Kürdəmirdə yarımillik yekun hesabat

12

 

 

Ulu Öndər Heydər Əliyev strategiyasından qaynaqlanan, elmi əsaslara və bazar iqtisadiyyatı prinsiplərinə söykənən, insan amilini əsas tutan çevik iqtisadi siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi iqtisadi inkişafın Azərbaycan modelinin alternativsiz olduğunu bir daha sübut edir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Respublika Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarımilliyində sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 10 iyul tarixli iclasında  bu ilin 6 ayında  görülmüş işlər ətraflı təhlil edilmiş, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yığıncaqda 6  ayda qarşıda duran bütün iqtisadi və sosial məsələlərin uğurla həll edildiyini, ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişafına nail olunduğunu qeyd etmişdir.

Aparılmış uğurlu islahatların nəticəsində 2014-cü ilin altı ayında iqtisadiyyat 2,1 faiz artmış, ümumi daxili məhsulun səviyyəsi yüksəlmiş, qeyri-neft sektorunun inkişafı 7 faiz səviyyəsində olmuşdur.  Ölkə iqtisadiyyatının şaxaləndirilməsi ilə bağlı tədbirlər davam etdirilmiş,  sosial məsələlərin həlli diqqət mərkəzində saxlanılmışdır. Sənaye sahəsində, xüsusi ilə kənd təsərrufatında istehsal təxminən 6 faiz artmış, inflyasiya cəmi 1.6 faiz təşkil etmiş, əhalinin pul gəlirləri isə 4.7 faiz artmışdır.

Bu ilin altı ayında 65 min yeni iş yeri açılmışdır. Bütövlükdə isə son 10 il ərzində 1 milyon 300 mindən çox yeni iş yerləri açılmışdır ki, bu da işsizliyin xeyli azalmasına səbəb olmuşdur.

Bütün sahələrdə qazanılmış uğurlar bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə yeni və sürətli inkişaf mərhələsini yaşayır, dünya miqyasında daha da güclənir və zəngin dövlətə çevrilir.

Hörmətli yığıncaq iştirakçıları!

Möhtərəm Cənab Prezident 2014-cü ilin birinci yarımilliyində Respublikamızda  sosial-iqtisadi inkişafın uğurlu olduğunu, gələcək aylarda da bu müsbət dinamikanın saxlanılacağını və Dövlət  Proqramı çərçivəsində nəzərdə tutulmuş bütün vəzifələrin uğurla icra ediləcəyini  qeyd etməklə qarşımıza mühüm vəzifələr qoymuşdur.

Dövlət Proqramına əsasən rayonumuzda nəzərdə tutulmuş tədbirlər həyata keçirilmişdir.

2014-cü ilin birinci yarımilliyində 588 nəfər işlə təmin olunmuşdur ki, bundan 438 nəfəri daimi (o cümlədən 12-si yeni yaradılmış, 122-si mövcud müəssisə və təşkilatda,  304  nəfər fiziki), 150 nəfəri isə müvəqqəti və mövsümü işlə təmin olunanlardır.

2014-cü ilin altı ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 0.4 faiz artaraq, 180224.2 milyon manat olmuşdur. Ümumi məhsul buraxılışının 79.4 faizi məhsul istehsalı, 20.6 faizi isə xidmət sahələrində olmuşdur.

Cari dövrdə regionların  sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq aqrar sektorun inkişafı diqqət mərkəzində saxlanılmışdir.

Taxıl istehsalının artırılması sahəsində ardıcıl işlər görülür.

35837 hektarda əkilmiş taxıl sahələri 1.5 dəfə suvarılmış, 14 min hektardan çox sahəyə üzvü və mineral gübrələr verilmiş, 8 min hektarda ziyan-vericilərə qarşı, 6 min hektarda alaq otlarına qarşı mübarizə aparılmışdır.

Toxumluq taxıl sahələrinə fərqli qulluq təşkil olunmuşdur.

Taxıl biçininə hazırlıq mütəşəkkil aparılmış, kənardan cəlb edilənlərlə birlikdə zəmilərə 130 ədəd kombayn çıxarılmış, 20 iş günü müddətinə ən minimal itkilərlə 33830  hektar sahənin taxılı biçilmişdir.

Qeyd etmək lazımdır ki, cari mövsümdəki iqlim şəraiti taxıl istehsalı baxımından son dövrlərin ən əlverişsiz ili olmuşdur. Havaların uzun müddət quraq keçməsi nəticəsində bəzi sahələrdən olduqca az məhsul götürülmüşdür.

