Kim oruc tutmaya bilər?

Haci

Hacı Şahin: “Aclığa dözə bilməmək orucu tərk etməyə səbəb ola bilməz”

 Müsəlman dünyası üçün müqəddəs ay Ramazan başlayır. Şəriətdə bu ayda insanların günün müəyyən saatlarında yemək-içməkdən imtina etmək buyrulur. Lakin müasir dövrümüzdə elə peşə sahibləri var ki, onların peşələrində böyük çətinliklər var. Pilot, həkim, sürücü və s. kimi peşə sahiblərinin işləri çətinliklə yanaşı böyük məsuliyyət tələb edən vəzifələrdəndir. Həmin peşə sahibləri Ramazan ayında oruc tuta bilərlərmi?
Orucluqla bağlı bildiklərimiz və bilmədiklərimizi öyrənmək üçün ilahiyyatçı, “Mənəvi dünya” İctimai Birliyinin rəhbəri, ilahiyyatçı alim Hacı Şahin Həsənlidən müsahibə götürmək qərarına gəldik.
– Ramazan ayı nə üçün müqəddəs adlandırılır?
– Ramazan Qurani-Kərimdə adı çəkilən yeganə aydır. Müqəddəs kitabda başqa heç bir ayın adı çəkilməyib. Ramazan ayı ona görə müqəddəsdır ki, Qurani-Kərim bu ayda nazil olub. Məhz bu ayda Allah müsəlmanlara oruc tutmağı vacib buyurub. Qurani-Kərimin “Bəqərə” surəsində Allah bəyan edir ki, “Sizdən öncəkilərə vacib edildiyi kimi, oruc tutmaq sizlərə də vacib edildi ki, bəlkə təqvalı olasınız…”.
Yəni orucun əsəs fəlsəfəsi pəhrizkarlıqdır. Oruc təkcə ac-susuz qalmaqla deyil, oruc ağılın istəklərə qələbə çalması deməkdir. İnsanın özünə hakim olmasını bacarması deməkdir. Ona görə də, insan bu zaman kamilləşir, mənəvi baxımdan zənginləşir. İnsan istək və nəfsinin əsarətindən qurtulmuş olur. Oruc tutmaq o qədər savabdır ki, hətta oruc tutan vaxt insanın nəfəsi belə təsbih olur, yəni hər nəfəsinə savab yazılır.
– Hansı yaşdan sonra oruc tutmaq vacib sayılır?
– Oruc həddi-büluğa çatan dövründən tutulmalıdır. Bu qızlar üçün 9, oğlanlar üçün 15 yaş kimi qiymətləndirilir. Bu yaşdan sonra insanlara oruc saxlamaq vacib buyurulur. İnsan həddi-buluq dövründən yaşlanıb, zəifləyənə qədər oruc tutmalıdır. Yəni insan yaşlaşarsa, zəifləyərsə, bu zaman oruc tutmaqdan azad olur. Bundan əlavə, insan xəstədirsə, həkimlərin qəti tapşırığı varsa, onda onlar da orucu tərk etməlidirlər. Eləcə də, səfərdə olan müsəlmanlar orucdan azad olurlar. Eyni zamanda, hamilə qadınlar, süd verən analar özlərinə və uşağa ziyan dəyəcəyinə əmin olarsa, orucu tərk edə bilərlər.
