Jalə Əliyeva:”Ermənistan beynəlxalq müstəvidə manipulyasiya kampaniyasını davam etdirməyə səy göstərir”.

XX əsrin sonlarından etibarən Azərbaycana qarşı işğal siyasəti yürüdən Ermənistan Azərbaycanın parlaq Zəfərindən sonra belə hələ də bölgədəki gərginliyin və revanşizmin mənbəyi olmaqda davam edir. Azərbaycanın Qarabağda sülhün bərqərar edilməsi məqsədilə atdığı konstruktiv addımlara baxmayaraq, Ermənistan müxtəlif əsassız iddialarla beynəlxalq müstəvidə manipulyasiya kampaniyasını davam etdirməyə səy göstərir.

10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişə əsasən Azərbaycan suveren ərazisi daxilində yerləşən və  “Laçın dəhlizi” adlandırılan, heç bir ekstraterritorial statusu olmayan avtomobil yolunda bu günə qədər heç bir vəchlə hərəkətə mane olmayıb. Lakin Ermənistanın bu marşrutdan ardıcıl olaraq humanitar yardım adı altında qeyri-qanuni məqsədlər üçün sui-istifadə etməsi bölgədə müvafiq nəzarətin təmin edilməsini zəruri etmişdir və bu səbəbdən Laçın yolunun başlanğıcında Ermənistan-Azərbaycan sərhəd-keçid məntəqəsi yaradılmışdır.

Ermənistan keçid məntəqəsinin guya  yolda nəqliyyatın hərəkətinə mane olduğunu və bununla da  humanitar vəziyyətin pisləşməsinə gətirib çıxardığını iddia edərək Beynəlxalq Ədalət Məhkəməsinə də müraciət etmiş, lakin məhkəmənin 6 iyul tarixli qərarı ilə bu tələb rədd edilmişdir.
Buna baxmayaraq, Ermənistan əsassız iddialarından və yersiz eyhamlarından əl çəkməmiş, Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra “humanitar böhran” yarandığı iddiası ilə BMT-yə müraciət etmişdir. Avqustun 16-da BMT Təhlükəsizlik Şurası məsələnin müzakirəsi üçün təcili iclas keçirib.

Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, Onun rəhbərliyi ilə beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlanması və tətbiq edilməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqların eyni müstəviyə gətirilməsi, strateji düşüncənin ön planda tutulması kimi amillər Təhlükəsizlik Şurasında Ermənistanın son ümidlərinin puça çıxmasına səbəb olub. Belə ki, separatçıların və Ermənistanın gözləntilərinin əksinə olarsq  BMT TŞ-də təşkil olunan müzakirədə xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, Qarabağda yaşayan ermənilərə qarşı guya aclıqla təhdid edilən soyqırımının törədilməsindən, ölümlə nəticələnən aclıq hallarının baş verməsindən bəhs edilməmişdir. Hətta məruzəçi dövlətlər tərəfindən Laçın yoluna paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyü bildirilmiş və Azərbaycanın terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyi təsdiqlənmişdir. Bu isə Ermənistanın bu məsələni bir daha hər hansı  beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalını sıfıra endirir. BMT Təhlükəsizlik Şurasının bu mövqeyi bir daha Azərbaycanın üstün mövqeyinin təntənəsi,  siyasi və diplomatik uğurunun növbəti təzahürüdür.

Jalə Əliyeva
Millət vəkili, Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini