İlham Əliyevin Ərdoğanla görüşü-YENİLƏNİR

 

29

Xalq.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin ölkəmizdə səfərdə olan Baş naziri Rəcəb Tayyib Ərdoğanı qəbul edib. Təkbətək görüşdən sonra hər iki ölkənin lideri media qarşısına çıxıb. Prezident və Baş nazir jurnalistlərin suallarını cavablandırıblar.

 


 

Türkiyənin Dağlıq Qarabağ məsələsində mövqeyi dəyişməyəcək”.

APA-nın məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda Azərbaycan prezidenti İlham Əliyevdə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Baş nazir bəyan edib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində bu günə qədər necə qərarlılıq içərisində olubsa, bundan sonra da eyni qərarlılıq davam edəcək.

“Bu mövqedən güzəştə getməyimiz mümkün deyil”, – deyə Ərdoğan vurğulayıb.

 


 

Trans Anadolu Təbii Qaz Boru Kəməri layihəsi Türkiyə və Azərbaycan arasında qardaşlığı gücləndirəcək”.

APA-nın məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

R. T. Ərdoğan bildirib ki, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və Bakı-Tiflis-Qars layihələri iki ölkə arasında bağların güclü olduğunu göstərən önəmli yatırım layihələridir: “Bunlar bizim siyasi, iqtisadi, mədəni, hərbi və ticarət əlaqələrimizin hansı səviyyəyə yüksəldiyini göstərir. Qardaşlıq və həmrəyliyimiz bundan sonra da eyni qətiyyətlə davam edəcək, bundan heç kimin ən xırda şübhəsi belə olmasın. İkitərəfli görüşümüzdə qarşılıqlı əməkdaşlığın bütün sahələrini ətraflı müzakirə etdik, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqlarda da bütün məsələlər müzakirə olundu. Nazirlərimiz öz aralarında enerji və hərbi sənaye sahəsində əlaqələrin inkişafını müzakirə etdilər. Son vaxtlar Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər artıb. Bundan sonra da bu cür səfərlər davam edəcək”.

TANAP-ın təməlinin nə vaxt atılacağı ilə bağlı sualı cavablandıran R. T. Ərdoğan hazırda layihə ilə bağlı Türkiyədə “kamulaştırma” (torpaq sahələrinin dövlət ehtiyacı üçün fiziki və ya hüquqi şəxslərdən satın alınması) prosesinin davam etdiyini söyləyib: “Bu layihənin tezliklə həyata keçirilməsini istəyərik. Təməli ilin sonuna qədər ata bilərik. Boruların döşənməsinə tez müddətdə başlanılması zəruridir”.

Azərbaycan prezidenti İlham Əliyev isə TANAP-ın Azərbaycan və Türkiyənin birgə layihəsi olduğunu vurğulayıb: “İki ölkə bu layihənin müəllifidir. Ölkə rəhbərlərinin iradəsi bu layihədə böyük rol oynayıb. Layihə həyata keçdikdən sonra ölkələrimiz bir-birinə daha sıx bağlı olacaq, siyasi-iqtisadi imkanlarımız artacaq. Layihəni vaxtlı-vaxtında icra etmək istəyirik. Hər şey cədvəl üzrə gedir, hesab edirəm ki, 2018-ci ildə əziz qardaşımla birlikdə bu layihənin açılışını edəcəyik”.