Taleh Qaraşov Lənkəranda olan problemləri ölkə başçısından necə gizlətdi

Lənkəranın icra başçısı Taleh Qaraşov prezidentin bölgəyə son səfərində problemləri ört-basdır etməyə çalışıb. Reportyor.info-nun xəbərinə görə, məlum olub ki, Sütəmurdov istiqamətinə gedən yolda yerləşən və çoxdan fəaliyyətdə olan qənnadı fabrikini rentabelli işləyən müəssisə kimi təqdim edib. Halbuki elə olmadığı iddia edilir. Eyni zamanda, icra başçısı dövlət başçısına Lənkəranda məşğulluqla bağlı yeni heç bir obyekt, istehsalat sahəsi göstərə bilməyib. Çünki Lənkəranda Qaraşov gəldiyi dönəmdən hər hansı sosial-iqtisadi inkişaf olmayıb. Hətta şəhərin mərkəzi küçələrinin bərbad, çala-çuxur yollarını da təmir etməyib və dövlət başçısı elə küçələrlə aparılıb ki, həmin ərazilərə yolaverdi asfalt vurulub. Hazırda Lənkəranın əksər küçə və yolları bərbad gündədir. Yayda gələcək turistləri Qaraşovun “sürpriz yolları” gözləyir.

Bundan başqa, əhalidə olan narazılıq və başçının istefaya göndəriləcəyi haqda xəbərlər yayıldığı bir ərəfədə, Qaraşov özünü göstərmək üçün gah yas məclislərinə gedir, gah müxtəlif toplantılarda iştirak edir ki, qəzəbi soyutsun. Ona görə ki başçı insanların problemləri ilə maraqlanmır. Əksinə, mərkəzi əraziləri satmağa davam edir. Şəhərin Qala xiyabanında barmaq qoymağa yer saxlamayıb. Uuzn illərdir ki, Lənkərana başçılıq edən Qaraşovun nə zaman yola salınacağı haqda prezident sərəncamı səbirsizliklə gözləyir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.