İlham Əliyevin müəyyən etdiyi strateji xəttin əsas hədəfi torpaqlarımızı işğaldan azad etmək idi

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji xəttin əsas hədəfi torpaqlarımızı işğaldan azad etmək idi. Cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuz və dəmir yumruğa çevrilmiş xalqımız bu şərəfli taleyüklü missiyanı həyata keçirdi, tarixi zəfərə imza atıldı. Bu günləri biz dünyanın bəxtəvər xalq və dövlətlərindən biri olaraq öz tarixi taleyimizi müəyyən etmiş, tarixi ədaləti bərpa etmişik”. Bu sözləri deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, indi isə qarşımızda dayanan növbəti strateji hədəf işğaldan azad olunmuş torpaqlarımızın bərpası ilə bağlı məsələdir: “Bu istiqamətdə də çox ciddi işlər görülür. Azərbaycan dövləti öz strateji müttəfiqlərini bu prosesə cəlb edib. Qardaş Türkiyə dövlətindən olan şirkətlər də bu prosesdə yaxından iştirak edir.

Eyni zamanda, əsas hədəflərdən biri sahibkarların işğaldan azaq olunmuş ərazilərimizin bərpası ilə bağlı prosesdə yaxından iştirakı və bu prosesə cəlb olunmasıdır. Bu istiqamətdə dövlətimizin atdığı addımlar nəticə etibarilə həmin hədəfə çatma imkanlarını xeyli genişləndirir. Bunların içərisində ölkə Prezidentinin imzaladığı bir fərmanı xüsusilə vurğulamaq istəyirəm. Həmin fərmana görə, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstəriləcək. Bu sahibkara imkan verəcək ki, öz diqqətini, imkan və potensialını məhz işğaldan azad olunmuş torpaqlarımızda istehsal prosesinin qurulmasına sərf etsin, bu prosesə daha böyük maliyyə vəsaitləri cəlb etsin”.

Deputat sözlərinə belə davam edib: “Hesab edirəm ki, sahibkarlara münasibətdə belə bir addımın atılması onların çox böyük sevincinə səbəb olur. Çünki onlar ürəklərinin səsi ilə məhz işğaldan azad olunmuş ərazilərimizdə öz töhfələrini vermək istəyirlər”