İkiqat Olimpiya çempionu canlı yayımda huşunu itirdi

Voleybolçu qadınlar arasında ikiqat olimpiya çempionu Jaklin Karvalyu Braziliya Superliqası matçı zamanı müsahibə verərkən huşunu itirib.
XALQ.AZ  xəbər verir ki, 36 yaşlı idmançı “SESI San-Paolo” və “EMS Taubate” komandaları arasında görüşün gedişində jurnalistlərə müsahibə verərkən gözlənilmədən gözlərini yumub və yıxılmağa başlayıb.
Hətta onun kortun kənarına yıxılması səbəbindən matça bir müddət ara verilib. Ona ilkin müdaxilə edən komandalardan birinin həkimi Serjio Şavyer xanım voleybolçunun ürəyinin getməsinə zaldakı yüksək temperaturun səbəb olduğunu bildirib. Yüksək hərarət idmançının qan təzyiqini qaldırıb, nəticədə o, huşunu itirib.
Qeyd edək ki, Jaklin Karvalyu Braziliya millisinin heyətində 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi olub. Onun aktivində dünya çempionatlarının iki gümüş medalı da var.

 

Orxan