Kamran Əliyev görüş keçirdi

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Tacikistanın Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Suleymon Sultonzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

 

XALQ.AZ xəbər verir ki, Baş prokuror ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dövlət başçılarının uzaqgörən siyasətləri nəticəsində yüksələn xəttlə inkişaf etdiyini vurğulayıb.

 

Kamran Əliyev Prezident İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən ardıcıl və sistemli qabaqlayıcı tədbirlər, aparılmış hüquqi və institusional islahatlar, milli antikorrupsiya qanunverciliyinin təkmilləşdirilməsi, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, həmçinin çağdaş dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.

 

Baş prokuror ölkəmizin suveren ərazi bütövlüyünün tam şəkildə bərpa edildiyini, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə işğaldan azad edilmiş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işlərinin aparıldığını xüsusilə vurğulayıb.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən Suleymon Sultonzoda rəhbərlik etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirməklə iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə bundan sonra da dəstək verəcəklərinə əminliyini ifadə edib.

 

Nümayəndə heyəti Baş Prokurorluğun Tarix muzeyində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan, həmçinin Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu özündə əks etdirən guşə və eksponatlarla tanış olublar.