“Jirinovski başqa xalqlara və dövlətlərə həqarət etmir, hətta rus xalqını da aşağılayır”

Vladimir Jirinovski avqustun 6-da yenidən danışdı və  tariximizə, xalqımıza, dövlətimizə, dövlətimizin başçısına həqarət dolu əvvəlki çıxışından nəinki imtina etdi, əksinə, daha irəli gedərək bildirdi ki, guya o,  mövcud təhlükələrlə bağlı Azərbaycan hakimiyyətinə xəbərdarlıq niyyəti ilə dediklərini bir daha təsdiq edir. V.Jirinovski bu dəfə Yaxın Şərq ölkələrində baş verən hadisələri, həmin dövlətlərin aradan götürülən liderlərinin aqibətini xatırlatdı. Budəfəki açıqlamasında açıq şəkildə etiraf etdi ki, qardaş Türkiyənin Azərbaycanda olması,  Azərbaycanla bir yerdə olması onu bərk qıcıqlandırır. Əcəba, görəsən yalnız onumu? 

 Gəlin, yada salaq ki,  Şuşa Bəyannaməsinin imzalanma mərasimində Prezident İlham Əliyev əvvəlcədən bildirmişdi ki, bu Bəyannəmənin əks-sədasını hələ uzun illər eşidəcəyik. Zənnimcə, tarixi Şuşa Bəyannaməsinə və onun ardınca imzalanmış Bakı Bəyannaməsinə qısqanc, narahatlıq ifadə edən reaksiyaların şahidi olmaqdayıq və bundan sonra da olacağıq. Nəzərə alsaq ki, hətta ölkəmizin Notasından sonra Jirinovski üzrxahlıq etmək əvəzinə, sərsəmləməkdə davam edir və bunun üçün ona  şərait yaradılır, deməli, Jirinovski təlxəklik edir və yalnız şəxsi fikrini bildirir mövqeyindən çıxış edənlər Prezidentimizin yada saldığım xəbərdarlığına xüsusi  diqqət yetirməlidirlər.

Vladimir Jirinovski (uşaqlıqda Eydelşteyn) son açıqlamasında guya xoş niyyətdən çıxış edərək ölkəmizi gözləyə biləcək, əslində isə özü kimi başların yaratmaq istədiyi təhlükələr barədə xəbərdarlıq edir. Eynilə onun xoş niyyətinə uyğun tərzdə, şəxsən mənə məlum olan, amma dünyada heç kimin bilmədiyi bəzi “sirləri” xəbərdarlıq məqsədilə nəzərlərinə çatdırmağı qərara aldım. Əsrlər boyu tarixi, mədəni, dil və din bağlılığı olan üç slavyan xalqından ikisi artıq bir-birinə düşmən kəsilib, üçüncüsü isə eyni münasibətə potensial namizəddir. Səbəb: qardaşlıq və dostluq etmək əvəzinə, Jiirinovski kimilərinin dili ilə rus cəmiyyətinə imperialist-şovinist əhval-ruhiyyəsinin aşılanması, qardaş torpağına göz dikilməsi və Ukraynanın bir hissəsinin işğal edilməsidir. Vaxtilə ən mehriban qonşularından  olan kiçik Moldova da Jirinovski zehniyyətində olanların eyni münasibətinə məruz qalıb. Görün işin harasıdır ki, əsrlər boyu Qafqazda  forpost hesab etdikləri, silah-sursatla yanaşı, havayı yemlədikləri Ermənistan da  xəyanət yolunu seçib və artıq üzünü Qərbə döndərib. Ərazisi işğal edildiyinə görə, Gürcüstanın hətta Rusiya ilə bağlılığı olan iqtidarı gürcü xalqının münasibətini bildiyi üçün diplomatik əlaqələri bərpa etməyə tələsmir. Əfqanıstanda baş verən hadisələr fonunda Orta Asiya respublikalarının sərhədlərinə hansı təhlükənin addım-addım yaxınlaşdığını görməmək mümkün deyil. Çin və Yaponiya ilə məlum adalar və  ərazilərlə bağlı mövqe toqquşmaları da gündəlikdən çıxmayıb. Kollektiv Qərbin artmaqda olan sanksiyalarına toxunmaq istəmirəm, çünki bu məsələ ilə bağlı gizlinlər, gözlənilən çətinliklər və aşkarlanacaq şok sirlər Jirinovskidən daha çox sahiblərinə məlumdur. Amma Jirinovskidən fərqli olaraq, yenə də xoş niyyətdən çıxış edərək Yaxın Şərqin, yəni xarici ölkələrin deyil, elə Rusiyanın öz tarixindəki acı səhifələrdən birini yada salmaq istəyirəm. 1917-ci ildə başqa bir Vladimirin, Vladimir Ulyanovun (Lenin) əmri ilə çar ll Nikolayı və onun ailə üzvlərini məhv etdilər. Rus rusu, imperator ailəsini məhkəməsiz-filansız edam etdi. Leninin nəşi hələ də Kremlin qarşısındakı Mavzoleydə saxlanılır və bəlkə də bu amansız cinayətinə görə Uca Tanrı imkan vermir ki, o, torpağa gömülsün…

