“İcazə SMS-ində nalayiq sözlər yazanlar var idi”

“Son günlərdə hər sutka sistemə 30 minə yaxın 3 kodu ilə, yəni, yaxın qohumun dəfnində iştirak üçün müraciət daxil olur. Gün ərzində vəfat edənlərin statistikasına baxdıqda bu rəqəm həddindən artıq yüksəkdir”. 

XALQ.AZ xəbər verir ki, bu sözləri Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov REAL TV-nin efirində qonaq olan zaman deyib. O bildirib ki, dünənədək 8103 qısa nömrəsinə 8.2 milyon SMS göndərilib:

“Bu göndərilmiş SMS-lərin təqribən 64%-nə müsbət cavab verilib. İlk günlərdə 62%-ə yaxın insan yanlış format, aidiyyatı olmayan sözlər və s. yazıb göndərilirdi. Sui-istifadə edən, nalayiq sözlər yazan vətəndaşlar var idi. Daxili İşlər Nazirliyi tərəfindən həmin şəxslər barəsində müvafiq tədbirlər görüldü. Son günlərdə isə bu kimi yalnış SMS-lərin sayı azaldığından müsbət cavab alan SMS-lər 80%-ə qalxıb. Son 8 gün ərzində 3 kodundan sui-istifadə edənləri müəyyənləşdirmişik və onlara məhdudiyyətlər qoyulub. Artıq bu koddan istifadə edə bilmirlər. 1 və 2 kodundan sui-istifadə halları da var. Təbii ki, biz hər gün marketə gedib ərzaq almamalıyıq”.