Koronavirusdan ölən məşhurlar – Siyahıda kimlər var?

Bir neçə aydır ki, koronavirus pandemiyası dünya əhalisini çıxılmaz vəziyyətə salıb.

Virusdan həyatını itirənlərin sayı 1 milyonu ötüb. Onlar içində yalnız sıravi vətəndaşlar deyil, həm də siyasətçi, idmançı, sənətçi kimi məşhur simalar yer alıb.

XALQ.AZ onların siyahısını təqdim edir:

Siyasətçilər:

İranın Məsləhət Şurasının üzvü Məhəmməd Mirməhəmmədi martın 2-də koronavirusun qurbanı olub. Məhəmməd Mirməhəmmədi Əli Xamneyi və Əkbər Haşimi Rəfsəncaninin prezidentlikləri dövründə İran Prezident Aparatının rəhbəri vəzifəsində çalışıb. O, Məclisin iki çağırışında deputat olub.

İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi də koronavirusdan ölən siyasətçilərdəndir. 82 yaşında dünyadan köçən Xosrovşahi həm də koronavirusdan ölən ilk ruhanidir. Hadi Xosrovşahi inqilabdan sonra Ruhullah Xomeyninin İslami İrşad Nazirliyindəki nümayəndəsi, 2 il sonra isə bu ölkənin Vatikandakı səfiri vəzifəsinə təyin edilmişdi. O, həmçinin Romada “İslam Mədəniyyət Mərkəzi”nin təsisçisi idi.

Türkiyənin İYİ Partiyasının Bakırköy təşkilatının qurucusu Süleyman Tefek koronavirusdan dünyasını dəyişib. Bu barədə dünən partiya sədri Maral Akşener məlumat yayıb.
İranın sabiq diplomatı və parlamentin keçmiş üzvü Hüseyn Şeyxülislam da koronavirusdan dünyasını dəyişib. O müxtəlif vaxtlarda İranın Suriyadakı səfiri vəzifəsində çalışıb. Hüseyn Şeyxülislam həmçinin İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin müşaviri olub.

Liviyanın sabiq Baş naziri Mahmud Cibril də virusun qurbanlarından olub. Liviyalı siyasətçi Misirdə dünyasını dəyişib. 67 yaşlı M.Cibril 2012-ci ildən Liviyada Baş nazir vəzifəsini icra edib.

İran parlamentinə Tehran şəhərindən seçilən 55 yaşlı qadın deputat Fatimə Rəhbər koronavirusdan müalicə aldığı Məsih Daneşvari xəstəxanasında dünyasını dəyişib.

Fransanın O-de-Sen departamentinin Baş Şurasının sədri, keçmiş nazir Patrik Devedjyan martın 29-na keçən gecə koronavirusdan dünyasını dəyişib.

Xəstəliyə yoluxaraq ölən siyasətçilər arasında İran Ekspertlər Şurasının üzvü Seyid Həşim Bəthayi də var. O, hətta ölümündən öncə koronavirusun yayılmasında Amerikanı günahlandırmışdı.

Koronavirusun həyatına son qoyduğu daha bir siyasətçi İran parlamentinin sabiq vitse-spikeri Məhəmməd Rza Hatəmidir. O, 1979-cu ildə ABŞ səfirliyinin ələ keçirilməsində və 52 nəfərin girov götürülməsində iştirak edərək tanınıb.

İdmançılar:

Fransada yaşayan azərbaycanlı idmançı Zəlimxan İbrahimov da koronavirusa yoluxaraq ölüb. Komaya düşən idmançının həyatını xilas etmək mümkün olmayıb.

İspaniyanın həvəskarlar liqasında mübarizə aparan “Atletiko Portado Alta” klubunun futbolçusu Fransisko Qarsiya da koronavirusun qurbanı olub. Onkoloji xəstəliyinin olduğu aşkarlanan 21 yaşlı oyunçu həm də “Atletiko Portado Alta”nın gənclərdən ibarət komandasının baş məşqçisi idi.

İspaniyanın “Real Madrid” klubunun sabiq prezidenti Lorenso Sans 76 yaşında virusdan dünyasını dəyişib. O, ölümündən bir neçə gün əvvəl yüksək temperaturla xəstəxanaya çatdırılıb. Sabiq funksionerin koronavirus analizi müsbət nəticə verib.

İranın qadın futzalçılardan ibarət yığma komandasının sabiq üzvü Elham Şeyxi də pandemiyadan həyatını itirən idmançılardandır. 23 yaşlı futzalçı ölümündən 10 gün əvvəl Qum şəhərində xəstəxanaya yerləşdirilib. Onda koronavirus testi müsbət nəticə verib.

Koronavirun yayıldığı Çinin Uhan şəhərində yaşayan 72 yaşlı idmançı Qiu Jun tibbi maska taxmağı rədd etdiyi üçün ölüb. O, koronavirusdan ölən ilk idmançıdır. Virusa yoluxan bodibildinq müəllimi fevralın 6-da dünyasını dəyişib.

