Heydər Əliyevin müstəqillik strategiyası

Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. 
Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!
Heydər Əliyev 
Ümummilli lider

 

1993–2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Heydər Əliyev bir daha göstərdi ki, ən ağır, böhranlı vəziyyətdən çıxış yolu var.
2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti yaşayır, yeni formalarla zənginləşir, Azərbaycan inkişaf edir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ümumxalq işinə xidmətdə formalaşıb zənginləşmiş bioqrafiyasına ümumdünya tarixi proseslərinin inkişafı kontekstində yanaşanda onun bənzərsiz şəxsiyyəti bütün əzəməti ilə gözlərimiz önündə canlanır. Tarixin dövlətçilik praktikasından öyrəndiyi və böyük təcrübəsi ulu öndərin çoxşaxəli, titanik fəaliyyətində bütün spektrləri ilə öz əksini tapmışdır. 
Milli lider və bəşəri şəxsiyyət meyarlarını fəaliyyətində üzvi şəkildə qovuşdurmuş nadir siyasətçilərdən olan Heydər Əliyevin adı ümumdünya tarixinə rəhbərlik etdiyi ölkəni dünyanın qlobal siyasi inkişafının dinamikasına qoşan, bu əlaqəni onun hərəkətverici qüvvəsinə çevirən yaradıcı siyasətçi kimi yazılmışdır. Heydər Əliyev şəxsiyyəti ilə Azərbaycanın müstəqilliyi, onun dünya birliyindəki yeri arasındakı birbaşa əlaqə milli və ümumbəşəri dəyərlərin harmoniyasını yaratmağın güclü potensialına əsaslanmaqla qurulmuşdur. Azərbaycanın ümummilli liderini yetişdirən tarixi və çağdaş mühitin bütün təfərrüatlarını, amillər toplusunu göz önünə gətirdikcə bu həqiqətin təkzibedilməz olduğunu yəqin edirsən.
Vaxtilə Azərbaycana rəhbərlik etmiş adamlardan heç biri ölkədə gedən tarixi-siyasi proseslərin mahiyyətini, milli-mədəni münasibətlərin formalaşma qanunauyğunluqlarını və prinsiplərini Heydər Əliyev qədər dərindən duya və bu sahədə, bu təməl üzərində ideologiya yarada bilməmişdi. Ulu öndərin bu önəmli məsələyə münasibəti aydın və mükəmməl idi: “Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xüsusiyyətləri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlıdır”. — Azərbaycan liderinin milli ideolağiya ilə aşılanmış müstəqillik strategiyası Azərbaycanın gələcək yolunu işıqlandıran gur və əbədi mayakdır.
Ümummillil lider Heydər Əliyev Azərbaycan müstəqillik epoxasının başlanğıcında, bu mübarizənin həlledici anında özünü Vətəninin harayına yetirən qalib sərkərdə olaraq ölkəmizi gerçək fəlakətdən uçurumun lap qırağında tutub saxladı və Vətinimizə bir daha düşmən iradəsinə təslim olmamaq qüdrəti verdi. Böyük siyasətdə zirvəyə yüksəlmiş ulu soydaşımız Azərbaycan ətrafında hörümçək toru kimi qurulmuş böyük bir riyakarlıq tələsini sındırdı və ölkəmizi bir daha çaşqınlıqlara uğramadan, yabançı təsirlərlə yolundan sapmadan özünəməxsus bir siyasi realizmə yönlətdi, müstəqil dövlət quruculuğuna start verdi. Bu, Azərbaycanın Heydər Əliyev potensialı idi. Heydər Əliyevin Azərbaycan potensialını oyatmaq, səfərbər etmək, istiqamətləndirmək, onu tükənməz yaradıcı enerjiyə çevirmək missiyasını şərəflə yerinə yetirməsi isə artıq tarixin milli taleyimizə yazdığı real salnamədir.
