Kəlbəcərin hər daşında, hər qayasında qədim türk tayfalarının izləri yaşayır.

2020-ci il 25 noyabr. Prezident İlham Əliyevin hər çıxışını səbirsizliklə gözləyən Azərbaycan xalqı əsl qəhrəmana çevrilmiş Liderdən həmin gün daha bir şad xəbərin müjdəsini aldı: “-Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu!” Həm də cənab Ali Baş Komandanın dediyi kimi, bir güllə atmadan, bir şəhid vermədən. Çünki Azərbaycan Ordusunun cəbhədəki qələbələri, uğurlu döyüş əməliyyatları düşməni buna məcbur etdi. “Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı”.

Bəli, daha bir həsrətimizə son qoyuldu. 27 il düşmən tapdağı altında qalan qədim oğuz yurdu Kəlbəcər azadlığına, doğma insanlarına, dilinə, dininə qovuşdu.

Qədim türklərin ilk yaşayış məskənlərindən olan, dağların ağuşuna aldığı Kəlbəcər Azərbaycanın ən böyük inzibati ərazi vahidlərindən biridir. Etimoloji araşdırmaların nəticələrinə görə, türk mənşəli “Kəlbəcər” sözünün mənası “çay üstündə qala” deməkdir. Maraqlıdır ki, ərazinin coğrafi quruluşu da bu ehtimalın doğruluğunu sübut edir.

Bu sözləri Milli Məclisin Ailə, qadın, uşaq məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva söyləyib.

Deputat deyib ki, Kəlbəcərin hər daşında, hər qayasında qədim türk tayfalarının izləri yaşayır. Buradakı bütün dağ, dərə, təpə, yarğan və digər relyef müxtəlifliklərinin adları məhz əski türk tayfalarının adları ilə bağlıdır. Kəlbəcərin türk yurdu olduğunu buradakı qəbiristanlıqlar da sübut edir. Alıbəyli, Zar və başqa kəndlərin ərazisində ayrı-ayrı dövrlərdə salınmış türk qəbiristanlıqlarındakı müxtəlif ölçülü qəbirüstü heyvan fiqurları – at, qoç və sair qədim türklərin totem inancından da xəbər verir. Bu qiymətli abidələr özündə sirli-sehrli keçmişin müəmmalarına veriləcək cavabları gizləyən qiymətli kitabələr kimi ilmə-ilmə, sətir-sətir oxunaraq xalqın soy¬kökünün gizlinlərini aşkara çıxaran açar kimi Vətənin hər oğlunun, hər qızının heç vaxt unutmayacağı, itirməyəcəyi əmanətinə çevrilmişdir. Ey Vətən oğlu! Sənin soy¬kökünün ən etibarlı sənədi məhz tarixin heç bir güzəşt bilməyən damğası ilə möhürlənmiş elə bu daşlardır: Vəng kəndi ərazisindəki Alban məbədi, Çərəkdar kəndindəki Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisindəki Lök qalası, Qaraçanlı kəndindəki Uluxan qalası, Tərtər çayı ilə Bulanıq çayı qov¬şa¬ğın¬da yerləşən Alban kilsəsi, Qalaboynu kəndindəki Qalaboynu qalası, Comərd kəndindəki Comərd qalası, Camışlı kəndindəki Keşikçi qalası, Kəlbəcər şəhərindəki, Başlıbel və Otaqlı kəndlərindəki məscidlər, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlı daş körpü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağındakı Seyid Əsədullanın ziyarətgahı…

Tarix Kəlbəcərdən başlayır: burada aparılan arxeoloji qazıntılar zamanı qədim insanların yaşayış məskənlərində – mağara və düşərgələrdə ibtidai insanların daşdan ilk əmək alətlərinin hazırlanmasını sübut edən tapıntılar da aşkar olunub.

