İnstitutda ixtisarlar

27

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda növbəti Elmi Şura keçirilib. AMEA-dan ANS PRESS-ə verilən məlumata görə, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun sədrliyi ilə keçirilən şurada 2014-cü il aprelin 4-dən 25-dək olan müddət ərzində keçirilən elmi işçilərin attestasiyasının nəticələri ilə bağlı məsələ müzakirə olunub.

Şurada Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsaslanaraq AMEA Rəyasət Heyətinin qəbul etdiyi qərara uyğun olaraq AMEA Tarix İnstitutunda çalışan elmi işçilərin attestasiyası keçirilib.

Elmi Şuranın sədri AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək gənclərə üstünlük verilməsinə baxmayaraq uzun illərdən bəri Tarix İnstitutuna gənc mütəxəssislərin işlə təmin olunması üçün lazımınca vakant yerlərin ayrılmamasını təəssüf hissi ilə qeyd edib.

Tarix institutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov keçirilən attestasiyanın nəticələri ilə Elmi Şura üzvülərini tanış edib. Məlum olub ki, institutun əməkdaşları fəaliyyət göstərdikləri son 5 ildəki elmi nəticələr nəzərə alınaraq müvafiq olaraq baş elmi işçi, aparıcı elmi işçi, elmi işçi və kiçik elmi işçi vəzifələrinə uyğun görülüblər. Bəzi əməkdaşlara isə tutduğu vəzifələrdə saxlanılmaqla öz elmi tədqiqat işlərinin səmərəsini artırmaq üçün bir il vaxt verilib.

Fərdi plan əsasında elmi tədqiqat işlərini yerinə yetirməyən və müntəzəm olaraq işə davam etməyən bəzi əməkdaşlar isə tutduqları vəzifələrdən azad ediliblər.