“İslahatlar düzgün istiqamətdə həyata keçirilməklə real nəticələr verir”

“Aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirə ölkəmizin iqtisadi inkişafının və islahatların davamının perspektivləri baxımından olduqca böyük əhəmiyyət kəsb edir”.

XALQ.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov prezident İlham Əliyevin dünən keçirdiyi müşavirəyə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, ilk növbədə, müşavirə göstərdi ki, koronovirus pandemiyası ilə əlaqədar dünyanın çətin bir durumda olduğuna baxmayaraq, ölkəmizdə sosial, iqtisadi, maliyyə, makroiqtisadi vəziyyət ciddi nəzarət altındadır:

“Müşavirədə ilin əvvəlində həyata keçirilmiş tədbirlər, əldə edilmiş uğurlar və görüləcək işlər barədə cənab Prezident tərəfindən ictimaiyyətə çox geniş və ətraflı məlumat verildi, təhlillərin nəticələri təqdim edildi. Cənab Prezidentin çıxışı göstərdi ki, cari ilin əvvəli ölkəmiz üçün uğurlu olub, islahatlar tam düzgün istiqamətdə həyata keçirilməklə real nəticələr verir, bütün dünyanı bürümüş koronavirus pandemiyasının mənfi təsirinə baxmayaraq ölkəmizin davamlı sosial-iqtisadi inkişafı, insanlarımızın maddi rifahının gücləndirilməsi üçün zəruri tədbirlər görülür. Eyni zamanda, müşavirədə ölkəmizdə pandemiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, onun vətəndaşların sosial vəziyyətinə göstərdiyi təsirinin qarşısının alınması üzrə aparılan islahatlar işıqlandırıldı, bunun üçün böyük maliyyə və inzibati resursların səfərbər olunması qeyd edildi, Azərbaycan dövləti üçün öz vətəndaşlarının sağlamlığının qorunması, sosial təminatının daim yaxşılaşdırılması ən vacib məsələ olduğu xüsusi vurğulandı. Bu bir daha onu göstərdi ki, heç bir bəla və çətinlik Azərbaycanda aparılan genişmiqyaslı islahatların qarşısını ala bilməz”.