İyulun 1-dən etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Son zamanlar dünyada 4 günlük iş rejiminə keçid bir çox ölkələrin müzakirə mövzusuna çevrilib. Ekspertlərin sözlərinə görə, iş vaxtının müddətinin azaldılması işçilərin daha məsuliyyətli olmasına, iş keyfiyyətinin artmasına səbəb olur. 
4 günlük iş rejimi İspaniya, Belçika, İslandiya, Böyük Britaniya, Hollandiya, İsveç, Almaniya, Danimarka, Finlandiya, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, ABŞ və Avstraliya kimi ölkələrdə tətbiq edilir.

Həmçinin, Qazaxıstan parlamenti də 4 günlük iş həftəsinə keçidlə bağlı qanun qəbul edib. İyulun 1-dən etibarən Qazaxıstanda dördgünlük iş həftəsi tətbiq ediləcək. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
Rusiya, Türkiyə ,Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələlər müzakirə mövzusudur.
Bəs, ölkəmizdə dördgünlük iş rejiminə keçid mümkündürmü?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov 4 günlük iş həftəsinə keçidin hələki tez olduğunu söyləyir:
“Bu işi icra etmədən öncə araşdırma aparmaq lazımdır. Əvvəlcə baxmaq lazımdır ki, bu rejimə keçən ölkələr hansı inkişaf səviyyəsinə malik dövlətlərdi. Dünyanın iqtisadi baxımdan ən çox inkişaf etmiş 20 dövləti sırasına daxildirlər və ya inkişaf etməkdə olan dövlətlər sırasındadırlar? Bu kimi məqamları analiz etmək lazımdır. Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olmağı strateji hədəf seçib. Sürətlə inkişaf etməkdə olan dövlətik. Amma 4 günlük iş rejiminə keçmənin bizim üçün hansı nəticələri doğuracağını demək çətindir. 4 günlük iş həftəsinə keçən ölkələrin iqtisadi gücü yüksək səviyyədədir. Azərbaycan inkişaf etmiş dövlətlər siyahısına daxil olduqdan sonra bu məsələnin müzakirəsi daha səmərəli ola bilər”.
Məsələ ilə bağlı  iqtisadçı-ekspert Akif Nəsirli 4 günlük iş rejiminə keçmək üçün iqtisadiyyatın buna hazır olmalı olduğunu bildirib:
“Toxunduğunuz mövzunun reallaşması Azərbaycan üçün bir qədər çətin məsələdir. Azərbaycan kimi ölkələrdə 4 günlük iş həftəsinə keçid qərarını qəbul etmək üçün iqtisadiyyat buna hazır olmalıdır. İqtisadiyyatın hazır olması isə əmək bazarına bağlıdır. Dünya ölkələri əsasən 5 günlük iş həftəsi ilə işləyir. Həftəlik iş rejimi 5 gün 8 saatdan ibarət olmaqla, 40 saatdır. Biz bu parametrə uyğun gəlmirik. Azərbaycanda muzdlu işləyən əhalinin 90%-i 7 gün işləyir”.
Akif Nəsirli MDB məkanında 4 günlük iş həftəsinə keçidlə bağlı qərarın qəbul edilməsinin populizmdən ibarət olduğunu düşünür:
“Bu proses “qərar qəbul edirəm” deməklə olmamalıdır. Təkcə iqtisadiyyatın inkişafı ilə buna nail olmaq olar. Həm də qanun aliliyi məsələsi ön planda olmalıdır.  İş prinsiplərinə əməl edilməlidir. Sahibkar bilməlidir ki, işçini 8 saatdan artıq işlədə bilməz. Biz əvvəlcə bu tələbi yerinə yetirmək üçün çalışmalıyıq. İqtisadiyyatımızı elə inkişaf etdirməliyik ki,  4 günlük iş həftəsinə keçid üçün imkanlar yaransın. Qeyd etdiyim kimi, bunun üçün qərar qəbul etmək kifayət deyil. Qərarın icra prinsipi düzgün həyata keçirilməlidir. Qazaxıstan 4 günlük iş həftəsinə keçid qərarını qəbul edib, ancaq gəlin görək orda bu qərar tətbiq edilirmi? Qazaxıstanda monitorinq aparılsa, 4 günlük iş həftəsi ilə neçə sahibkarın işlədiyini görə bilərik? Eləcə də bu məsələ Azərbaycan üçün aktualdır. Ölkə iqtisadiyyatını elə inkişaf etdirməliyik ki, 4 günlük iş rejiminə şərait yaransın”.