“İndi iki ən böyük burdadır” (FOTO)

Pele

Sosial şəbəkədə dünya şöhrəti qazanmış 2 əfsanənin qucaqlaşmasını əks etdirən foto şəkil yayılıb.

XALQ.AZ-ın xəbərinə görə, bunlar boksun əfsanəsi amerikalı Məhəmməd Əli və futbolun əfsanəsi braziliyalı Peledir.

Məlumata görə, şəkil 1977-ci ildə Pelenin vida matçından əvvəl çəkilib.

Peleni təbrik edən Məhəmməd Əli onu qucaqlayaraq, “Mənim dostum, mənim dostum. İndi iki ən böyük burdadır” – deyib.

Xatırladaq ki, 1977-ci il noyabrın 1-də Pele peşəkar futbol karyerasını sonlandırıb. Yubiley matçı “Cosmos” və “Santos” komandaları arasındakı dostluq qarşılaşmasında baş tutub. Böyük marağa səbəb olmuş matçı 650 jurnalist, 38 telekanal izləyib. 75 000 izləyicinin qarşısında baş tutumuş matçın biletləri 6 həftə əvvəldən satılıb qurtarıbmış.

Qarşılaşmadan əvvəl geyinmə otağında Peleni qucaqlayan boksçu Məhəmməd Əli əfsanə futbolçu haqqında xoş sözlər deyib.

Matçdan əvvəl milyonlarla futbol azarkeşinə müraciət edən Pele onları dünya uşaqlarına qarşı şəfqətli və mərhəmətli olmağa səsləyib. Daha sonra Pelenin xahişi ilə stadionda olan azarkeşlər bir ağızdan, “Sevgi, sevgi, sevgi” – deyib.

Çıxışından sonra ilk yarıda “Cosmos” forması ilə meydana çıxan Pele 30 metrdən rəqib qapıya qol vurdu. Bu, Pelenin peşəkar futbol karyerasında vurduğu axırıncı qol oldu.

İkinci yarıda “Santos” forması ilə sahəyə çıxan Pele bununla da peşəkar futbol həyatına nöqtə qoydu.

Pelenin Nyu Yorkun “Cosmos” komandasında oynaması o zamana qədər Şimali Amerikada rəğbət görməyən futbola qarşı milyonlarla insanda maraq oyadıb.

Pele