Heydər Əliyevin tarixin bütün anlarındakı fəaliyyəti xalqının xoşbəxt gələcəyinə xidmətə həsr olunub

Ümummilli Liderimizin xatirəsi onu həmişə əziz tutan milyonları öz işığına toplayır. Canından əziz bildiyi xalqına və dövlətinə əvəzsiz xidmətləri ilə Heydər Əliyev dühası Azərbaycan xalqının milli-siyasi-ideoloji təfəkküründə və dövlətçilik şüurunda əbədiyyət qazanmış fenomenə çevrilib. Onun ömür kitabının hər səhifəsi subyektiv ölçülərə və zamana sığmayan xidmətləri və bu xidmətlərin xalqın tarixi ilə üst-üstə düşən məqamlardan, anlardan ibarətdir. Çiyinlərində öz xalqının varlığını, milli iradəsini, qayğılarını, arzularını və parlaq gələcəyə ümidlərini daşıyan Ulu Öndər Heydər Əliyev birmənalı olaraq müasir Azərbaycanın mükəmməl dövlət quruculuğu fəlsəfəsinin və milli dövlətçilik ideologiyasının banisidir.

Bu fikirlər Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun “Heydər Əliyev – təhsilimizin böyük himayədarı” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Heydər Əliyevin tarixin bütün anlarındakı fəaliyyəti xalqının inkişafına, xoşbəxt gələcəyinə xidmətə həsr olunub. O, böyük uzaqgörənliklə və müdrikcəsinə başa düşürdü ki, hər bir xalqın uğurlu gələcəyi, onun azadlıq idealları, dövlətçilik dəyərləri onun ümumi intellektual dünyagörüşünü şərtləndirən elmin, təhsilin səviyyəsindən asılıdır. Hələ keçmiş SSRİ-nin tərkibində olduğumuz zaman Azərbaycanın gələcəyinə istiqamətlənmiş, xalqın intellektual potensialının inkişafına hədəflənmiş böyük işlər məhz onun adı ilə bağlıdır.

Azərbaycana rəhbərliyinin birinci mərhələsində fenomenal şəxsiyyət Heydər Əliyev respublikada bütün sahələrin, o cümlədən, elm və təhsilin inkişafına önəm verirdi. Ulu Öndər xatirələrində həmin dövrü xarakterizə edərkən məhz konseptual, ardıcıl, sistemli və məqsədyönlü fəaliyyətini Azərbaycanın müstəqilliyinə hesablanmış olduğunu qeyd edirdi. O, təhsilin və elmin cəmiyyətin inkişafında rolunu düzgün qiymətləndirərək xalqımızın qeyd olunan fəaliyyət sahələrində nailiyyətlər əldə etməsi üçün bütün mümkün və bəzən də həyatı, karyerası üçün təhlükələr yaransa belə hətta mümkünsüz görünən imkanlardan belə istifadə edirdi.

Təsadüfi deyil ki, bu gün də həmin dövr Azərbaycan elminin, mədəniyyətinin və təhsilinin intibah dövrü kimi xarakterizə olunur və qiymətləndirilir. 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişi ilə bütün sahələrdə sürətli inkişaf dövrü başlayıb. O, Azərbaycanda təhsilin bütün pillələrinin inkişafına davamlı olaraq diqqət göstərirdi. Ulu Öndərin xüsusi diqqəti nəticəsində istər məktəbəqədər, istər ümumi təhsil, istər peşə və istərsə də ali təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi, yeni məktəb binalarının tikintisi, peşə təhsilinin genişləndirilməsi, həmçinin ali təhsil ocaqlarının yaradılması və yeni profilli ixtisasların açılmasının mümkünlüyünü təmin etmək məqsədilə kafedraların, laboratoriyaların yaradılması, güclü elmi-pedaqoji kadr potensialının formalaşdırılması istiqamətində ciddi işlərə imza atılmışdı. Ümummilli Lider Heydər Əliyevin gərgin səyi və yorulmaz zəhməti qarşılığında ötən əsrin 70-80-ci illərində məktəbəqədər təhsil müəssisələrinin sayı 1600-dən 1875-ə çatdırıldı, həmin müəssisələrdə təlim-tərbiyə alanların sayı 110 mindən 147 min nəfərə yüksəldi. Heydər Əliyev ümumi təhsilin inkişafı istiqamətində də ardıcıl qərarların qəbul edilərək icra edilməsinə nail ola bilmiş, həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin yüksəlişi ciddi şəkildə təmin edilmişdi.