Xalqımızın gerçək lideri Heydər Əliyev 1993-cü ilin böhranlı yayında yenidən hakimiyyətə gəlişi ilə ölkəmizin düşdüyü çıxılmaz vəziyyətə son qoydu. Ulu öndərin böyük siyasi məharəti ilə uzunmüddətli sabitləşmənin, müasir milli dövlətçilik prinsiplərinin təməli yaradıldı, ölkəmizin daxili və xarici siyasəti bir-birini tamamlayan davamlı strateji məqsədlər üzərində quruldu. Azərbaycan tədricən özünə güclü etibarlı dostlar qazandı, qlobal siyasi səhnədə bir sıra rəqib mövqeləri kifayət qədər neytrallaşdırdı. Bir sözlə, milli inkişaf yolunda sabit irəliləyiş və sıçrayışlı hərəkət üçün bütün ilkin zəruri şərtləri həyata keçirdi. Bu isə ölkənin siyasi rəhbərinə imkan verdi ki, beynəlxalq arenada daha qətiyyətli manevrlər edə bilsin.
Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev bu sarsılmaz mövqeyini ölkəmizdə də, dünyanın hər bir nöqtəsində də, xüsusilə ən yüksək beynəlxalq kürsülərdən dilə gətirirdi: “Dövlət müstəqilliyinə nail olmaq Azərbaycan xalqı üçün tarixi hadisədir və o, öz dövlət müstəqilliyini qoruyub saxlamaq və möhkəmlətmək, Azərbaycanın hər hansı bir digər dövlətin hakimiyyəti və tabeliyi altında bir daha olmaması üçün bu müstəqilliyin pozulmasına yol verməmək əzmindədir”.
Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev bu böyük idarəetmə təcrübəsini sovet dövründə Azərbaycana başçılıq etdiyi və SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olduğu illərdə qazanmışdı. Ümumiyyətlə, XX əsrin 50–60-cı illəri  Heydər Əliyevin dövlət təhlükəsizliyi sistemində yüksəlişlə müşayiət olunan fəaliyyəti onun idarəetmə məharətinin formalaşmasında həlledici rol oynamışdır. Məhz bu illərdən sonra respublika rəhbərliyində təmsil olunması Heydər Əliyevə imkan vermişdi ki, sovet dövlətçiliyinin genezisinə, mürəkkəb, ierarxik strukturuna, üstünlük və zəifliklərinə, praktikasının incəliklərinə bələd olsun, cəmiyyətdə böyük nüfuz, dövlət həyatında  etimad qazansın.
Sovet dövlətinin ali rəhbərliyində isə Heydər Əliyev həm də SSRİ ilə rəqabətdə olan dünyanın böyük dövlətlərinin təcrübəsini öyrənmiş, ikiqütblü dünyanın perspektivlərini görə bilmiş, gələcək qlobal kataklizmləri və bəşəriyyətin inkişaf yollarını analiz etmək qabiliyyəti qazanmışdı. Onun bu dövrdəki fəaliyyətinin Azərbaycan miqyasına sığmadığı hələ o zaman bəlli idi. Məhz bu miqyasın “təhlükəsini” nəzərə alaraq, respublikamızın müstəqillik qazanması ərəfəsində onu Azərbaycandan kənarda saxlamağa cəhd göstərmişdilər.
Lakin həyatı və mübarizəsi bütünlüklə öz xalqının köklü maraqları ilə bağlı olan Heydər Əliyev bu niyyətləri alt-üst etməklə ölkəsini dünyanın mütərəqqi siyasi maraqlarının ön cinahına çevirdi. Müstəqil Azərbaycanı qurmaq, onu dünya düzəninə layiq olduğu səviyyədə çıxarmaq  artıq Heydər Əliyevin siyasi fəaliyyətində mütləq bir perspektivə çevrildi, yeni bir mübarizə meydanı açdı. Yetmiş yaşlı ulu öndər tükənməz bir gənclik enerjisi ilə Azərbaycanı yenidən yaratmağın böyük yoluna başladı.
