“Qırmızı Xaç Komitəsi düşünüb seçim etsin” – Deputat

Xəbər verildiyi kimi Azərbaycan Prezidenti  İlham Əliyevin bu günlərdə “Euronews” televiziyasına müsahibəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qarabağdakı ofisinin Bakı ofisinə yox, İrəvandakı ofisə tabe olmasının yolverilməz olduğunu bəyan etdi.

Azərbaycanın bu vəziyyətlə barışmaq niyyətində olmadığını diqqətə çatdıran ölkə başçısı çıxışı ilə Qırmızı Xaç Komitəsinin Xankəndidəki təmsilçiliyinin ya Bakı ofisinə tabe olmasını, ya da bütövlükdə Azərbaycandakı fəaliyyətinə son qoyulacağı xəbərdarlığını verdi.

Qarşı tərəfin hansı seçimi edəcəyi və məsələ ilə bağlı nə mövqe sərgiləyəcəyi məsələsi aktual olaraq qalır.  

Hələki səssizik nümayiş etdirən Komitə Bizim.Media-nın da bu istiqamətdəki suallarını cavabsız qoyub.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycan ictimaiyyəti və xalqımız Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətindən çox narazıdır:
“Məlum olur ki, ikinci Qarabağ müharibəsi dövründə də onlar bir çox hallarda öz missiyasına uyğun davranış ortaya qoymayıblar.

Komitənin  missiyası humanitar mahiyyət daşısa da, qurum informasiya daşımaq, qaçaqmalçılığa şərait yaratmaq və daha ağır digər cinayətlərdə bilavasitə vasitəçilik edib. Artıq bu istiqamətdə təkzibolunmaz faktlar ortaya çıxıb. 

Əlbəttə ki, Azərbaycan ictimaiyyətində haqlı olaraq suallar yaranır ki, necə ola bilər ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisi, eyni zamanda da Xankəndidə onların təmsilçiliyi olsun. Xankəndi Azərbaycanın bir şəhəridir və Azərbaycan ərazisidir. Belə dualist bir fəaliyyət qəbuledilməzdir”.

Elman Nəsirov əlavə edib ki, haqlı olaraq Azərbaycan dövləti bu məsələyə çox ciddi yanaşır və prinsipial mövqe ortaya qoyur:

“Mövqe də ondan ibarətdir ki, ya Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidəki təmsilçiliyi Bakı ofisinə tabe olmalıdır, ya da onlar bunu etməyəcəkləri təqdirdə bütövlükdə bu qurumun Azərbaycandakı fəaliyyətinə son qoyulmalıdır.

Artıq bununla bağlı müvafiq xəbərdarlıq həyata keçirilib. İndi top Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindədir. 

Düşünsünlər və öz əməllərinə qiymət versinlər. Buraxdıqları səhvləri, bilərəkdən yol verdikləri hüquq pozuntularını etiraf etsinlər və Azərbaycanın məlum tələbi qarşısında da seçim etsinlər. Məsələ bu qədər konkret və aydındır. Biz Azərbaycan dövləti olaraq qarşı tərəfdən mövqe ortaya qoymasını gözləyirik”, – deyə deputat qeyd edib.