“İctimai nəqliyyat sahəsində xidmətlərin keyfiyyəti artarsa, ondan istifadə göstəricisi də yüksələr” – Deputat

Milli Məclisdə “İstehsalat və məişət tullantıları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb.

Deputat Emin Hacıyev layihə barədə məlumat verərək bildirib ki, qanun layihəsi kifayət qədər aktualdır:

“Qeyd olunduğu kimi, nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi zərurəti ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub. Biz bu proqramı tətbiq etməklə yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq kimi məqsədlərə nail olmağı qarşıya hədəf kimi qoyuruq. Təklif olunan qanun layihəsi köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün mexanizmi nəzərdə tutur. Yəni yararsız avtomobilə malik şəxs həmin nəqliyyat vasitəsini utilizasiyaya verməklə müəyyən güzəştlər əldə edə biləcək ki, bu da insanların daha yeni, ekoloji tələblərə cavab verən avtomobillərə sahiblənməsinə imkan yaradacaq. Nəzərə alsaq ki, ölkədə avtomobil sənayesinin qurulması istiqamətində işlər həyata keçirilir və bu nəqliyyat vasitələri ƏDV-dən azad ediləcək, həmçinin idxal olunan nəqliyyat vasitələrinə istehsal tarixinə görə məhdudiyyət tətbiq edilir, bu halda qısa zamanda ölkədə avtoparkın yenilənməsi baş verəcək”.

Emin Hacıyev məsələnin yol hərəkəti təhlükəsizliyi ilə bilavasitə bağlı olmasını nəzərə alaraq mopedlərdən də danışıb: 

“Bu gün mopedlərin yollarda xaotik hərəkəti yol hərəkəti iştirakçılarına təhlükə yaradır. Mopedlər yol hərəkəti qaydalarına məhəl qoymur, digər nəqliyyat vasitələri, piyadalarla toqquşur, qəza və xəsarətlərə səbəb olurlar. Mopedlərin qeydiyyatı qanunvericiliklə nəzərdə tutulsa da, hesab edirəm ki, buna nəzarət güclənməlidir. Çünki moped bir nəqliyyat və daşıma vasitəsi kimi hər gün daha da aktuallaşır və yol hərəkətinin mühüm iştirakçısına çevrilir. Eyni zamanda təhlükəsizlik baxımından bu nəqliyyat vasitəsini idarə edənlərin sürücülük vəsiqəsi alması nəzərdən keçirilə bilər. Yol hərəkərti qaydalarının pozulmasına görə moped sürücülərinə cərimələrin tətbiqi məsələsinə də yenidən baxıla bilər”.

Deputat qeyd edib ki, mopedlərlə yanaşı, elektrikli skuterlərin də avtomobil yollarında hərəkətinə nəzarət gücləndirilməlidir: “Müşahidələr göstərir ki, skuterləri idarə edənlər yolda hərəkət edərkən piyada və avtomobillərə dəyir, qəza şəraiti yaradırlar. Yeri gəlmişkən, təhlükəsizliklə bağlı şikayətlərə görə artıq Dənizkənarı Bulvar ərazisində skuterlərin istifadəsinə qadağa qoyulub. Bu sahədə vəziyyəti nizama salmaq və təhlükəsizliyi təmin etmək üçün müvafiq infrastrukturun yaradılması, elektrikli skuterlər, velosipedlər üçün ayrıca yol zolağının salınması artıq zərurətə çevirilib. Bu, velosipedlərdən nəqliyyat vasitəsi kimi istifadənin təşviqinə, sağlam hərəkətliliyə, həmçinin tıxacların xeyli azalmasına yol açar”.

Deputat daha sonra Sumqayıt şəhərinin, bütövlükdə Abşeronun nəqliyyat məsələlərindən bəhs edib:

“Sevindirici haldır ki, cənab Prezident tərəfindən artıq vahid yerüstü nəqliyyat qurumu – AYNA formalaşdırılıb, eləcə də Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılıb. Bu baxımdan hesab edirəm ki, Abşeronun urbanizasiyasını nəzərə alaraq, burada nəqliyyata bir orqanizm kimi yanaşma tətbiq edilməli, Sumqayıtın müəyyən edilmiş ünvanlarından Bakının daha çox tələbat olan yerlərinə, məsələn, universitet yaxınlıqlarına ictimai nəqliyyatın müvafiq marşrutlar üzrə hərəkətinə imkan verilməlidir. Avtovağzal sistemindən qismən imtina olunmalıdır. Şəxsi avtomobillə şəhərin istənilən yerinə daxil olmaq mümkün olduğu halda, yüzlərlə şəxsi daşıyan ictimai nəqliyyata bu məhdudiyyətin tətbiqi doğru deyil. Bu, eyni zamanda sərnişinlərin məsrəflərinin də azalmasına gətirib çıxara bilər. Əgər ictimai nəqliyyat sahəsində xidmətlərin keyfiyyəti artarsa, təbii ki, ondan istifadə göstəricisi də yüksələcək”.