Dilmanc rolunda çıxış edən Jirinovski kimilərə demək istədiyim budur ki, Azərbaycan-Türkiyə qardaşlığından və müttəfiqliyindən narahat olmağa dəyməz. Dostluqda və düşmənçilikdə yalnız bir üzü olan bu iki qardaşın tarixi ittifaqından xoflanmaqdansa, Jirinovskilər və onları danışdıranlar  özlərini, ilk növbədə, daxili təhlükələrdən qorumalıdırlar ki, o acı tarixi yenidən təkrarlamaq kimlərinsə ağlına gəlməsin.

Son olaraq, bir məqamı da diqqətə çatdırmaq istəyirəm. Vladimir Jirinovskinin bəzi çıxışlarına baxdım. Dəhşət bundadır ki, o, yalnız başqa xalqlara və dövlətlərə həqarət etmir, hətta rus xalqını da aşağılayır. Çıxışlarından birində Ural əhalisini kütbeyin və debil adlandırır. Bilmirəm, bu fikirlər ona dedizdirilir, yoxsa şəxsi fikridir. Lakin səbəbindən asılı olmayaraq, rus xalqını aşağılayan birisi 30 il ərzində Rusiyanın ən yüksək siyasi elitasında möhkəmlənə bilibsə, Sizcə, bu, ali inzibati dəstək olmadan baş verə bilərdimi?!  Əks təqdirdə, rus xalqı beləsini çoxdan yeyib, üstündən də su və ya sevimli içkisini çoxdan içmişdi. Nəhayət, Jirinovski ölkəmizə və Türkiyəyə qarşı həqarətlərini “Komsomolskaya Pravda” radiosu-Youtube kanalında səsləndirir. Bu, həmin media orqanıdır ki, ötən ilin oktyabrında ermənilərin Gəncəyə raket zərbəsindən sonra oradan çəkilən fotoşəkilləri dünya və rus ictimaiyyətinə Xankəndi mənzərəsi kimi təqdim etmişdi… 

Jirinovskilərin həqarətlərinin haradan qaynaqlanmasından və səbəblərindən asılı olmayaraq, gözləri ölkəmizdə olanlar bilməlidirlər ki, Azərbaycan xalqı son nəfərinədək öz tarixi Qələbəsinin və onu  bu Qələbəyə gətirib çıxarmış Ali Baş Komandanının arxasındadır. Prezident İlham Əliyevin düşmənə göstərdiyi o dəmir yumruğu da Xalq və Prezident birliyinin təcəssümüdür. Azərbaycanı məsafəli münasibətə keçməyə təhrik edən Jirinovski sayağı açıqlama sahibləri bilməlidirlər ki, Azərbaycan və Türkiyə kimi dost ölkələri, öz sözlərinin sahibi olan dövlətləri düşmənə deyil, düşməni dosta çevirə bilmək bacarığı siyasi müdrikliyin göstəricisi hesab olunur. Bütün dünyanı özünə qarşı qaldırmaq isə yaxşı heç nə vəd etmir…

Ülvi Quliyev 

Milli Məclisin deputatı