Könül Nurullayeva; “Füzuli və Zəngilanın mina xəritəsinin təhvil verilməsi Azərbaycanın növbəti diplomatik uğurudur”

Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim etməsi ilk növbədə Prezident İlham Əliyevin və Azərbaycan diplomatiyasının növbəti uğurudur. Bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib. Millət vəkili qeyd edib ki, Füzuli və Zəngilan Ağdamdan sonra ən çox minalanmış ərazilərdir. Ağdamdan sonra ən böyük infrastruktur layihələri Füzulidə həyata keçirilir. Füzuli
strateji əhəmiyyət kəsb edən ərazilərdən biridir. Bütün yol-nəqliyyat infrastrukturu buradan keçir. Ərazilərin minalardan təmizlənməsi bərpa prosesini və keçmiş məcburi köçkünlərin qayıdışının sürətlənməsini təmin edəcək. Eyni zamanda söhbət on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatının təhlükədən xilasından gedir.
Mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində vasitəçilik missiyasını bu dəfə Rusiya həyata keçirdi. Bundan əvvəl 97 min minanın basdırıldığı Ağdamın xəritəsinin təqdim olunması isə Avropa İttifaqı və ABŞ-ın dəstəyilə baş tutdu. Görünən budur ki, fövqəlgüclər də azad olunmuş ərazilərin minalardan təmizlənməsində və regionda əməkdaşlıq və dayanıqlı sülhün bərpa olunmasında maraqlıdır. Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib. Bu, bir daha göstərir ki, Azərbaycan postmünaqişə dövründə regionun rifahına xidmət edən istənilən təşəbbüsü dəstəkləyir. Əməkdaşlıq mühitində hər zaman adekvat davranış sərgiləyən rəsmi Bakı qarşılıqlı güzəştlərin tərəfdarıdır. Sadəcə bu güzəştlər məqsədyönlü və konstruktiv xarakter daşımalıdır.