İtaliyanın “Atalanta” klubunun 4 əməkdaşı da koronavirus pandemiyasının qurbanı olub. Öncə klubun gənclərdən ibarət komandalarında çalışan Enso Donina və Enso Marandonun pandemiyanın qurbanı olduğunu açıqlayan “Atalanta” daha sonra menecer Albino Broqni ilə masajçı Severino Possentinin də dünyasını dəyişdiyini bəyan edib.

İspaniyanın “Espanyol” klubunun sabiq qapıçısı və məşqçisi Benito Xoanet də koronavirusdan həyatını itirən idman nümayəndələrindəndir. 84 yaşlı idmançı bir neçə ay əvvəl insult keçiribmiş.

İranda futzal və futbol məşqçisi kimi fəaliyyət göstərən Əhməd Taheri də koronavirusdan həyatını itirib. Taheri dörd ay əvvəl immunitet sistemini zəiflədən beyin şişi əməliyyatı keçiribmiş.

İtaliyalı keçmiş atlet Donato Sabia da virusun qurbanı olub. 57 yaşında koronavirusdan ölən veteran idmançının atası da bu yaxınlarda eyni səbəbdən vəfat edib. Atlet 1984-cü ildə Avropa çempionatının qalibi olub.

İspaniyanın “Atletiko” klubunun veteran futbolçusu Migel Cons bir neçə gün öncə sözügedən xəstəlikdən ölüb. Sabiq yarımmüdafiəçi 82 yaşlı keçmiş oyunçu həm də xərçəng xəstəliyindən də əziyyət çəkirdi.

ABŞ Milli Futbol Liqasının (NFL) sabiq ulduzu Tom Dempsi də 74 yaşında koronavirusdan vəfat edib. Dempsi pandemiyaya Yeni Orleandakı qocalar evində yoluxub. O, son zamanlar Altsgeymer və demensiyadan (yaddaş problemi) da əziyyət çəkirdi.

Sənətçilər:

Britaniyalı aktyor Endrü Cek də koronavirusdan ölüb. London yaxınlığında yerləşən hospitalda vəfat edən 76 yaşlı aktyor “Ulduz müharibələri”nin yeddinci və səkkizinci epizodlarında mayor Saluan Emattın rolunu oynayıb. Bundan əlavə, aktyor “Səhnə danışığı” fənnindən dərs deyib. Onun Robert Dauni, Keyt Blanşet, Pirs Brosnan kimi məşhur tələbələri var.

Amerikalı musiqiçi, bəstəkar Adam Şlezinger 52 yaşında virusdan ölüb. ”Variety” nəşrinin yaydığı məlumata görə, Adam koronavirusu ən ağır formada keçirib. Şlezinqer üç “Emmi” mükafatının sahibidir, eyni zamanda “Ən yaxşı yeni sənətçi” nominasiyasında “Qremmi” mükafatını alıb.

İtaliyalı aktrisa Lüçiya Boze də sözügedən ağır xəstəlikdən həyatını itirib. 89 yaşlı aktrisa 1947-ci ildə L.Boze “Miss İtaliya” tituluna layiq görülüb. O, 1950-ci ildə İtaliyanın ən gözəl qadını ilk filminə çəkilib.

Amerikalı aktyor Mark Blum də koronavirusun qurbanlarındandır. 69 yaşında həyatını itirən Blum Blum “Timsah Dandi”, “Sopranonun klanı”, “Kor görüş” və “İrəli addım 3D” kimi filmlərdə çəkilib. Aktyor daha çox “Çarəsiz qalan Susan” (Dəli Madonna) filmindəki rolu ilə tanınıb.

Amerikalı müğənni Con Prayn 73 yaşında koronavirusdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun sıx ünsiyyətdə olduğu həyat yoldaşı və menecerində də virus aşkarlanıb. Məşhur folk ifaçısı ikiqat “Qremmi” mükafatçısıdır.

Həmçinin koronavirusdan ölən məşhur simalar arasında Türkiyə Quru Qoşunlarının keçmiş komandanı Aytaç Yalman da var. Onun həyat yoldaşı da koronavirusa yoluxduğuna görə müayinə altındadır. General 80 yaşında İstanbulda vəfat edib. İran İnqilab Keşikçiləri Korpusunun komandanlarından olan Nəsir Şabani və Hüseyin Əsədollahi də virusun qurbanı olub. Türkiyənin tanınmış teatr rejissoru, yazıçı-tərcüməçi Coşkun Tunçtan da virusdan həyatını itirib. Uzun illər Fransada yaşayan rejissor orda koronavirusa yoluxaraq dünyasını dəyişib. Eyni zamanda 81 yaşlı amerikalı dramaturq Terrens Filipp bu yaxınlarda koronavirus səbəbi ilə vəfat edib.