Bununla belə rayonda  57,7 min ton taxıl istehsal olunmuşdur ki, bunun da 24 min tonunu buğda məhsulu təşkil edir. Hazırda taxıl istehsalının qarğıdalı dəni hesabına artırılması tədbirləri görülür. Bu il 500 hektardan çox sahədə dənlik qarğıdalı əkilmiş, ən müasir  texnologiya ilə becərilməsi təşkil olunmuşdur.

Toxum istehsalına daha diqqətlə yanaşılmış, 5 min tondan çox toxumluq dən ayrılmışdır.

Bu il 13104 hektarda yonca, 1184 hektarda kartof, 2760 hektarda tərəvəz, 4027 hektarda bostan, 54 hektarda günəbaxan, 42 hektarda yerfındığı becərilir. Becərmənin gedişi və sahələrdə məhsulun vəziyyəti göstərir ki, bütün yazlıq əkinlərdən ötən ildəkindən xeyli çox məhsul götürüləcəkdir.

Kürdəmir “Aqrotexservis” filialının maddi-texniki bazası bir qədər yaxşılaşdırılmış, filial 100-dən çox traktor, kombayn və digər kənd təsərrüfatı maşın və mexanizmlərlə təzhiz olunmuş, bu il 15 ədəd avropa istehsalı olan müasir kombaynlar alınmışdır.

Aqrotexservis Mərkəzi tərəfindən istehsalçılara 300 tonadək güzəştli qiymətlərlə mineral gübrələr satılmışdır.

Bundan əlavə 7 özəl aqrotexservis mərkəzində 130-dan çox traktor, kombayn və digər kənd təsərrüfatı texnikalarından istifadə olunur. Fiziki və hüquqi şəxslər tərəfindən 120  traktor və digər kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Bunun nəticəsidir ki, rayonda kənd təsərrüfatı işlərinin əsasən optimal müddətlərdə görülməsi mümkün olmuşdur.

Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iri buynuzlu mal qaranın sayı 63.5 min başa, qoyun keçilərin sayı 132.4 min başa çatmış, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin I yarımilliyində ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 0.6 %, süd istehsalı 0.7 %,  yumurta istehsalı 2.5 faiz, yun istehsalı 1.6 % artmışdır.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində işlər davam etdirilir. Bu ilin birinci yarımilliyində rayondakı 10 nəfər süni mayalanma texnikləri tərəfindən 513 iri buynuzlu mal elit törədicilərin toxumları ilə süni mayalandırılmış, 309 başdan çox bala alınmışdır. Lizinq yolu ilə alınmış 158 baş cins düyə artırılaraq 260 başa çatdırılmış, daha 200 baş cins düyənin alınması üçün sifariş verilmişdir.

Cins düyələrin yüksək texnologiya ilə saxlanılması təmin olunmuşdur.

Hazırda rayondakı  Süd Zavodunda 8 çeşiddən çox süd məhsulları emal edilir.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Aqrar məsələlər şöbəsi və kənd təsərrüfatına xidmət edən təşkilat rəhbərləri öz işlərini bundan sonra da günün tələbləri səviyyəsində qurmalı, məhsul istehsalının artırılması istiqamətində lazımi tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirməlidirlər.

Hörmətli yığıncaq iştirakçıları!

Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.

Rayon mərkəzində və kəndlərdə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, texniki cəhətdən nasaz olan sayğacların dəyişdirilməsinə, sıradan çıxmış transformatorların yeniləri ilə əvəz olunmasına diqqət artırılmışdır.

Bununla belə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, nasaz sayğacların vaxtında dəyişdirilməsi sahəsində nöqsanlar hələ də davam etməkdədir. Bu səbəblərdən də küləkli və yağmurlu havalarda elektrik enerjisinin fasiləsiz verilməsində problemlər yaranır ki, bu da əhalinin haqlı narazlığına səbəb olur. Bəzi hallarda sayğaclara müdaxilə edənlərə qarşı ciddi mübarizə aparılmır.

Nasos stansiyalarına enerji verilişində çoxlu sayda lüzumsuz açılmalara yol verilir. Bu da nasosların sıradan çıxmasına , işə bərpa olunmasında çox böyük çətinliklər yaradır və suyun verilişində yaranan fasilələr əhali arasında ciddi narazılığa gətirib çıxarır.

