Jurnalist məhkəmə zalından azadlığa buraxıldı

 

Mehkeme-1

Sumqayıt Apelyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliylə jurnalist İkram Rafiqoğlunun və Rəhman Novruzovun apelyasiya şikayəti üzrə məhkəmə proses keçirilib. İkram Rafiqoğlu və Rəhman Novruzov Cinayət Məcəlləsinin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə təqsirli bilinərək, 25 noyabr 2016-cı il tarixli 1 il müddətinə azadlıqdan məhrum olunublar. Şikayət həmin hökmdən verilib.

Sumqayıt Apellyasiya Məhkəməsi hökmün dəyişdirilməsi barədə qərar çıxarıb. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. “Onlara 9 ay islah işləri cəzası təyin edilib. Təyin edilmiş islah işləri cəzası həbsdə qaldıqları 3 ay 14 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəzləşdirərək cəzalarını tam icra etdiklərinə görə məhkəmə zalından həbsdən azad edildilər”.
Vəkil əlavə edib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcək. “Kassasiya şikayətimiz təmin olunmasa İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvemsiyanın 6-cı və 10-cu maddələrinin pozulmasından İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət edəcəyik”.
Realliq.az saytının redaktoru İkram Rəhimov Sumqayıtdakı «Ucuz market» ticarət mərkəzinin rəhbəri Vüqar Qələndərovun xüsusi ittiham qaydasında şikayəti əsasında həbs olunub. Xüsusi ittiham qaydasında iddiaya səbəb olan  və R.Novruzovun şikayət məktubuna əsasən hazırlanan məqalədə Sumqayıtda fəaliyyət göstərən  “Ən Ucuz” ticarət mərkəzlərinin vergidən yayınması və bu ticarət mərkəzlərinin Zakir Fərəcov tərəfindən bağlanması, mərkəz rəhbərinin Zakir Fərəcova rüşvət verməsindən sonra fəaliyyətini bərpa etməsi qeyd edilib.