İkinci Dünya müharibəsində qələbə qazanılmasında Azərbaycan neftinin, resurslarının rolu danılmazdır

“Faşizm üzərində qələbə Azərbaycan xalqı üçün də çox önəmli və tarixi bir hadisədir.  Həmin dövrdə də Azərbaycanda minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə gediblər. İlkin dövrdə təqribən 40 min adam könüllü surətdə əsgər köynəyi geyinib, təqribən 200 min adam xalq qoşununa yazılmışdı. Ümumilikdə 600 mindən çox kişi və qadınlarımız 1941-1945-cı illərdə müharibədə iştirak ediblər. Bu baxımdan o vaxtlar Böyük Vətən müharibəsi adlandırılan İkinci Dünya müharibəsində qələbə qazanılmasında Azərbaycan oğul və qızlarının, Azərbaycan neftinin, resurslarının rolu danılmazdır”. Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov bildirib ki, faşizm üzərində qələbədə həmyerlilərimizin qəhrəmanlıqları hələ o dövrdə yüksək qiymətləndirilmişdir: “Statistikaya nəzər salmaqla görə bilərik ki, həm ön cəbhədə, həm arxa cəbhədə müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdür. Faşizmə qarşı mübarizədə 121 nəfər Azərbaycan SSR vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər “Şöhrət” ordeninin tam üç dərəcəsinin kavaleri olub. Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Burada xüsusilə Əhmədiyyə Cəbrayılovun adını qeyd etmək istərdim. Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılov “Armed Mişel” (Xarqo) adı ilə müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeni və yüksək fəxri adı – “Fransanın Milli Qəhrəmanı”, şəxsi igidliyinə görə paradda əsgərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunmuşdu. Bütün bunlar isə Azərbaycan xalqının necə qorxmaz, mübariz bir xalq olduğuna işarədir. Dünya tarixində dönüş nöqtəsi olan Faşizm üzərində qələbədə Azərbaycan xalqının da xidmətləri olub. Ona görə də Tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə Günündə müharibənin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı Sərəncamlar imzalaması artıq ənənə halını alıb. 44 günlük Vətən müharibəsində də həmin qəhrəman babalarımızın davamçıları Azərbaycan xalqının necə qorxmaz, igid, mübariz olduğunu bir daha dünyaya göstərdi. Tarix durduqca Azərbaycan xalqı həmişə qəhrəmanlıq salnamələri ilə dünyaya öz adından söz etdirəcək”.