– Aclığa dözümü olmayan insanlar nə etməlidir?
– Aclığa dözə bilməmək orucu tərk etməyə səbəb ola bilməz. Aclığa dözə bilməmək, iradə zəifliyindən başqa bir şey deyil. Orucun müəyyən çətinliyi var və ona dözməyi bacarmaq lazımdır. İbadət çətin olduqca savabı da çox olur.
– Çətin peşə sahibləri, sürücülər, pilotlar, idmançılar və s. oruc tuta bilər? 
– Əslində səfərdə olan insanlar oruc tutmaqdan azad olurlar. Lakin işləri sırf səfərlə bağlı insanlar səfər etdikləri zaman oruc tuta bilərlər. Təbii ki, əgər bu həmin insanalrın işinə mənfi təsir etməyəcəksə. Ümumiyyətlə insan səhhətinə və işinə ziyan olan əməldən çəkinməldir.
– Hazırda cəbhə bölgələrində vətənin keşiyində dayanan əsgərlərin də maraqlandığı bir məsələ var. Onlar hərbi xidmət zamanı oruc tutmalıdırlarmı?
– Şəriətdə hərbi xidmətdə olan əsgərlərə də eyni qanunlar tətbiq edilir. Lakin səngərdə olan əsgərlər, bütün günü gün altında və həqiqətəndə çətin şəraitdə qalırlarsa, bu zaman oruc tutmaya bilərlər. Əgər ac qalmaq əsgərlərə ziyan verəcəksə, onlar orucu tərk edə bilərlər.
Xəstəlik və ya digər fiziki qüsurları olan kəslər oruc tutmaqdan azaddır. Bəs onlar savab qazanmaq üçün nə etməlidir?
– Qurani-Kərimdə buyurulur ki, Allah insanı daşıya biləcəyindən artıq yükləməz. İnsanlar gücü çatan qədər Allaha ibadət edə bilər. Müqəddəs kitabda qeyd olunur ki, Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. Orucun da tutulması kiminsə səhhətinə zərər vurarsa onlar oruc tuta bilməz. Xəstə, uşaq, yaşlı kəslər bu qrupa aid insanlardır. Oruc bütünlükdə cəmiyyətin məsuliyyətini insana xatırladır. İnsan bütün cəmiyyətin məsuliyyətini öz üzərində hiss edir. Məhz bu səbəbdən də oruc tutmaq nə qədər fəzilətli əməldirsə, iftar vermək, digər insanları düşünmək, onların halına yanmaq hətta oruc tutmaqdan da fəzilətli əməl hesab olunur. Kimin ki, imkanı var, onlar orucun hər günü müqabilində sədəqə ayırsın. Əgər buna imkan yoxdursa, hər gün çalışsınlar istixvar etsinlər. Alahın dərgahına yönəlsinlər, Allahdan bağışlanmaq diləsinlər. İnsanlar bu ayda daha çox istixvar və tövbə etsinlər. Tövbə yalnız bir dəfə olmur. İnsan hər dəfə Allahın dərgahına yönəlməyə ehtiyaclıdır. Bu zaman insan ruhi və mənəvi dəyərlərə yiyələnə bilər.
 