1990–93-cü illərdə dünyanın siyasi meydanında Azərbaycanın yeri yox dərəcəsində idi. SSRİ-dən yenicə ayrılmış bu ölkə Qafqazın siyasi coğrafiyasında müxtəlif qlobal və regional güclərin qarşıdurmasını tənzimləyə bilmir, hədəflərini itirərək tez-tez bu və ya digər qüvvənin təsiri altında məhvərindən çıxır və hər addımında bir qədər də itkiyə məruz qalırdı. Bu büdrəmə və  itkilərin içərisində ən böyüyü  Dağlıq Qarabağın Azərbaycanın nəzarətindən çıxarılması, müharibədə uduzdurulması oldu.
Heydər Əliyev Azərbaycanı “yedək siyasətinin” əlindən aldı və onu müstəqil siyasəti olan bir dövlətə çevirdi. Heydər Əliyev bununla da dünyanın siyasi proseslərinə təsir edən bir şəxsiyyət olduğunu təsdiq etdi. O, Azərbaycanın siyasi iradəsindən asılı olmayaraq dünyada cərəyan edən prosesləri məhz Azərbaycanın xeyrinə, ölkəmizin siyasi-iqtisadi maraqlarının mütləq nəzərə alındığı istiqamətə yönəltdi.  Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev öz milli siyasətinin əsas istiqamətini ölkəmizin ən çətin günlərində də məhz belə bir qətiyyət və əminliklə bəyan etdi:  “Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azərbaycan öz müstəqilliyini qoruyacaqdır. Bu da bir Prezident kimi mənim siyasətimin əsas ana xəttidir”. Dövlət suverenliyi uğrunda mübarizənin bütün məsuliyyətini çiyinlərinə almış ulu öndər ölkəsinin vətəndaşlarını bu amal ətrafında birləşdirərək, onların güclü milli birliyini yaratmaq qüdrətində idi.
Heydər Əliyev BMT-də akkreditə olunmuş dünya dövlətlərinin daimi nümayəndələri – səfirləri ilə görüşdəki çıxışında (Nyu- York, BMT binası, 29 iyul 1997) müasir sivilizasiyalı dövlət anlayışının ən düzgün və mükəmməl tərifini verərək, ölkəsində azərbaycanlılarla yanaşı, bir çox digər millətlərin nümayəndələrinin də yaşamasını, Azərbaycan vətəndaşlarının milliyyətindən asılı olmayaraq bərabərhüquqlu olmasını, bununla da respublikamızın milli siyasətinin nə qədər humanist və dünyəvi olduğunu beynəlxalq ictimaiyyətə çatdırırdı. Heydər Əliyev Azərbaycanın bir müstəqil dövlət olaraq bütün maddi və mənəvi potensialını səfərbər etməklə onun ayrı-ayrı istiqamətlər üzrə inkişaf imkanlarını müəyyənləşdirdi, xüsusilə milli intellektual enerjini yönəltməyi və məharətlə idarə etməyi bacardı.
Xarizmatik və praqmatik lider kimi Heydər Əliyev hər bir azərbaycanlını bu həqiqətə inandıra bildi ki, sənin əcdadların Avrasiyanın ən mürəkkəb bir regionunda, həm də böyük imperiyaların göz dikdiyi həssas siyasi coğrafiyada çoxəsrlik dövlətçilik təcrübəsi olan bir məmləkət, getdikcə zənginləşən və zənginləşdikcə də kökündən ayrılmayan bir mədəniyyət miras qoyublar, onu nəinki yalnız qorumaq, həm də müasir dünyanın ən inkişaf etmiş dövlətləri statusunda tanıtmaq, onun elm və mədəniyyətini çağdaş dünyanın ən mütərəqqi tendensiyalarında irəlilətmək məsuliyyətin və missiyan var. Ulu öndər hər şeydən öncə bu missiyanın mənəvi təməlini – ölkə liderinə inamı yaratdı. Sonra həmin missiyanın reallaşması üçün vacib şərt olan milli konsolidasiya zərurətini irəli sürdü.