Kəlbəcərdəki alban dövrünə aid xeyli tarixi abidə əsrlərin keşməkeşlərinə sinə gərərək günümüzədək gəlib çıxmışdır. Bu abidələrdən ən məşhuru rayonun 29 kilometr şərqində yerləşən Xudavəng məbəd kompleksidir. Təxminən VI-VII əsrlərdə alban knyazı tərəfindən tikilən bu abidə-kompleks sonrakı yüzilliklərdə knyazlığın dini məbədi olmuşdu. Kəlbəcərdə Vəng kəndi ərazisində digər bir alban məbədi də var. Daha sonra “Laçınqaya”, “Lev”, “Uluxan”, “Qalaboynu”, “Comərd” kimi alban abidələrini də qeyd etmək lazımdır.

Qədim albanların izlərini daha sonra qayaüstü rəsmlər, küp qəbirlər kimi antik dövr mədəniyyət nişanələrində görmək olar. XX əsrin ikinci yarısından, daha dəqiq desək, 1968-ci ildən tədqiq edilməyə başlayan “Qaragöl” və “Zalxa gölləri” sahillərindəki, “Ayıçınqılı” və “Pəriçınqılı” dağlarındakı qayalarda qayaüstü təsvirlərlə yanaşı, 1976-cı ildə burada qədim yaşayış yerləri də aşkar edilmişdir. Alimlər Kəlbəcər ərazisindəki qayaüstü təsvirləri Qobustandakı yazılı və şəkilli daşların oxşarı –“əkiz”ləri adlandırırlar. “Soltan Heydər”, “Qurbağalı çay”, “Turşsu”, “Ayıçınqılı”, “Gəlinqayası”, “Böyük dəvəgözü”, “Sərçəli” və sair yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir.

Yenicə düşmən əsarətindən qurtulan, bəziləri məhv edilən, bir qismi təhrifə uğrayan, özgələşdirilən bu maddi-mədəniyyət nü¬munələri səbirsizliklə, həm də böyük həsrətlə xilas olunacaqları, əsarətdən qurtulacaqları günü gözləyirdilər və bu gün qəhrəman oğullarımızın rəşadəti, qanı, canı bahasına onların həsrətinə son qoyulmuşdur.

Torpağının üstü tariximizi yaşadan, minillərə şahidlik edən maddi-mədəni sərvətlərlə zəngin olan bu qədim yurdun təkinin dərinlikləri də faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə, sənaye əhəmiyyətli civə ehtiyatları (Şorbulaq və Ağyataq) ilə zəngindir. Tanrı bu yurddan öz səxavətini əsirgəməmişdir.

Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcərin əsrarəngiz təbiəti var. 30 min hektara yaxın meşə sahəsi, hüsnünə şeirlər qoşulan, nəğmələr oxunan Camışdağ (3724 m) və Dəlidağ (3616 m) zirvələrinin füsunkar mənzərələri, Alagöllər, Qaragöl, Zalxa gölü kimi büllur gözlü göllərinin gözyaşıtək dumduru aynası bu türk yurdunu tarixin yaddaşına silinməz izlərlə həkk etmişdir.

Bəli, düşmənin talayıb məhv etdiyi, yaddaşı hüdudsuz və ölüm¬süz olan o qədim “daşlar” hər an öz yerli sakinlərini ümidlə gözləyirdi. Çox şükür ki, biz onları gözü yolda qoymadıq!

