“Hikmət İnşaat” MMC və “Hikmət Arqo” MMC-nin məhkəməsi başlayır

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova və Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus olduğu deyilən şirkətlərin məhkəməsi başlayır.
Söhbət “Hikmət İnşaat” MMC və “Hikmət Arqo” MMC-dən gedir.
Hər iki şirkəti Azərbaycan Beynəlxalq Bankı (ABB) məhkəməyə verib. İş Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. Bundan əvvəl iş hakim Zaur Pirverdiyevin icraatında verilmişdi. İş üzrə iki dəfə hazırlıq iclası təyin edilsə də, təxirə salınıb.
Nəhayət, Ülkər Həsənovanın sədrliyi ilə növbəti dəfə hazırlıq iclası təyin edilib. Bu dəfəki iclas avqustun 1-də keçiriləcək.
“Hikmət İnşaat” MMC 21 dekabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Landau küçəsi ev 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Cəbrayılov Əlihüseyn Səfər oğludur.
21 fevral 2006-cı ildə 20 AZN-lik nizamnamə kapitalı ilə qeydiyyatdan keçən “Hikmət Aqro” MMC də “Hikmət İnşaat” MMC ilə eyni hüquqi ünvanda yerləşir. Şirkətin qanuni təmsilçisi isə Xəlilov İlham Salah oğludur.
Bu şirkətlərin Kəmaləddin Heydərov və Ramiz Mehdiyevin kürəkəninə yaxınlığı aşağıdakı faktlarla izah edilir.
Yasamal rayonu Landau küçəsi, ev 6-da daha iki şirkət qeydiyyatdadır. Bunlardan biri “TNH” MMC-dir ki, onun da qanuni təmsilçisi Cəbrayılov Əlihüseyn Səfər oğludur.
Mediada yayılan məlumatlara görə, “TNH” MMC-nin təsisçiləri “Gilan” MMC və “Hikmət İnşaat” MMC-dir. “Gilan” MMC fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasına daxil olan şirkət kimi tanınır.
Yasamal rayonu Landau küçəsi, ev 6-da qeydiyyatda olan digər şirkət  “Astoriya Tibb Mərkəzi” MMC-dir. MMC-nin qanuni təmsilçisi Ramiz Mehdiyevin kürəkəni olan Əliyev İlham Əlisəftər oğludur.
Adətən bir-biri ilə əlaqəli şirkətlər eyni hüquqi ünvanı bölüşdüyü üçün “Hikmət İnşaat”la “Hikmət Arqo”nun da fövqəladə hallar nazirinə və Ramiz Mehdiyevin kürəkəninin nəzarətində olduğuna şübhələri artırır.