Müstəqil dövlətin lideri olaraq ulu öndər ciddi bir səylə çalışırdı ki, təqribən 90 il Rusiya imperiyasının, 70 il Sovet İttifaqının tərkibində yaşamış Azərbaycanın müstəqillik immunitetini nəinki möhkəmlətsin, onun suveren dövlət hüquqlarına beynəlxalq ehtiramı yaratsın, həm də Azərbaycanın bir çox mühüm qlobal məsələlərdə önəmliliyini, hətta liderliyini, “birinciliyini” bir gerçəklik olaraq təsdiq və etiraf etdirsin. Halbuki, çoxları istəyirdi ki, Xəzər regionunda qlobal layihələrin həyata keçirilməsini Azərbaycana diktə olunan, başqa dövlətlərin iradəsi ilə baş tutan bir fəaliyyət kimi təqdim etsinlər.
Heydər Əliyev isə sübut etdi ki, həmin layihələrin start ideyası məhz Azərbaycana məxsusdur və bu ideya müasir dünya siyasəti və iqtisadiyyatının qlobal inkişaf məntiqi, beynəlxalq birliyin iradəsi ilə uzlaşdığı üçün onun reallaşmasının qarşısını almaq, nə qədər canfəşanlıq edilsə də, mümkün olmayacaq. Yaxın tarix böyük siyasətçinin nə qədər uzaqgörən olduğunu bu məqamda da təsdiqlədi.
İyirminci əsrin son, iyirmi birinci əsrin isə ilk onilliyində Cənubi Qafqaz və Xəzər regionunda baş verən tarixi-siyasi proseslər getdikcə Azərbaycanın xeyrinə dəyişdi, ümummilli liderin ideya və əməllərinin ən sadiq davamçısı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkənin inkişafı dönməz xarakter aldı. Bu gün dövlətimizin yürütdüyü siyasətin dünyada qlobal əməkdaşlığa böyük meydan açan pozitiv siyasət kimi dəyərləndirilməsi müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin siyasi kursunun çox ciddi rasional dayaqları olduğuna danılmaz bir sübutdur.
Tarixi zaman və qlobal məkan koordinatlarında Azərbaycan dövlətinin yerini və rolunu dəqiq müəyyən etməyi bacaran dahi lider Heydər Əliyevin milli müstəqillik siyasəti həm də  uzaq bir perspektivə hesablanmış böyük hədəflərə yönəlib. Bu  strareji kurs  sürətlə transformasiya olunan və ağırlıq mərkəzini dəyişən qlobal məkanda, geopolitik münasibətlərin sürətli dinamikasında Azərbaycanın özünəməxsus siyasi mədəniyyət praktikası formalaşdırdığının göstəricisidir. Bu məqsəd həm də dünyada Azərbaycana münasibəti düzgün formalaşdıran bir siyasətin effektiv proseslərini hazırlayır.
Hazırda Azərbaycan dünyanın ən böyük enerji nəqli layihələrinin həyata keçirildiyi bir ölkə timsalında nəinki özünün, eyni zamanda daxil olduğu Qafqaz və Xəzər regionunun dünya birliyinə inteqrasiyasında, Heydər Əliyevin qeyd etdiyi kimi, Şərq – Qərb əməkdaşlığında mühüm rol oynayır. Qlobal siyasətdə Azərbaycan bu gün artıq dünyanın ən mühüm geopolitik mərkəzlərindən biri hesab edilir.