Qədim əcdadlarımızın yurd yeri, el-obası, 1936 kvadratkilometr ərazisi olan, 63 il əvvəl inzibati rayon statusu alan, 60 min əhalinin yaşadığı (işğaldan əvvəlki statistikaya görə), 13 minədək fərdi mənzil, 37 min 852 hektar meşə sahəsini əhatə edən, böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilən, Azərbaycanın və postsovet məkanının ən gözəl diyarlarından və istirahət guşələrindən biri sayılan, barlı-bərəkətli, gözəl təbiətli, minbir dərdin dərmanı olan nemətləri ilə, qiymətli yeraltı və yerüstü sərvətləri – “qızılı, civəsi, uranı, 3 milyard kubmetrlik mərmər yataqları, 3000-dən çox dişgöynədən, keyvir bulağı, 300-dən artıq narzan mənbəyi” ilə məşhur olan Kəlbəcər 1993-cü il aprelin 3-də işğal edilmişdi. Kəlbəcər uğrunda döyüşlər Qarabağ müharibəsinin ilk vaxtlarından başlamışdı. 1988-ci ildən erməni daşnakları tərəfindən süni surətdə alovlandırılan “Dağlıq Qarabağ münaqişəsi”nin lap başlanğıcından düşmən Kəlbəcərin qala kimi strateji əhəmiyyətini dərk edərək özünün riyakar, xəbis niyyətlərini həyata keçirmək üçün Ağdərə rayonu ərazisindən yolları bağlamış və rayonu mühasirəyə almışdı. Doğrudur, ilk vaxtlar Kəlbəcər-Laçın, Kəlbəcər-Gəncə istiqamətində yolların çəkilməsi ilə bu mühasirə yarılmışdı, lakin sonradan hadisələrin gedişi və gərginliyin artması, xüsusilə də Kəlbəcərlə həmsərhəd olan və azərbaycanlıların yaşadıqları Basarkeçər bölgəsindən sakinlərin qovulması rayon üçün təhlükəni daha da artırmışdı.

Kəlbəcərin işğalına gedən yolun faciələri nə sözə sığar, nə dastana… Bu yolda ilk qurbanlar 1989-cu il iyulun 14-də xain düşmənin hiyləsinə tuş gələn 8 nəfər azyaşlı olmuşdu… Daha sonra 1992-ci il aprelin 8-dən 9-na keçən gecə Ağdabandan başlayan hücum Kəlbəcərin süqutunadək gəlib çıxmışdı…

…1993-cü il martın 23-dən işğal gününədək isə qanlı döyüşlər getmişdi. İşğala siyasi qiymət verən tarixçilər “erməni qoşunları ilk dəfə Dağlıq Qarabağ anklavının hüdudlarından kənara çıxmışdı” deyə qeyd edirdilər. Kəlbəcər uğrunda gərgin döyüşlər 10 gündən çox davam etmişdi. Qüvvələr açıq-aşkar qeyri-bərabər idi. Təbii ki, Ermənistan tərəf yalnız öz qüvvələri ilə döyüşmürdü. Artıq dünyanın etiraf etdiyi bir faktdır ki, Rusiyanın 128-ci alayı erməni tərəfdə vuruşurdu. Azərbaycan tərəfdən isə 701-ci hissə və Kəlbəcər könüllüləri döyüşürdülər. Düşmən 15 qat üstün qüvvələrə malik idi. Azərbaycan Kəlbəcər döyüşündə 450 nəfərdən çox itki vermişdi. Yerli camaatın qəhrəmanlığı və fədakarlığı sayəsində mühasirədə olan 60 min sakin təxliyə edilmişdi.

Sərin yaylaqlı Kəlbəcər dağlarının ətəklərindəki qədim yurd-yuvalarından didərgin düşmüş kəlbəcərlilər işğaldan sonra Azərbaycan Respublikasının 62 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşamağa məcbur olmuşdular. Statistik məlumatlar göstərir ki, 1993-cü ilin qiymətlərinə görə, Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53 min 340 sakin qovulmuş, 511 dinc sakin ağlasığmaz üsullarla qətlə yetirilmiş (o cümlədən 20 uşaq), 1231 nəfər isə ağır işgəncələrə məruz qalaraq əsir götürülmüş (onlardan 20-si azyaşlı körpə olub, 17-si sonradan azad edilmişdir) və 3-ü qız olmaqla, 10 uşaq itkin düşmüş, 2500 nəfər (onlardan 3-ü azyaşlı olub) əlil olmuş, 78 uşaq valideynlərdən birini itirmişdir. Üstəlik, işğalçı düşmən BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində erməniləri məskunlaşdırmışdı.

Kəlbəcərin işğalı bütün Azərbaycanı sarsıtmışdı. Çünki bu, çox ciddi bir məğlubiyyət və fəlakət idi. Vətən sanki bütün dünyaya hayqıraraq etiraz səsini bildirmək istəyirdi. İşıqlı zəkaların, düşüncə adamlarının, siyasilərin, demək olar, gücü, imkanı çatan, əli yetən hər kəsin etirazı BMT Təhlükəsizlik Şurasının 3205 saylı iclasının qəbul etdiyi 822 saylı Qətnamə ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəsinədək kağız üzərində qalan bir sənədlə nəticələnmişdi.

Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə hərbi məntəqələrinin yerləşməsi, rayonun və bütün yaşayış məntəqələrinin darmadağın edilməsi, təbii sərvətlərin talan olunması, maddi-mədəniyyət abidələrinin məhvi dünyanın bütün tolerant və multikultural dəyərlərə önəm verən ictimaiyyəti tərəfindən həmişə qınanılmışdır. Düşmən nə qədər cəhd etsə də, Kəlbəcərin qədim türk yurdu olduğunu heç vaxt, heç bir yolla tarixin səhifələrindən silə bilməmişdir!

Aradan illər keçsə də, hər bir azərbaycanlının qəlbindəki Kəlbəcərə qovuşmaq arzusu, əzmi heç zaman sönməmişdir.

Ümummilli liderimiz Heydər Əliyev 1996-cı il aprelin 1-də kəlbəcərli ziyalıların bir qrupu ilə keçirdiyi görüşdəki çıxışında demişdi: “Bu faciəni heç vaxt unutmaq olmaz, faciə bizə nə qədər qəm-qüssə, kədər gətirsə də, bu faciədən hərə özü üçün bir ibrət götürsün. Yaşatmaq lazımdır ki, dünya xalqları bilsin – Azərbaycanın başına nə kimi bəlalar gəlibdir və erməni qəsbkarları nə qədər vəhşidirlər ki, Azərbaycan xalqının başına bu cür bəlalar gətiriblər. Ona görə bunu yaşatmaq lazımdır, unutmaq olmaz, nəsillərdən-nəsillərə ötürmək lazımdır”.

Azərbaycan xalqı həmişə inanmışdır və 44 günlük Vətən müharibəsi də bir daha göstərdi ki, Vətən uğrunda canlarını qurban vermiş oğullarımızın qanı yerdə qalmamış və qalmayacaqdır! Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız düşmən işğalından azad olunduğu kimi, həmin rayonlarımız dirçələcək, o yerlərdə həyat bərpa olunacaq, kəndlərimiz daha da çiçəklənəcək və xalqımız öz doğma yurd-yuvalarına qayıdacaq!

Kəlbəcərin ürəkdolusu “oğul” deyə biləcəyi, tarixi keçmişi, zəngin sərvətləri, əsrarəngiz təbiəti və sair ilə yanaşı, onu məşhurlaşdıran, qoynunda böyütdüyü ləyaqətli övladları da vardır. Bu şərəf, bu ləyaqət elə təkcə ondan bəlli olur ki, 1993-cü ilin aprel ayında Kəlbəcər Ermənistan silahlı qüv¬vələri tərəfindən işğal edildikdən sonra öz el-obasından ayrı düşən, respublikamızın 62-dən çox rayon və yüzlərlə kəndinə səpələnən kəlbəcərlilər min bir çətinliyə, əzab-əziyyətə qatlaşaraq öz adət-ənənələrini, özlərinə xas ədəbi-bədii irsi, mənəvi dəyərlərini qoruyub saxlaya bildilər.

Bu gün Kəlbəcər xoşbəxtdir. Bu səadəti yurdumuza və yurddaşlarımıza yaşadan Ali Baş Komandan və onun yenilməz əsgərlərinin xidmətləri, bu yolda şəhid olmuş qəhrəman oğullarımızın müqəddəs xatirəsi bu millətin, bu xalqın qəlbindən, qan yaddaşından heç zaman silinməyəcək.

Elə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 26 noyabr tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalının təsisi də məhz Kəlbəcər rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltifi və qiymətləndirilməsi üçün nəzərdə tutulmuşdur.

Xalqımız əmindir ki, Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti sayəsində Kəlbəcər tezliklə yenə də Azərbaycanın dilbər guşələrindən birinə çevriləcək.