Dərman preparatı qəbul edən insan oruc tuta bilərmi?
– İnsan dərman qəbul etməyə məcburdursa, onda Ramazan ayında oruc tutmaqdan azad olur. Lakin orucluq qurtardıqdan sonra sağalarsa, buraxdığı günlərin qəzasını tutmalıdır. Əgər təcili olmazsa Ramazan ayından sonra müalicəyə başlamaq da yaxşı olar. Lakin dərman axşam qəbul edilərsə, onda oruc tutmaq olar.
 
– İnsan bu ayda təkcə ac qalmaqla imtahana çəkilir?
– Təbii ki, orucluq tək ac və susuz qalmaq demək deyil. Oruc zamanı insan bütövlükdə günahlardan çəkinməlidir. İnsanın bütün bədən üzvləri oruc halında olmalıdır. Gözü harama baxmamalıdır. Dili yalan, böhtan, şər, qeybət, nalayiq və digər haram söz danışmamalıdır. Qulağı haram söz eşitməməlidir. İnsan bütün vücudu ilə oruc halında olmalıdır. Yalnız ac-susuz qalmaq insanın mənəvi təkamülünə səbəb ola bilməz. İnsan təkamülə çatmaq istəyirsə çalışıb günahlardan çəkinməlidir. Məhz oruc tutmaq da insana bu baxımdan gərəklidir. Ramazan ayında yaxşı olar ki, müsəlmanlar orucun mənəvi tərəflərinə diqqət etsinlər. Bu ayda haramdan, günahdan çəkinmə məsələsi önəmli olmalıdır. Muhəmməd peyğəmbər (s.ə.s) özü Şərəbanuyə xütbəsində, yəni Şərəban ayının sonuncu cümə günü orucluq barədə danışarkən Ondan soruşurlar ki, “bu ayda ən fəzilətli əməl hansıdır?”. Hz Peyğəmbər cavabında buyurur ki, “haram işlərdən, haram fikirlərdən uzaq olmaq ən gözəl əməldir”. Hətta insan bu ayda düşüncəsinə də hakim olmalıdır. Bu ay həm də həmdərdlik deməkdir. Məhz bu ayda varlı və kasıb insanlar eyni aclığı dadır. Bu zaman imkanlı şəxslər aclığı dadmaqla kasıbların halından hali olur. Onlarda ehsan xüsusiyyəti yaranır. İnsan başqalarının dərdini bilməsə onlarla şərik ola bilməz. Oruc fərdi olduğu qədər, həm də ictimai ibadətdir.
– Bəs orucu nələr batil edir?
– Orucu qadağan olunmuş saatlarda yemək, içmək, başın suya batırılması, Allahın, peyğəmbərlərin və imamların adından yalan danışmaq, cinsi əlaqə, imalə, qatı tozun udulması, insanın özünü qusdurması, sübh azanına qədər qüsullu vəziyyətdə qalmamaq orucu batil edir. Yəni boynunda qüsul varsa, sübh azanına qədər onu almalıdır.
– Söyüş söymək, naməhrəma baxmaq, qeybət etmək və s. kimi bəyənilməyən əməllər orucu pozurmu?
– Söyüş söymək, naməhrəmə baxmaq, qeybət və s günahlar orucu şəri baxımdan batil etməsə də, onun qəbul olunmasına mane olur.
 
– Oruc halında dünyadan köçən insan üçün nə hökm verilir?
– Oruc tutan insanın vəfat etməsi onun üçün üstünlük və fəzilətdir.
– Ağızı, burunu yaxalamaq orucu batil edirmi? İnsan tüpürcəyini udarsa bunun orucun pozulmasına hansısa təsiri olarmı?
– Əgər su boğazdan içəri keçməzsə, su udulmazsa, o zaman ağız yaxalamağın eybi yoxdur. İnsan əmin olacaqsa ki, ağız yaxalamaqla su onun boğazından keçməyəcək onda oruc pozulmaz.
Bəziləri elə zənn edir ki, oruc insan tüpürcəyini uda bilməz. Amma bu yanlış fikirdir. İnsan oruc olarkən tüpürcəyini rahat şəkildə uda bilər. Lakin kənardan rütubətin qəbul olunması və tüpürcəklə birgə boğazdan içəri keçməsi orucun batil olmasına səbəb olur.
– Mühüm məsələrdən biri də Ramazan ayında toy, bayram, şadyanalığın keçirilməsidir. Bu mövzuya toxunmağınız yaxşı olardı…
– Ümumiyyətlə Ramazan ayı ibadət ayıdır. Bu ayda yaxşı olar ki, daha çox ibadətə fikir verilsin. Xüsusilə də iftardan qabaq yemək verilə bilməz deyə, toyun keçirilməsi məsləhət deyil. Düzdür Ramazan ayı sırf yas ayı deyil. Lakin bu ayda bayramların keçirilməsi adət olmadığı üçün insanlar həmişə belə günlərdə şadyanalıqdan çəkiniblər. Bundan da əlavə Ramazan ayında Həzrət Əlinin (ə.s.) şəhid olduğu gün var. Onun hörmətini saxlamaq üçün bu ayda şadlıq mərasimlərindən çəkiniblər. Amma, şəri nöqteyi-nəzərindən bu aylarda toy etmək qadağan deyil. Lakin tövsiyyə edilir ki, bu ayda şadlıq keçirmək bir qədər az olsun.