Ümummilli lider Heydər Əliyev qlobal inteqrasiya proseslərində Azərbaycanın məhz belə önəmli iştirakının siyasi texnologiyalarını yaratdı, onun qarşılıqlı faydalanmaya əsaslanan mexanizmlərini irəli sürdü. Cəsarətlə demək olar ki, ulu öndər Heydər Əliyev həm ölkə, həm region, həm də dünya miqyasında ümumbəşəri humanist məqsədlərin konvergensiya nöqtəsini tapan və bu məqamdan müxtəlif fəaliyyət yönlərini istiqamətləndirən, qlobal siyasət və qlobal iqtisadi maraqlarla milli siyasi-iqtisadi maraqların optimal uzlaşmasını yaradan mahir siyasətçi idi.
Məhz belə olduğu üçün “Əsrin müqaviləsi” imzalandı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TAP, TANAP kimi qlobal  layihələr reallığa çevrildi. Neft və qaz nəqli, nəqliyyat və kommunikasiya üzrə digər mühüm layihələrin həyata keçirilməsinə geniş perspektivlər açıldı. Bütün bunların nəticəsi olaraq Azərbaycan indiki inkişaf səviyyəsinə çatdı, regional lider statusu qazana bildi. İnkişafın Azərbaycan modeli anlayışı beynəlxalq siyasi-diplomatik leksikona daxil oldu.
Müasir dünya siyasətinin yaradıcılarından olan Heydər Əliyev qloballaşma proseslərinin, ümumən, beynəlxalq birliklə, Azərbaycanla və onu əhatə edən regionla bağlı bütün başlıca tendensiyalarına fəal münasibətini bildirir və həmin tendensiyaların dərinləşərək dünya birliyini gücləndirməsinə çalışırdı. O, siyasi fəaliyyətinin bu istiqamətində həmişə dünya təcrübəsindən çıxış edirdi: “Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən, təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz”. Heydər Əliyevin milli müstəqillik strategiyasında önəmli yeri olan ümumi tərəqqi xətti beynəlxalq təcrübə mübadiləsinin daim inkişaf etdirilməsini və bunun üçün yeni vasitələrin tapılmasını olduqca vacib amil kimi nəzərdə tutur.
Ulu öndər qlobal inteqrasiyanın elə bir yolunu ümumbəşəri nailiyyətlərin qazanılmasına doğru aparan yol hesab edirdi ki, onun alternativi yoxdur.  Bu, beynəlxalq hüquq çərçivəsində, normal rəqabət mühitində, iqtisadi innovasiyaların qarşılıqlı mübadiləsi, təşviqi şəraitində dünya dövlətlərinin bərabər inkişaf strategiyalarını özündə birləşdirən yoldur. Heydər Əliyev beynəlxalq birliyi, dünyanın hətta müəyyən konfliktdə olan siyasi-iqtisadi güclərini məhz bu yolun reallığına və perspektivlərinə inandıraraq həmin gücləri bir araya gətirə bildiyi üçün “Əsrin müqaviləsi” kimi qlobal layihə baş tutdu. Heydər Əliyevin bu tarixi təşəbbüsü nəinki onun siyasi karyerasında parlaq bir səhifədir, həm də bu, onun iki əsrin qovşağında beynəlxalq iqtisadi və siyasi təhlükəsizliyə, qlobal əməkdaşlığa, Avrasiya sülh proseslərinin məhz Azərbaycan koordinatlarında möhkəm dayaqlar tapmasına böyük töhfəsidir.
Azərbaycan rəhbəri Heydər Əliyev və ABŞ Prezidenti Bill Klinton 29 yanvar 2000-ci il Davos görüşündə bu layihənin beynəlxalq əhəmiyyətini bir daha bəyan edərək, “Əsrin müqaviləsi”indən başlanan uğurlu əməkdaşlığın həm hər iki ölkənin, həm də bütövlükdə dünya iqtisadiyyatının inkişafında irəliyə doğru mühüm bir addım olduğunu qeyd etmişlər. Bill Klinton söyləmişdir: “Mən əminəm ki, Xəzər hövzəsi ölkələrinin zəngin neft ehtiyatlarının dünyanın aparıcı neft şirkətləri ilə birgə işlənilməsi regionun bütün dövlətlərinin inkişafına xidmət edəcək, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin suverenliyi və müstəqilliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcəkdir. Onu da deməliyəm ki, Bakı-Ceyhan və Transxəzər boru kəmərləri kimi nəhəng layihələrin həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayır”.
