Jurnalist: “Mən Sizdən sadəcə ailəmin haqqını tələb edirəm”

“Heç bir mübaliğəyə və süni demaqoqluğa yol vermədən, bildirmək istəyirəm ki, son günlər ciddi-ciddi özümə xəsarət yetirmək, intihar etmək barədə düşünməyə başlamışam. Yəqin ki, bu sözlərdən sonra məni psixiatrik xəstəxanaya yerləşdirəcəksiniz. Amma mənim və mənim kimi minlərlə vətəndaşı intihar həddinə çatdıran, süründürməçilikdən həzz alan məmurlar da öz səfasına davam edəcəklər”.
Jurnalist Rüfət Seyidəhməd oğlu Əhmədzadə müraciətində belə yazır. O, Baş prokuror Kamran Əliyevə, Abşeron rayon prokuroru Qabil Qasımova, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 Saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrahimova və mediaya səslənib. Onun müraciətinə aidiyyatı qurumlar, eləcə də Abşeron rayon icra başçısı Abdin Fərzəliyev “tükünü tərpətmir”.
“Bunun səbəbləri düşdüyüm müxtəlif problemlər kimi görünsə də, əsas səbəb bu problemlərdən çıxmaq üçün tək şansımı əlimdən alan və məni aylardır süründürən Abşeron 4 saylı Ərazi İdarəsinin əməkdaşlarıdır.
Konkret rəis Fuad İbrahimovun da adını çəkmək istərdim, amma təəssüf ki, onun üzünü görməmişəm – o qədər əlçatmaz adamdır ki, onu görməyə imkan verməyiblər və yalandan iyunun 7-də məni “rəisin qəbuluna” yazsalar da, görüşdüyüm başqa adamlar, aşağı rütbəli məmurlar olub, onlar da şablon cavab verərək məni peşman dala qaytarıblar.
Neçə aydır ki, anam Gülarə Seyidağa qızı Məcidovanın adına qeydiyyat vəsiqəsi olan Masazırdakı evimizə çıxarış ala bilmirik. Bizi müxtəlif bəhanələrlə get-gələ salırlar. Bəlkə, 10 dəfə onların üzündən Ədliyyə Nazirliyi Baş Notariat İdarəsinə getmişəm. Onlar isə deyir ki, biz cavab vermişik. Əsas bəhanə odur ki, biz bu evi əvvəl satmış ola bilərik. Amma özləri sistemə baxmırlar. Əgər 4 Saylı Abşeron Ərazi İdarəsi bizə 2021-ci ildə verdiyi forma 1 arayışını geri alıbsa, qeydiyyat vəsiqəsi ilə notariuslarda alqı-satqı etmək mümkün deyilsə və sistemdə heç bir əməliyyat yoxdursa, mən o zaman bu evi necə sata bilərdim?


Külli miqdarda borcum olduğuna görə, bu evi satmaq istəyirəm. Çıxarış da mənə ona görə lazımdır və bu evdə yaşayan ailə üzvlərinin razılığı da var. Anam Gülarə Məcidovanın 72 yaşı var, mənə etibarnamə verib ki, bu işlərlə məşğul olum. Fuad İbrahimovun Vəfa adlı işçisi isə deyir ki, “məni bezdirmisən”. Çox üzr istəyirəm, mən dövlət işində çalışan bir xanımdan öz işinə aid olmayan nə istəyib bezdirə bilərəm ki?!
Bəs mən bezməmişəm?! Məni aylardır get-gələ salmısınız. Ondan-bundan yolpulu və siqaretpulu dilənirəm, səhərdən axşama kimi ac-susuz dövlət qurumlarının qapılarını gəzirəm. Yoxsa, bu şikayətlərimi mətbuatda dərc etməklə məşhur olmaq niyyətindəyəm? Axırda klip çəkdirmək fikrimmi var?!
Halbuki, mən Sizdən sadəcə ailəmin haqqını tələb edirəm. Bu gün Xırdalan və Masazırda çalışan bir çox ev “makler”ləri müxtəlif yollarla qanunsuz tikililərə sənəd düzəldirlər. Mən də onlardan birinə yanaşaraq, pul və tanışlıq ilə işimi həll etməli idim?!
Hörmətli Kamran Əliyev! Xahiş edirəm, məni bu vəziyyətə salan məmurların fəaliyyətini araşdırın. Və xahiş edirəm, biləsiniz ki, mənim başıma bir iş gəlsə, əsas səbəbkarı Abşeron 4 Saylı Ərazi İdarəsinin məmurlarıdır”.
(051) 722 01 34