İstifadə edilmiş enerji daşıyıcılarının dəyərinin 100 % ödənilməsi nəzərdə tutulduğu halda  son 6 ayda əhali sektoru üzrə istehlak edilmiş enerjinin dəyərinin cəmi 68.1% yığımı təmin edilmişdir ki, bu da qətiyyən yol verilməzdir.

Birinci yarımillik ərzində rayonun kəndlərinə paylanmış bildiriş üzrə 1576388 manata qarşı 1074083 manat vəsait toplanmışdır ki, bunun nəticəsində 502304 manat debitor borcu yaranmışdır. Belə ki, istifadə edilmiş elektrik enerjisinin dəyəri Ərəbqubalı kənd inzibati ərazi dairəsi üzrə cəmi 49,2%, Sığırlı kənd inzibati ərazi dairəsi üzrə 48,1%, Axtaçı kənd inzibati ərazi dairəsi üzrə 53.9 %, Mehdili kənd inzibati ərazi dairəsi üzrə 56,9%, Pirili kənd inzibati ərazi dairəsi üzrə 54,0%, Muradxan kənd inzibati ərazi dairəsi üzrə 59,3%, Qarasaqqal kənd inzibati ərazi dairəsi üzrə 59,5%, Kəngərli kənd inzibati ərazi dairəsi üzrə 53,8%, Topalhəsənli kənd inzibati ərazi dairəsi üzrə 72,9%,vəsait toplanmışdır ki, bu da bağışlanılmaz hal kimi qiymətləndirilməlidir.

Rayon Elektrik şəbəkəsinin rəhbərliyi rayon əhalisinin elektrik enerjisi ilə fasiləsiz və itkisiz təmin edilməsi məqsədi ilə sıradan çıxmış elektrik dirək və naqillərin tez bir zamanda yeniləri ilə əvəz olunması, SİP kabelləşmə və kart-sayğac sisteminə keçirilməsi məqsədi ilə qısa müddətdə konkret və kompleks tədbirlər hazırlayıb həyata keçirməlidir.

Dövlət Proqramına uyğun olaraq 2014-cü ildə Qaz İstismarı sahəsi tərəfindən əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə 2014-cü ilin II rübündə 528 ədəd istismar müddətini başa vurmuş qaz sayğacı yenisi ilə əvəz olunmuş, 613 mənzilə layihə-smeta sənədləri əsasında qaz sayğacı qoyularaq təbii qazla təmin edilmişdir.

Dövlət Proqramına uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi  tərəfindən layihə-smeta sənədləri hazırlanmış, Çöhranlı kəndinə Sığırlı QPS-dən uzunluğu d 35 mm-lik PE 26478 pm boru qaz kəməri çəkilmişdir. Çöhranlı kəndində yaşayan əhalini təbii qazla təmin etmək üçün 15234 pm müxtəlif diametrli kənddaxili polad qaz xətləri çəkilmiş və 236 vətəndaşın mənzilinə qaz sayğacı quraşdırılaraq istifadəyə verilmişdir.

Bağman kəndində d 16 mm-lik və d 110 mm-lik PE borularla 10951,5 pm daşıyıcı qaz xətti çəkilmiş, 10105 pm müxtəlif diametrli kənddaxili paylayıcı polad boru qaz xətləri çəkilmiş, 110 ədəd elester tipli qaz sayğacları quraşdırılmış və əhalinin istifadəsinə verilmişdir.

2014-cü ilin birinci yarımilliyində inzibati ərazilərdə müxtəlif diametrli qaz borularında 530 ədəd qaz sızmaları aşkar edilərək ləğv edilmiş, 91 ədəd qaz tənzimləyicisi şkaf (QTŞ), 14 ədəd isə siyirtmə təftiş edilərək təmir olunmuşdur.

Rayon Qaz İstismarı sahəsinin rəhbərliyi nəzərdə tutulmuş yaşayış məntəqələrinin qazlaşdırılması işini sürətləndirməli, korroziyaya uğramış kəmərlərin vaxtında dəyişdirilməsini təmin etməli, sayğaclara müdaxilə edən abonentlərə qarşı ciddi mübarizə aparılmasını təşkil etməlidir.

Birinci yarımillik ərzində əhali tərəfindən istifadə edilmiş təbii qazın dəyəri   92% faiz ödənilmişdir ki, bu da bu vacib sahədə işlərin lazımi səviyyədə təşkil edilmədiyini göstərir.