Azərbaycanı dünya birliyinə fəal, hərtərəfli inteqrasiyasını zəruri sayan bəşəri düşüncəli siyasətçi kimi Heydər Əliyev Böyük İpək yolunun bərpa edilməsi layihəsinə də məhz Azərbaycan dövlətinin maraqları prizmasından yanaşır, onun əsas əhəmiyyətini qlobal əməkdaşlığı yeni bir mərhələyə keçirməsində görürdü. Ulu öndər hesab edirdi ki, Böyük İpək yolunun bərpa edilməsi, TRASEKA proqramının həyata keçirilməsi Avropa Birliyi məkanından başlayıb Qafqazdan, Xəzər dənizindən keçməklə Mərkəzi Asiyaya uzanacaq – Şərqlə Qərbi, Avropa ilə Asiyanı birləşdirəcək bu nəqliyyat dəhlizi gerçəkliyə çevrilərək həmin regionda yaşayan xalqların rifahının yüksəlməsinə böyük töhfə verəcəkdir.
Ötən 15 illik dövr müdrik siyasətçinin dediklərini təsdiq etdi. Artıq Azərbaycan həm iqtisadi, həm də mədəni baxımdan Böyük İpək yolunun mənzil-qərargahına çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin bir şəxsiyyət olaraq müdrikliyi və uzaqgörənliyi, eyni zamanda, dünyanın böyük siyasətçiləri ilə (deməli, həm də qlobal siyasətlə) təmas yaratmaq, fikir mübadiləsi aparmaq, siyasi proseslərə təsir imkanları əldə etmək məharəti getdikcə Azərbaycana pozitiv münasibətin davamlı səmtini və dönməz xarakterini müəyyənləşdirmişdir.
Dünya siyasi tarixinin inkişaf qanunauyğunluqlarını mükəmməl bilən dövlət xadimi kimi Heydər Əliyev tarixi proseslərin mahiyyətini dərindən anlayan və anladan, tarixi gerçəkliyin öz məntiqindən çıxış etməyi bacaran bir mütəfəkkir siyasətçi olaraq bəşəriyyətin təkamül və tərəqqi yoluna baxır və onun ana xətlərini, aparıcı tendensiyalarını  dəyərləndirirdi. Ümummilli liderimizin siyasi dünyagörüşü və fəaliyyəti o istiqamətə yönəlmişdi ki, bu yöndə planetar birliyin yalnız qarşılıqlı əlaqələri intensivləşdirməklə qlobal iqtisadi rifaha, siyasi-mədəni əməkdaşlığa stimul yarada biləcək tendensiyaları təşviq edilir.
Böyük siyasətçi belə bir ciddi məramla qlobal, regional və milli maraqların birləşdirilməsini ən yeni dünya tarixində planetar humanizmi dərinləşdirən spesifik əlamətlər kimi səciyyələndirirdi. Heydər Əliyev Azərbaycanın bu prosesdəki yerini müəyyən edir, ölkəmizin siyasi-iqtisadi həyatı üçün zəruri baxışlar sistemini yaradırdı. Ulu öndər dünyanı daim konflikt rejimində saxlayan səbəblərə bu və ya digər formada – bəzən açıq şəkildə, bəzən də diplomatik yolla münasibətini bildirirdi. Böyük siyasətçi dövlətləri və xalqları müharibələrə sürükləyən, müxtəlif cəmiyyətləri daim ziddiyyətlər burulğanına salan ilkin konflikt determinantlarını arayır və onların üzə çıxarılaraq aradan qaldırılması üçün qlobal səylərin birləşdirilməsinə çalışırdı.
