Kolumbiya və Venesuellada planetin ən böyük poeziya günləri keçirilir

Bu günlərdə Kolumbiya və Venesuellada planetin ən böyük poeziya günləri keçirilir. Belə ki, iyulun 1-dən başlayan 33-cü Beynəlxalq Medelin Şeir Festivalı davam edir. Bununla yanaşı iyulun 13-dən 18-dək Venesuelanın paytaxtı Karakasda Dünya Poeziya Hərəkatının I Konqresi baş tutacaq. 104 ölkədən 60-a yaxın şairin qatıldığı Medelin beynəlxalq şeir festivalının əsas məqsədi demokratik azadlıqlara, sosial dəyişikliklərə və tam sülhə həsr olunub.

Azərbaycanı bu nüfuzlu poeziya tədbirlərində tanınmış şairə Nigar Həsənzadə təmsil edir.

N.Həsənzadə bildirib ki, festivalda Azərbaycan dilində öz şeirlərini səsləndirəcək: İstər Medelindəki 33-cü Beynəlxalq Şeir Festivalında, istərsə də Dünya Poeziya Hərəkatının ilk Konqresində ölkəmizi layiqincə təmsil etməyə çalışacağam. Seçilmiş şeirlərimi təqdim edəcəyəm. Bundan əlavə, festivalın bağlanış mərasimindəki çıxışımı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edəcəyəm”.

Onu da qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan N.Həsənzadənin şeirləri dəfələrlə İngiltərə, Almaniya, Türkiyə, ABŞ, Kanada, Avstraliya, Polşa və Rusiya kimi ölkələrdə aparıcı şairlər tərəfindən yüksək qiymətləndirilib və tərcümə olunaraq ədəbi mətbuatın səhifələrində dərc olunub. N.Həsənzadə 2002-ci ildə Azərbaycanda “Humay” milli mükafatına layiq görülmüş, 2005-ci ildə Böyük Britaniyanın “Modern Poetry in Translations” jurnalının “Russian Women Poets” antologiyasına, eləcə də XX əsrin 70 rus qadın-şairi – “Russian Women Poets” antologiyasına daxil edilib. Bundan əlavə, o Böyük Britaniya ərazisində yaşayan “10 ən yaxşı əcnəbi şair” siyahısına daxil edilib.