İnsan cildinə girmiş cəlladlar

Ölkədə heyvana şiddət nə qədər kobud səslənsə də sanki əyləncəyə çevrilib. Psixologiyası pozulmuş, uşaqlıq dövrünün travmaları ilə böyüyən, vicdandan yoxsul, insan cildinə girmiş cəlladlar Allahın “dilsiz-ağızsız”, məsum varlıqlarına qarşı olmazın işgəncələr edib, bir növ bundan ləzzət alırlar.

Növbəti belə cinayət Goranboyda qeydə alınıb. Quşlarını yediyi üçün pişiyi öldürən, hələ bu azmış kimi cəsədini də asıb, işgəncə verən rayon sakini Nizami Səlimov adlı “şəxs” sonradan bu əməlini TikTok-da paylaşıb.

Polis əməkdaşları tərəfindən saxlanılan cinayətkar barəsində Goranboy rayon polis şöbəsində qanunamüvafiq tədbir görülüb.

Amma çifayda. Nə qədər tədbir görülsə də artıq qanun da belələrinin qarşısında acizdir. 

Psixoloq Fərqanə Mehmanqızı bildirir ki, hər hansı canlıya – fərqi yoxdur, insan ya heyvana şiddət müəyyən psixoloji problemlərin göstəricisidir. O, Demokrat.az-a açıqlamasında deyib ki, belə insanlar cinayətə cəlb olunmalı, onların psixologiyası yoxlanılmalı, lazım gələrsə, psixiatriya xəstəxanalarında müalicə almalıdırlar:

“Bu kliniki əlamətlər arasında şizofreniya, idiotizmi göstərə bilərik. Buna şəxsiyyət pozğunluğu da səbəb ola bilər. Hər bir halda, nəticə etibarilə deyə bilərik ki, şəxsiyyətin formalaşması dövründə ona qarşı səhv yanaşma olub, müəyyən mənfi təsirlərin nəticəsində belə bir fərd cəmiyyətə inteqrasiya edib. Belələri bütün insanlar üçün, cəmiyyət üçün həqiqətən problemdir, ciddi təhlükədir. O adam heyvana etdiyini körpə uşağa da, çarəsiz insana da edə bilər”.

F.Mehmanqızı qeyd edib ki, dünyada belə nümunələr çoxdur:

“Bu cür qəddar insanlar xəstələrə lağ edərək şiddət göstərib, xəstəxanalarda uşaqlara, psixiatriya müəssisələrində müalicə alanlara, hətta doğum evlərində uşaqlara işgəncələr ediblər. Dünyada çox belə hadisə yaşanıb, real nümunələr var. Bu adamlara ciddi yanaşmaq lazımdır. “Qonşum pişiyə belə elədi, gülüm, keçim” düşüncəsi zərərlidir”.

Psixoloq vurğulayıb ki, cəmiyyətdə bu yaraları sağaltmaq lazımdır.

““Bizim Cəbiş müəllim” filmində belə bir epizod var – Makedon cücələri yeyən siçanın üstünə nöyüt töküb, yandırmaq istəyir, Namiq də onu vurur. Cəbiş müəllim siçanı bürüyən alovu söndürüb, deyir, “bilsən ki, səni nəyin üstündə vurdular, onda səndən adam olacaq”. Həmin şillə əslində bu kimi caniliklərə baxıb gülənlərə vurulmuş şillədir. Bu vəhşilik sabah bizim uşaqlarımıza qarşı da edilə bilər. Xərçəng xəstəliyi kimidir, metastaz verir və bütün cəmiyyətə yayılır. “Mənə dəyməyən ilan min il yaşasın” deyib, hadisənin üstündən bizə “dəymədiyi” üçün keçirik. Yanlış düşüncədir. Uşaqlar belə videoları görür, maraq, əyləncə gözü ilə baxırlar. Baxış sayı həvəsilə sabah gedib bir pişiyə, itə qarşı eyni aqressiyanı göstərə bilərlər. Heyvanlara şiddət əyləncə deyil”.