“İşğal sona çatmalıdır”

Erdogan

BMT Baş Assambleyasının 69-cu iclasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsindən də söz açıb.

XALQ.AZ-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı ölkəsinin terrorla mübarizədə vacib rol oynadığını, 30 illik bir təcrübəyə malik olduğunu bildirib.

Türkiyə prezidenti ölkəsinin antisemitizmin, islamofobiyanın, irqçiliyin, bir sözlə, hər cür ayrı-seçkiliyin əleyhinə olan bir ölkə olduğunu vurğulayıb: “Kiprdə həll yolunu ən çox arzulayan və həll yollarını axtarmaq üçün əlindən gələni edən, Azərbaycan torpaqlarındakı işğalın bir an əvvəl sona çatmasını müdafiə edən, Ukrayna başda olmaqla, böhrandan əziyyət çəkən bölgələrdə ərazi bütövlüyünü ən güclü şəkildə müdafiə edən ölkə Türkiyədir.”

Daha sonra, “Regional və beynəlxalq sülhün təmin edilməsi üçün hər cür dəstək verməyə, dostlarımız üçün əvəzsiz bir dost olmağa, terrorun, zalımların, qatillərin, xüsusilə də uşaq qatillərinin qarşısında dimdik durmağa, demokratiya və rifahı daha güclü, daha cəsur şəkildə müdafiə etməyə davam edəcəyik.” – deyə R.T.Ərdoğan sözlərinə əlavə edib.