Qlobal proseslərlə bağlı öz mövqeyini formalaşdırmış siyasətçi kimi Heydər Əliyevin bütün həyatı boyu qazandığı böyük təcrübə onun siyasi iradəsinin belə bir cəhətini möhkəmləndirmişdi ki, hər hansı bir problemin həllində ümumbəşəri humanist dəyərləri, həqiqət mövqeyini müdafiə etsin. Azərbaycan xalqının köklü ənənələri ilə bağlı olan bu xarakterik xüsusiyyətlər Heydər Əliyevin siyasi fenomenində ən parlaq şəkildə öz əksini tapır. Heydər Əliyev insanları, xalqları, dövlətləri konflikt rejimindən çıxarmağa, müharibə və qarşıdurma situasiyalarından çəkindirməyə, cəmiyyətdaxili ziddiyyətləri aradan qaldırmağa yönələn siyasi texnologiyaların yaradıcılarındandır.
Ulu öndər yaxşı bilirdi ki, bu problemlərin həll edilməsinin ən optimal yolu insanların yaradıcı fəaliyyətini bəşəriyyətin qazandığı tarixi və müasir təcrübə əsasında daim genişləndirmək, onun meydanını planet miqyasına qədər böyütmək gərəkdir. Heydər Əliyevin böyük siyasi səyləri həm öz xalqını, həm də bütün bəşəriyyəti yalnız tərəqqiyə aparan yolların axtarışına köklənmişdir.
Ümummilli lider Heydər Əliyev qurucusu olduğu müasir Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqe qazanması üçün ilk təməlləri yaradan bir siyasətçi idi. O, qloballaşan dünyada rəhbəri olduğu ölkəni hər cəhətdən modernləşməyə, aparıcı siyasi, iqtisadi, elmi-humanitar texnologiyalara yiyələnməyə can atan və buna qadir olan, eyni zamanda, daxil olduğu regionu bu pozitiv istiqamətə stimullaşdıran bir dövlət olaraq təqdim edə və tanıda bilmişdir. Onun milli müstəqillik strategiyası müasir dünyanın qlobal modernləşmə strategiyasının tələblərini də tamamilə nəzərə alır, milli maraqları hansısa təsirdən və lüzumsuz itkidən qoruyur. Heydər Əliyevin beynəlxalq miqyaslı fəaliyyətindəki bu prinsipial mövqeyi dünyanın böyük siyasi xadimləri də dönə-dönə təsdiq etmişlər.
Azərbaycanın dövlət suverenliyini dönməz və daimi prosesə çevirən qüdrətli dövlət xadimi Heydər Əliyevin müəyyən etdiyi böyük siyasəti – milli müstəqillik strategiyasını bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yaradıcılıq və əzmkarlıqla davam etdirir. Əldə edilən tarixi irəliləyiş uğurlu nəticələri ilə dövlətimizin beynəlxalq nüfuzunu daha da yüksəldir. Heydər Əliyev kursunda qarşıya qoyulmuş məqsədlər ona görə realdır ki, onlar həm Azərbaycan, həm də dünya inkişafının koordinatlarını müvafiq müstəvidə, qanunauyğun şəkildə birləşdirə bilir. Bu gün yeni dünya nizamında Azərbaycan bu mütərəqqi istiqaməti qüvvətləndirən bir demokratik ölkə statusunda öz mövqeyini daha sabit, daha dayanıqlı nümayiş etdirir.
Ümummilli liderin əbədiyyətə qovuşmasının 15-ci ildönümü günlərində xalqımızın bəşəriyyətə verdiyi ən mükəmməl və şöhrətli tarixi şəxsiyyət olan Heydər Əliyevin həmvətənləri və müasirləri onun nurlu xatirəsini dərin ehtiram və sonsuz sevgi ilə anırlar. Bu hüznlü ildönümü dərin və əhatəli ictimai mahiyyəti ilə ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi uğrunda mübarizədə təxirəsalınmaz vəzifə və borcları da hər bir soydaşımızın yadına salır.

 

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı, fəlsəfə doktoru