Jalə Əliyeva: “Artıq dağlı-aranlı, aşağılı-yuxarılı vahid Qarabağ və Qarabağlı bütöv, qalib Azərbaycan var”

Prezident, qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman çox tarixi və olduqca əhəmiyyətli bir sənəddir. Bu Fərmanın məhz indiki dönəmdə imzalanması onun önəmini daha da artırır. Çünki bu vacib idi, belə bir Fərmana ciddi ehtiyac duyulurdu.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva deyib.

Deputat bildirib: “Fərmanda qeyd olunduğu kimi, ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişib, regionların iqtisadi potensialı artıb, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb, əhalinin rifah halı yüksəlib.

Ardıcıl surətdə həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da artırıb, 44 günlük Vətən müharibəsində parlaq Qələbənin qazanılmasına böyük töhfə verib”.

J.Əliyeva qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Həmin ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli şəkildə istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir. Xüsusilə Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

Eyni zamanda, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

“Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir”, – deyən deputat bildirib ki, Prezident İlham Əliyev məhz bütün bu məqamları nəzərə alaraq Azərbaycanda yeni təsnifatlandırılmış iqtisadi rayonların yaradılması ilə bağlı Fərman imzalayıb. Bu Fərmanadək ölkəmizdə 10 iqtisadi rayon var idisə, indi onların sayı 14-dür. Ən əsası, Fərmanda da vurğulandığı kimi, Şərqi Zəngəzur və artıq heç bir bölgü aparılmadan, Aşağı, Yuxarı, Dağlıq, Aran deyilmədən vahid, bütöv Qarabağ iqtisadi rayonlarının yaradılması həm iqtisadi, həm də siyasi əhəmiyyətinə görə çox vacib və çox önəmli məqamlardandır. Çünki adıçəkilən iqtisadi rayonlarla Müzəffər Ali Baş Komandan tarixi Qələbə və Zəfərimizdən sonra onun daha möhkəmləndirilməsi, əbədi edilməsi istiqamətində daha bir cəsarətli mövqe, qətiyyət nümunəsi, dəmir iradə ortaya qoydu.

Bununla düşmən dövlətə və onun qanlı havadarlarına bir daha mesaj verilir ki, Azərbaycan Zəngəzur dəhlizi məsələsində israrlıdır, qətiyyətlidir, birmənalı, dəyişməyən mövqeyə malikdir və artıq nə Dağlıq Qarabağ adlanan coğrafi ərazi, coğrafi quruluş, nə Dağlıq Qarabağ adlı münaqişə, nə də Dağlıq Qarabağ məfhumu var. 44 günlük müharibə və “Dəmir yumruq” əməliyyatı ilə münaqişəyə də son qoyulub, Dağlıq Qarabağ adlı anlayış da cəhənnəmə göndərilib, gorbagor edilib. Kimsə bundan sonra bu istiqamətdə yenidən nəyəsə cəhd edərsə, xəyallarla yaşayarsa, Azərbaycanın Vətən müharibəsində olduğu kimi, bir daha sərt üzünü, dəmir iradəsini, “Dəmir yumruğ”unu görəcəkdir.

“Artıq dağlı-aranlı, aşağılı-yuxarılı vahid Qarabağ və Qarabağlı bütöv, qalib Azərbaycan var. Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var və heç kim bu tarixi reallığı, faktı unutmasın. Şərqi Zəngəzur varsa, çoxlarına hələ də xəyal kimi görünən Zəngəzur dəhlizi də var, Zəngəzur dəhlizi də realdır və Azərbaycanın daha bir Zəfərə imza atacağı gün uzaqda deyil. Yumruğun daim qüvvətli, iradən daim möhkəm, dəmir, imzan daim mübarək olsun, Azərbaycan!”, – deyə deputat diqqətə çatdırıb.