Ulu Öndər Heydər Əliyev öz çıxışlarında deyirdi ki, təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” mühüm əhəmiyyətə malik qərarların icrasından sonra Azərbaycanda orta ümumtəhsil məktəblərinin sayı 765-dən 2117-yə çatdırılmışdı. Bu, məktəblərin əhatə dairəsinin 3 dəfə genişlənməsi deməkdir. Həmçinin təhsilin keyfiyyətini təmin edən vacib elementlərdən olan dərslik təminatına toxunmaq yerinə düşər. Belə ki, təhsilanlar üçün 1978-ci ildən başlayaraq pulsuz dərslik təminatına start verilmişdi. Məktəb tikintisinin geniş vüsət aldığı həmin dövrün yeni məktəb quruculuğu sahəsində göstəriciləri də ciddi rəqəmlərlə özünü göstərir. Belə ki, onun rəhbərliyi dövründə şagird tutumu 683 mindən artıq olan 1191 yeni ümumtəhsil məktəb binası tikilərək istifadəyə verilmişdi.

Ulu Öndər respublikaya birinci rəhbərlik dönəmində hər zaman müəllimlərə xüsusi qayğı ilə yanaşıb. Müəllimlərin əməyinin stimullaşdırılmasına, onların fədakar əməyinin qiymətləndirilməsinə dair müxtəlif qərarların qəbulu da məhz Heydər Əliyevin müəllim adına və əməyinə ehtiramının nümunəsi sayılmalıdır. Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi illərində 817 nəfər “Əməkdar müəllim” fəxri adına, 3 nəfər müəllim isə həmin dövrün ən ali təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü.

Peşə təhsilinin intibah dövrü də Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsinə təsadüf edir. Heydər Əliyevin təşəbbüsü ilə 1971-1975-ci illər üçün texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirildi, nəticədə 54 yeni texniki peşə təhsili müəssisəsi tikilərək istifadəyə verildi. Bu istiqamətdə məqsədyönlü işlər növbəti illərdə də davam etdirilib. 1978-1987-ci illərdə respublikamızda 5276 yerlik müasir texniki peşə təhsili müəssisələri, 2400 yerlik tədris binaları, 2800 yerlik təcrübə korpusları, ümumi sahəsi 15559 kvadratmetr olan yataqxana binaları tikilib istifadəyə verildi, 194 tədris istehsalat emalatxanası, 786 tədris kabineti və laboratoriyası yaradıldı. Müqayisə üçün 1970-ci ildə təxminən 41 min şagird yerlik 76 peşə məktəbi mövcud idisə, 1980-ci ildə təxminən 100 min yerlik 173 peşə məktəbi fəaliyyət göstərirdi. Növbəti iki ildə, yəni 1982-ci ildə 184 peşə təhsili müəssisəsində 230 peşə üzrə təhsilalanların sayı 110 min şagirdə çatdırıldı.

Heydər Əliyevin ali təhsilin inkişafına qayğısı təkcə respublikamızda yüksəkixtisaslı ali təhsilli kadr potensialının formalaşdırılması ilə deyil, həm də böyük uzaqgörənliklə xalqın intellektual səviyyəsini yüksəltmək yolu ilə gələcək müstəqillik dövrü üçün təminat formalaşdırılmasına xidmət edirdi.

Dahi rəhbərin təşəbbüsü və himayəsi ilə XX əsrin 70-80-ci illərində ali təhsil müəssisələrinin sayı artırıldı, fəaliyyət dairəsi genişləndirildi, onların maddi-texniki potensialı möhkəmləndirildi, tədris korpusları tikilərək istifadəyə verildi, yeni ali təhsil müəssisələri yaradıldı. Aşağıda konkret rəqəmlərlə ifadə olunan münasibət statistik mənzərəni daha aydın göstərəcək: Belə ki, ümumilikdə 1970-1982-ci illərdə Azərbaycanda 5 yeni ali təhsil müəssisəsi yaradıldı, yüzlərlə yeni ixtisaslar açıldı, kafedralar fəaliyyətə başladı, problem laboratoriyaları, təcrübə bazaları istifadəyə verildi. Heydər Əliyev respublika rəhbərliyinə gələndə mövcud 12 ali təhsil müəssisəsində 105 fakültə, 450 kafedra fəaliyyət göstərirdi ki, bu müəssisələrdə də 139 ixtisas üzrə kadr hazırlığı reallaşdırılırdı. 1982-ci ildə artıq ali məktəblərin sayı 21 idi. Həmin ali təhsil məktəblərində fakültə sayı 136-ya, kafedra sayı 530-a çatdırıldı, tələbələrin sayı isə 100 minə yüksəldi. Bu, Ulu Öndərin milli kadr hazırlığı siyasətinin yalnız bir hissəsini əks etdirən statistikadır. Heydər Əliyevin bu istiqamətdə əvəzsiz və müstəsna xidmətlərindən biri də SSRİ-nin ən nüfuzlu və aparıcı ali məktəblərinə azərbaycanlı gəncləri təhsil almağa göndərmək istiqamətində gördüyü işlər idi. 1970-1980-ci illərdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamız üçün strateji əhəmiyyət daşıyan və sənaye, kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, mədəniyyət və hərbi sahələrdə 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almağa göndərilməsi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdu. Məhz Heydər Əliyevin sayəsində nüfuzlu ali təhsil müəssislərində təhsil almağa göndərilən azərbaycanlı gənclərin sayı keçmiş SSRİ-nin digər respublikaları ilə müqayisədə daha çox idi. Müstəqilliyimiz əldə edildikdən sonra həmin məzunlar milli kadrlar kimi ölkəmizin inkişafında xüsusi xidmətlər göstərdilər və indi də bu missiyanı davam etdirməkdədirlər. Heydər Əliyev işinin çoxluğuna baxmayaraq hər il təhsil almağa göndərilən gənclərlə görüşərək onlara tövsiyələrini verirdi.

