İsa Həbibbəyli: “Təhsil istənilən cəmiyyətin taleyində həll edici rola malikdir”

 

 

isa

“Təhsil istənilən cəmiyyətin taleyində həll edici rola malikdir. Elə ölkə yoxdur ki, o inkişaf etsin, lakin təhsili geridə qalsın”. XALQ.AZ -ın xəbərinə görə, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli UNEC-də keçirilən “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda keçirilən beynəlxalq elmi- praktiki konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, təhsil dünyanı xilas edib, qabağa aparan əsas amildir: “Dünyada baş verən terror hadisələrin arxasında da təhsilsizlik, elmsizlik dayanır. Prezident İlham Əliyevin təhsilin inkişafı istiqamətində atdığı addımlar cəmiyyətimizin inkişafına öz təsirlərini göstərməkdədir. Əvvəllər ölkəmizdə əsas məqsəd büdcəni doldurmaq idi. Bu baxımdan sosial və iqtisadi sahələr ayrı idi. Lakin Ulu Öndərin hakimiyyətə gəlişindən ölkəmizdə sosial-iqtisadi sahələr birləşdirilərək bu sahədə aparılan addımlar bütün sahələr kimi təhsilin inkişafına öz töhfəsini vermiş oldu. Son illər bu sahədə görülən işlər müasir cəmiyyətin inkişafı modeli kimi ortaya qoyulub. Bu gün həm AMEA-da, həm də məktəblərdə islahat prosesləri gedir. Bir çox yeniliklər müşahidə olunmaqdadır. Təhsil krediti ilə bağlı qurumların yaradılması, eləcə də digər işlər təhsildə yeniliklərin olduğunu göstərir. Eyni zamanda Azərbaycan təhsili, elmi, iqtisadiyyatın inkişafına və insanların sosial rifah halının daha da yaxşılaşmasına təsir edir”.

İ.Həbibbəyli qeyd edib ki, təhsil sosial inkişafda çox vacibdir və buna önəm verilməlidir: “Çox təəssüf ki, magistratura istiqamətində dərsliklərin yazılmasına az diqqət edilir. Lakin təhsilin qanunvericilik bazası ilə bağlı mühüm addımlar atılır. Yaxın zamanlarda təhsilin digər sahələr ilə bağlı da qanun layihələri hazırlanacaq. Görülən işlər əminəm ki, cəmiyyətimizin daha da inkişafına böyük töhfə verəcək”.