Jalə Əliyevə Prezident İlham Əliyevə təşəkkür etdi

Təşəkkürlər, cənab Prezident! Sizə bütün Zərdab seçiciləri adından və şəxsən öz adımdan dərin minnətdarlığımızı bildirirəm. Həyata keçirtdiyiniz uğurlu və əvəzsiz fəaliyyət nəticəsində doğma Azərbaycanımızın hər qarışı, o cümlədən deputatı olduğum Zərdab və Ucar rayonları hər ötən gün daha da inkişaf edir, abadlaşır, gözəlləşir.

XALQ.AZ  xəbər verir ki, bu fikirləri 92 saylı Zərdab-Ucar seçki dairəsindən Milli Məclisin deputatı Jalə Əliyeva dövlət başçısının imzaladığı Zərdab rayonunun Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncamı ilə bağlı özünün sosial şəbəkə hesabında etdiyi paylaşımında qeyd edib.

Deputat paylaşımında daha sonra qeyd edib: Bir zamanlar iqtisadi baxımdan ölkənin bir o qədər inkişaf etməmiş rayonu sayılan Zərdab indi Sizin diqqətinizlə, Sizin himayənizlə, Sizin qayğınızla tamamilə yeni libas geyinib. Son illərdə Zərdab rayonunun inkişafı ilə bağlı ard-arda imzaladığınız sərəncamlar, ayırdığınız vəsaitlər, verdiyiniz tapşırıqlar sayəsində Zərdab rayonunun siması tamamilə dəyişib. Bu müsbət  dəyişikliklər əlbəttə ki,  insanlarımızın gündəlik həyatında, yaşayış tərzində öz müsbət əksini tapır. Vətəndaşlarımız bu dəyişiklikləri böyük bir sevinclə qarşılayırlar və Sizə sonsuz minnətdardırlar. Bir daha sağ olun, cənab Prezident! Nə yaxşı ki, Varsınız!