İlham Əliyevdən daha bir təyinat

Prezident İlham Əliyev Mərkəzi Bankın İdarə Heyətinin üzvü Əliyar Məmmədyarovla bağlı Sərəncam imzalayıb.

Xalq.az xəbər verir ki, Sərəncamla Əliyar Qəhrəman oğlu Məmmədyarov Mərkəzi Bank sədrinin müavini təyin edilib.

Qeyd edək ki, Q.Məmmədyarov 1977-ci ildə Bakıda anadan olub. 2001-ci ildən Mərkəzi Bankda işləyir. 2012-ci ilin fevralında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

2008-2016-cı illərdə AR Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini, departament direktoru, 2016-cı ilin may ayından Mərkəzi Bank sədrinin müşaviri vəzifəsinə təyin edilib. 2017-ci ilin sentyabrından 2019-cu ilin aprelinədək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri vəzifəsində işləyib.