İFRC-nin rəsmisi Davron Muhammadiyev AzQAC-da qonaq olub -Foto

11 sentyabr 2023-cü il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti Federasiyasının Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Muhammadiyev və Beynəlxalq Federasiyanın Azərbaycandakı nümayəndəliyinin proqramlar və əməliyyatlar üzrə meneceri Serdar Güneli qəbul edib.
Öncə Novruz Aslanov cənab Davron Muhammadiyevi Milli Cəmiyyətdə görməkdən məmnun olduğunu bildirib. Görüşdə iki təşkilat arasında görülən ümumi işlər, qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr barədə söhbət açılıb. Ötən illərdə olduğu kimi bu il də əməkdaşlıq çərçivəsində həm AzQAC, həm də Beynəlxalq Federasiyasının qarşıya qoyulan məqsədə çatmaq üçün üzərilərinə düşən öhdəliklərin zamanında və yüksək səviyyədə yerinə yetirilməsinin önəmi vurğulanıb. Həmçinin, onlar Qarabağ İqtisadi Rayonunda müvcud olan vəziyyətdən, AzQAC tərəfindən göndərilən 40 ton un məmulatının Xankəndində yaşayan erməni əsilli sakinlərin ərzaq ehtiyatlarının qarşılanması məqsədilə AzQAZ-ın əməkdaşları və könüllulərinin 14 gündür Ağdam-Xankəndi yolunda gözləmələri, həmçinin eyni məqsədlə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən gətirilən ərzaq və qeyri-ərzaq yükünün hazırda Bərdə şəhərində gözləmısi məsələlərini müzakirə ediblər. Milli Cəmiyyətin prezidenti Novruz Aslanov Davron Muhammadiyevə Federasiyanın Milli Cəmiyyətə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və gələcəkdə də humanitar sahədə Beynəlxalq Hərəkat daxili humanitar fəaliyyətlərin yüksək səviyyədə inkişaf edəcəyini bildirib.
Davron Muhammadiyev öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirərək, AzQAC-ın ölkəmizdə humanitar sahədə apardığı işlərdən məmnunluqla danışıb. Mövcud əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.