Yasamal sakinləri ilə görüş keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti birgə səyyar görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Ülvi Quliyev vətəndaşlarla görüşüblər. Səyyar qəbul rayondakı 13 saylı tam orta məktəbin akt zalında baş tutdu. Görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin vəzifəli şəxsləri, Yasamal bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov öncə “Heydər Əliyev ili” çərçivəsində rayonda görülən iş və həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi, daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş etdi.

Söz alan vətəndaşlar mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, qurumuş ağacların budanması, dövlət ehtiyacları üçün alınan ərazilər üzrə kompensasiya məbləği, sosial evlər, tikintiyə icazə və digər məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. İki saata yaxın davam etmiş qəbulda sakinlərin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.