Ümummilli Liderin respublikadan kənarda milli kadr hazırlığı istiqamətində apardığı siyasətin mühüm tərkib hissələrindən biri də hərbi kadrların yetişdirilməsi məqsədilə hər il yüzlərlə gənci SSRİ-nin hərbi məktəblərinə təhsil almağa göndərməsi idi. Müstəqillik əldə edildikdən sonra həmin illərdə oxumuş zabitlər olmadan Azərbaycan Milli Ordusu yaradıla bilməzdi və deməli, ordu olmadan müstəqillikdən də danışmaq mümkünsüz idi. Heydər Əliyev Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi olduqca mühüm dövlət vəzifəsində çalışmasına baxmayaraq həmin gəncləri unutmur, onlarla görüşərək qayğılarının qarşılanmasında və problemlərinin həllində ən yüksək səviyyədə dəstəyini əsirgəmirdi.

Heydər Əliyev o dövrdə çox çətin bir missiyanı da reallaşdıra bildi. Azərbaycanda orta və ali hərbi təhsil sisteminin yaradılması missiyası onun öz xalqına, torpağına, vətəninə nə qədər böyük sevgi bəslədiyini sübut edir. Bu arzusunu reallaşdırarkən Ulu Öndər Moskva tərəfindən nə qədər ciddi təzyiq və təhdidlə qarşılaşdığını sonrakı illərdə xatırlayır və xalqı naminə bu işləri görə bildiyindən qürur duyurdu. Lakin bu təzyiqlər böyük tarixi şəxsiyyətin xalqı qarşısında tarixi xidmətinə mane ola bilməmiş, Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradılmışdı. Ulu öndər Heydər Əliyev bu barədə illər sonra danışarkən deyirdi: “Mən Cəmşid Naxçıvanski adına məktəbi yaradarkən həsrətində olduğum arzuma çatmışam, ona görə də özümü çox xoşbəxt hesab edirəm. Sizə səmimi deyirəm, Naxçıvanski adına hərbi lisey mənim üçün bir övladdır”.

Azərbaycanda yaranmış vətəndaş qarşıdurması, müstəqilliyin itirilməsi və Azərbaycanın parçalanmaq təhlükəsi dövründə xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev çətin illərdə yenə də təhsilin inkişafına xüsusi diqqət yetirirdi. Əvvəlki siyasi rəhbərliyin səriştəsiz idarəetməsi nəticəsində yaranmış xaos, özbaşınalıq və anarxiya, Azərbaycanın iyirmi faiz torpaqlarının işğal altında olması, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün qayğılarının qarşılanması fonunda yaranmış böhranlı dövr Azərbaycan təhsili üçün xeyli əlavə çətinliklər yaratmışdı. Ölkəmizin düşdüyü acınacaqlı durumda Heydər Əliyev yenə də mümkün imkanlar çərçivəsində təhsil sahəsinə diqqət və qayğısını davam etdirirdi. İlk növbədə, 1991-1993-cü illərdə təhsil müəssisələrinin pozulmuş ahəngi bərpa edildi.

1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qabaqcıl təhsil təcrübəsi olan ölkələrin və beynəlxalq təcrübənin öyrənilərək milli təhsil islahatlarının hazırlanmasında tətbiqi ilə bağlı çoxsaylı qərarlar qəbul edilmişdi. Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 30 mart tarixli Sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı, “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il 15 iyun tarixli Sərəncam ilə təsdiq olunaraq uğurla icra edildi.

