İƏT növbədənkənar toplantı keçirəcək

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) iyulun 2-də növbədənkənar toplantı keçirəcək.

Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçiriləcək iclasın əsas gündəmi İsveçdə Quranın yandırılması olacaq.

Görünən odur ki, Türkiyə hələ İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyəcək. Lakin toplantı öncəsi bəzi suallar da gündəmdədir.

İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlər İsveçə sanksiya, eləcə də  bütün müsəlmanları bu ölkənin məhsullarını boykot etməyə çağırış edə bilər? Həmçinin, iclasda Qarabağ məsələsinin də müzakirəyə çıxarılması gözlənilir? 

Milli Məclisin deputatı Vüqar İskəndərov  bildirib ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı məsələ uzun müddətdir gündəmdədir:

“İclasda əsas müzakirə olunacaq məsələlər İsveçdə hansısa bir avantüristin Quranı yandırması olacaq. Digər müzakirə olunan məsələ isə Türkiyənin qoyduğu şərtlər və tələblərdir. Çünki İsveç hələ də Türkiyənin tələb etdiyi məsələlərin icrasını təmin etməyib. Ona görə də bu məsələnin həlli yubanmaqdadır. Üstəlik, İsveçdə bu hadisənin baş verməsi və belə halların təkrar olunması dövlətin həmin məsələlərdə loyal olduğunu göstərir.

Nəzərə almaq lazımdır ki, o barbar məxluqun yanında kifayət qədər polis və jurnalist vardı. Necə ola bilər ki, bir insan belə bir hərəkət edir və həmin yerdə kifayət qədər jurnalist və polis peyda olur? Bunun çəkilib işıqlandırılması onun deməyə əsas verir ki, bu, hazırlanmış bir aksiyadır. 

Həmçinin, polisin onu qoruması və həmin ərazinin təhlükəsizliyini saxlaması dövlətin bu məsələdən xəbərdar olmasını və həmin məxluqu qoruduğunu göstərir. Bu da suallar doğurur ki, İsveçin belə hadisələrdə məqsədi nədir? Ümumiyyətlə, bunu hansısa fərdlər və ya təşkilatlar edirsə belə, necə olur ki, dövlətin bundan xəbəri olmur? Bunların hamısı düşündürücüdür”.

Millət vəkili əlavə edib ki, İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar iclasında bütün bu məsələlər müzakirə olunacaq:

“Düşünürük ki, bütün bunlar İsveçin NATO-ya gedən yoldakı manelərini daha da artıracaq və Türkiyənin məsələyə münasibəti daha da sərtləşəcək. Əsas məsələ belə məxluqların özünü reklam aksiyasıdır. Yəni o, burada heç nəyə nail ola bilmir. 

Yalnız İslam dünyasında özünə nifrət və ya hansısa radikal düşərgə tərəfindən təhdidlər qazanır. Onu qorumaq üçün dövlətin xüsusi mühafizə verməsi və bütün dünya televiziyalarında onun haqqında xəbərlərin tirajlanması həmin şəxsin özünü antireklamla olsa da, tanıtmasını təmin etmiş olur. Bu da çox pis hadisədir. Belə halların artması həqiqətən də məyusedicidir”.

Deputatın sözlərinə görə, iclasda bir çox qərarlar verilə bilər:

“Ən əsası İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr İsveçlə bağlı hər hansısa bir bəyanat qəbul edə və dövlətin bu məsələdə ciddi ölçü götürməsini tələb edə bilərlər.

İsveç mallarının boykot olması kimi hallar da gündəmə bilər. Lakin bunların heç biri məsələni həll etmiş olmur. Düşünürük ki, İsveç dövlət olaraq burada hansısa maraqlar güdür. Tutaq ki, dövlətin burada əli yoxdur. Bəs dövlət nə üçün indiyə qədər baş vermiş hadisələrə görə insanları cinayət məsuliyyətinə cəlb etmir? Onları nə üçün tənbeh etmir? Təbii ki, dövlət ictimai rəydə belə halların qarşısının alınması üçün bir çox işlərin görülməsini təmin etməlidir. Bütün bunlar olmaqdıqca yeni suallar meydana gəlir”.

Vüqar İskəndərov vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanla bağlı məsələyə də həssas yanaşır:

“İclasda Qarabağ mövzusu da gündəmə gələ bilər. Son zamanlarda Ermənistanın hədyan və iftira dolu bəyanatları tirajlanmaqdadır.
Avropa Şurası və digər platformalarda da Azərbaycanla bağlı yalan və iftira dolu məlumatlar verilir. Bütün bunların qarşısını almaq üçün rəsmi Bakı da çalışır. Xarici İşlər Nazirliyimiz bəyanatlar verir və həmin təşkilatlara iradlar bildirilir.

Hesab edirəm ki, İslam Əməkdaşlıq Təşkilatı da bu məsələyə həssas yanaşacaq. Hazırda dezinformasiyanın baş alıb getdiyi bir dövrdə hər şeyin olduğu kimi, həqiqətin kimin tərəfində olduğunu qeyd ediləcək. Hətta son məsələlərlə bağlı bəyanat da verə bilər”.