdirən addımlar atmışdır. Anadan olmasının 98-ci ildönümü ərəfəsində hər birimiz bir daha Heydər Əliyevin əziz xatirəsinin qarşısında baş əyirik.

98-ci ildönümündə hər birimiz Heydər Əliyev barədə danışmağa, söz deməyə  ehtiyac duyuruq. Fikirlərimə Ulu Öndərin siyasi fəaliyyətində və dövlət quruculuğu təlimində əsas götürdüyü mənəvi keyfiyyətlər, humanizm prinsipləri barədə söz açmaqla başlamağım təsadüfi deyil. Çünki rəhbərlik etdiyim Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) hər bir üzvü, sayı on minlərlə ölçülən könüllüləri öz missiyalarını yerinə yetirərkən ilk növbədə məhz xeyirxahlıq, insanpərvərlik və vətənpərvərlik kimi yüksək mənəvi  keyfiyyətlərə söykənirlər. Biz öz işimizdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın ən gözəl nümunələrlə zənginləşdirdiyi humanizm prinsiplərini rəhbər tuturuq.

Bəli, Ulu Öndərin əbədiyaşar xatirəsinin, həmişəyaşar ideyalarının işığında humanizm prinsiplərinin cəmiyyətimizə gətirdiyi faydalar daha aydın və əhəmiyyətli görünür. AzQAC-ın ictimai təşkilat kimi inkişafında və öz fəaliyyətini uğurla həyata keçirə bilməsində Heydər Əliyevin cəmiyyətimizdə xeyirxahlıq və humanizm ənənələrini daha da möhkəmləndirməsi böyük rol oynamışdır.

Müstəqilliyimizin bərpasının ilk illərində AzQAC öz fəaliyyətini həyata keçirsə də, lazımi hüquqi bazanın olmaması, ölkədəki gərgin vəziyyət təşkilatın mövcud humanitar problemlərin həllində iştirakında çətinliklər yaradırdı. Yalnız Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra AzQAC inkişaf dövrünə qədəm qoydu və qurumun fəaliyyətində yeni mərhələ başlandı. Təsadüfi deyil ki, Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından qısa müddət sonra, 1994-cü ildə AzQAC milli qurum kimi dövlət tərəfindən tanındı. Sonrakı illərdə də Heydər Əliyev təşkilatımızın fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi üçün diqqət və qayğısını əsirgəmədi. Heydər Əliyevin 12 mart 2003-cü il tarixdə AzQAC-ın XX qurultayına təbrik məktubu isə Ulu Öndərin bu qurumun fəaliyyətinə verdiyi yüksək tarixi qiymət idi. “Qızıl Aypara Cəmiyyəti bu gün öz qüvvələrini səfərbər edərək, müstəqil Azərbaycan Respublikası qarşısında duran vəzifələrin yerinə yetirilməsində yaxından iştirak edir. Ermənistanın respublikamıza qarşı yeritdiyi işğalçılıq siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllində, əsir və girovların azad edilməsi və reabilitasiyasında Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti təqdirəlayiqdir”, – deyə Ulu Öndər bildirmişdi.

2003-cı ildən Heydər Əliyev siyasi yolunu layiqincə və inamla davam etdirən Prezident İlham Əliyev də həmişə AzQAC-ın fəaliyyətini yüksək qiymətləndirmişdir. Dövlət başçısının diqqət və qayğısının nəticəsi olaraq təşkilatımız bir çox ölkələrdəki analoji qurumlarla müqayisədə inkişaf etmiş, yüksək səviyyədə təchiz olunmuşdur. Xüsusilə qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin respublikamıza ilk dəfə rəhbərliyə başlayandan qısa müddət sonra imzaladığı sərəncamlardan biri AzQAC-a dövlət qayğısının artırılması ilə bağlı idi. 2004-cü ilin yanvar ayında imzalanan sərəncamla yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarına tövsiyə edilirdi ki, AzQAC-a yerli təşkilatlarının sosial, tibbi-sağlamlıq və xeyriyyəçilik proqramlarının həyata keçirilməsinə kömək etsinlər.

2007-ci ildə “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” qanunun qəbulu da Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü nəticəsində reallaşdı. Bu qanun təşkilatın statusunun, hüquqlarının və fəaliyyət istiqamətlərinin, dövlət və yerli özünüidarə orqanları ilə qarşılıqlı münasibətlərinin hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm addım oldu. Prezident İlham Əliyevin 2008-ci il aprelin 7-də imzaladığı sərəncamla isə hər il martın 10-u Azərbaycanda Qızıl Aypara Günü kimi qeyd olunur. Cəmiyyətin yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, üzvlərimizin orden və medallarla təltifi fəaliyyətimizə verilən ali dəyər olmaqla bizləri humanizm və xeyriyyəçilik kimi missiyamızı daha inamla həyata keçirməyə yüksək stimul verir.

Ulu Öndər Heydər Əliyevin anadan olduğu tarix – may ayının 10-u Azərbaycanda həm də başqa bir əlamətdar hadisənin – məramında xeyriyyəçilik və humanizm dəyərləri dayanan Heydər Əliyev Fondunun yarandığı gündür. Heydər Əliyev Fondunun yaranması və bu quruma birinci xanım Mehriban Əliyevanın uğurlu rəhbərliyi Azərbaycanda xeyriyyəçilik institutunun daha da inkişafına böyük təkan vermişdir. Heydər Əliyev Fondunun xətti və Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların, o cümlədən uşaqların, yaşlı vətəndaşların dəstəklənməsinə yönəlmiş çoxsaylı proqramların, müxtəlif sosial layihələrin təməlində də məhz xeyirxahlıq və humanizm kimi yüksək mənəvi dəyərlər dayanır. Bütövlükdə, Mehriban Əliyevanın, o cümlədən  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsləri ilə həyata keçirilən proqramlar və layihələr ən gözəl xeyriyyəçilik və humanizm nümunələridir.

Onu da qeyd edim ki, mayın 8-i dünyada Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü kimi qeyd olunur. Biz  Şuşa şəhərinin həmin tarixdə işğal edilməsi səbəbindən indiyədək Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Gününü qeyd edə bilmirdik. Qarabağın döyünən ürəyi, tacı, qədim Azərbaycan yurdu Şuşanın işğal altında olması hər birimizin sağalmaz mənəvi yarası idi. Amma indi vəziyyət dəyişib, ötən ilin 44 günlük Vətən müharibəsində tarixi Qələbəyə imza atan Azərbaycan Ordusu Şuşanı da işğaldan azad edib. Şuşanı azad etməklə Prezident, Ali Baş Komandan İlham Əliyev mənəvi yaramızı sağaltdı, qürurumuzu özümüzə qaytardı, millətimizi başıuca etdi.

Beləliklə, biz son 30 ildə və həm də müstəqilliyimiz dövründə ilk dəfədir ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Gününü ürək dolusu ilə qarşılayırıq. Bu, sıralarında 350 minə qədər üzvü, 30 minədək könüllünü birləşdirən AzQAC-ın fəaliyyətinə böyük stimul verir.

AzQAC bundan sonra da Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu humanizm ideyalarından ilham alacaq və ən yüksək milli-mənəvi dəyərlərimizə söykənərək Azərbaycan dövlətinə və xalqına layiqincə xidmət edəcək.

Novruzəli ASLANOV,

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti,

Milli Məclisin deputatı