2002-ci il oktyabrın 4-də Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərınin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” Sərəncam təhsil infrastrukturunun yenilənməsinə ciddi töhfələr verdi. Müasir məktəb komplekslərinin tikintisi, əsaslı təmiri və infrastruktur təminatı ölkəmizin gələcəyi olan uşaqların daha keyfiyyətli təhsil almalarına hədəflənirdi. Həmçinin “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” 2003-cü il 17 fevral tarixli Sərəncam təhsilin inkişafına yönəlmiş fəaliyyətin ardıcıl və sistemli xarakter daşıdığını göstərirdi. Bütün bunlar ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaratmaqla təhsilin əlçatanlığının və əhatəliliyinin təmin olunmasına, bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində ciddi addımlar idi.

1993-2003-cü illərdə təhsil sisteminin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülən işlərə nümunə olaraq 200 yeni məktəb binasının tikilərək istifadəyə verilməsini, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı bölgələrdə 700-dən çox ümumtəhsil məktəbi təşkil edilməsini, istedadlı uşaqlarla iş sahəsində xüsusi proqramların tətbiqi nəticəsində 12 minə yaxın şagird tutumlu 30-a yaxın və gimnaziya yaradılmasını göstərə bilərik.

Ulu Öndərin təhsilə qayğısı təkcə təhsil ümumtəhsil müəssisələri ilə yekunlaşmırdı. İstedadlı gənclərin təhsilə həvəsləndirilməsi üçün də əsaslı işlər görülürdü. Ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında 2001-ci il 3 sentyabr tarixli Fərman bunun bariz nümunəsidir. Ulu Öndər bu gənclərlə şəxsən görüşür, onlarda daha yaxşı oxumağa motivasiya yaradır, öz dəyərli tövsiyələrini əsirgəmirdi.

Heydər Əliyev təhsilin cəmiyyətdə rolunu savadlı, bilikli, vətənpərvər, mənəvi baxımdan sağlam, milli dəyərlərə malik gənc nəsil-vətəndaş yetişdirmək missiyasının reallaşdırılmasında, dövlətçiliyə xidmətdə görürdü. “Təhsil millətin gələcəyidir” deyən ümummlilli lider təhsilə millətin gələcəyi kimi baxırdı.

“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, – deyən Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müəllimə və müəllim əməyinə yüksək qiymət verirdi. Onun müəllimə münasibəti ən ali səviyyədə idi. Müəllim peşəsini yüksək qiymətləndirən Ulu Öndər deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.

Ümummilli Lider müəllimlərin sosial vəziyyətinin və rifahının yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli qərarlar qəbul edirdi. O, yeni tədris ilinin əvvəlində keçirilən müəllimlərinin qurultaylarında iştirak edərək təhsil ictimaiyyəti ilə səmimi söhbətlər edir, onların fikirlərini – problemlərini, qayğılarını, arzularını dinləyir, fədakar müəllimlərin əməyini ali dövlət təltifləri ilə mükafatlandırırdı.

Azərbaycan təhsilinin, müəllimlərinin himayədarı, xalqımızın unudulmaz rəhbəri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyində təhsil ictimaiyyəti Ümummilli Liderinin xatirəsini ehtiramla anır, təhsilə xüsusi qayğısını və Azərbaycan müəlliminə olan böyük sevgisini minnətdarlıqla xatırlayır və təhsilli cəmiyyət qurmaq istiqamətində tövsiyələrini vətənə şərəfli xidmət olaraq gerçəkliyə çevirməkdə davam edirlər.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı və qüdrətlənməsi naminə yarımçıq qalan işlərini onun layiqli siyasi varisi Prezident İlham Əliyev uğurla davam etdirir. Həmçinin Ulu Öndərin milli təhsilimizin inkişafı ilə bağlı ideyalarının və arzularının gerçəkləşməsində onun adını daşıyan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva müstəsna rol oynayır. Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderimizin təhsil naminə reallaşdırdığı müqəddəs işləri bu gün işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirməklə yaşadır. Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən məktəblərdə qalib Azərbaycan dövlətinin övladları Ümummilli Liderin arzuladığı kimi milli dəyərlərə sadiqlik, bəşəri amallara ehtiram, vətənə sevgi, torpağa məhəbbət ruhunda təlim-tərbiyə alırlar. Onların aldıqları doğru təlim-tərbiyə isə Azərbaycanın əbədi varlığını təmin edəcək.