Qeyd etmək lazımdır ki, altı ay ərzində 1043526 manata qarşı 964200 manat, və ya 92 % təbii qazın dəyəri ödənilmişdir. 6 ay ərzində təbii qaza görə görə 79326 manat debitor borcu yaranmışdır. Belə ki, istifadə edilmiş təbii qazın dəyəri İsmayıllı kəndi üzrə 50%, Böyük Kəngərli kəndi üzrə 62%, Sığırlı kəndi üzrə 55 %, Bağman kəndi üzrə 75 %, Təklə kəndi üzrə 82% ödənilmişdir ki, bu da yol verilməz olmaqla bu vacib sahədə işlərin lazımi səviyyədə təşkil edilmədiyini göstərir.

Odur ki, rayon Qaz İstismarı sahəsinin rəhbərliyi bu sahədə konkret tədbirlər görməli, öz işçilərinə qarşı tələbkarlığı daha da artırmalı, bildirişlərin istehlakçılara vaxtında paylanmasında intizam yaratmalı, təbii qaz itkisinin qarşısını almalıdır.

Dövlət Proqramına uyğun olaraq əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə “Hidrolotus” şirkəti tərəfindən Ağsu rayonunun Külüllü bulağından Kürdəmir rayonu istiqamətində diametri 500 PN10 və 560 PN10 mm olan polietilen borularla 29108 p/m uzunluqda su xətti çəkilmişdir. Bundan əlavə Ağsu rayonunun Ərəbmehdibəy kəndində tutumu 7500 m3 olan su anbarının tikintisi başa çatmış, son tamamlama işləri aparılır.

Şəhər ərazisində diametri 110 mm-dən 450 mm-ə qədər olmaqla polietilen borularla 131000 p/m su xətti çəkilmişdir.

Diametri 32 mm olan ev birləşmələrinin uzunluğu isə 8171 p/m-dir.

Bundan əlavə kanalizasiya sistemlərində də müəyyən işlər görülmüşdür. Belə ki, diametri 300 mm olan polietilen borularla 481 p/m, diametri 200 mm olan polietilen borularla isə 21255 p/m kanalizasiya şəbəkəsi qurulmuşdur. Bu şəbəkələr arasında diametri 1000 mm olan 622 ədəd dəmir-beton baxış quyusu quraşdırılmışdır. Cəmi 21736 p/m kanalizasiya xətti çəkilmişdir.Rayonun Qərb hissəsində çirkab sularının təmizlənməsi üçün çirkab su nasos stansiyasının tikintisinə başlanılmışdır.

Çirkab suları ötürmək üçün 12 metr dərinlikdə diametri 1200 mm olan 1200 p/m uzunluğunda mikrotunel tikilmiş və hazırda bu işlər davam etdirlir.

Bu günədək 4800 ədəd su sayğacı quraşdırılmış, bunlarda 4564 ədədi  aktivləşdirilmiş və əhalinin istifadəsinə verilmiş, xidmət olunan abonentlərin sayı 17745 nəfərə çatdırılmışdır.

` Qeyd etmək lazımdır ki, rayon Su-Kanal sahəsinin gördüyü  işlərlə yanaşı ciddi nöqsan və çatışmamazlıqlar davam etməkdədir.

Belə ki, kanalizasiya xətlərinin vaxtaşırı təmizlənməməsi səbəbindən son dövrlərdə kanalizasiya ilə bağlı rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər edilmiş,  əhali arasında narazılıqlar yaranmışdır.

Bu işlərin vaxtında və keyfiyyətlə görülməsi rayon  İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, Memarlıq və tikinti şöbələri, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən gündəlik nəzarətə götürülməlidir.

Əhaliyə göstərilən kommunal xidmətin səviyyəsinin yüksəldilməsi, şəhərimizin bütün küçə və meydanlarının daima təmiz və səliqəli saxlanılması bu sahəyə xidmət göstərən müvafiq qurumların ən başlıca vəzifələrindəndir.

Kommunal xidmətin yaxşılaşdırılması məqsədi ilə Dövlətimiz tərəfindən əvəzsiz olaraq rayonumuza verilmiş xüsusi texnikalardan səmərəli istifadə olunmalı, bu maşınların imkanlarından küçələrdə təmizlik işlərinin  aparılmasında maksimum istifadə edilməlidir.

Rayon Kommunal Müəssisələri kombinatı tərəfindən xidmət göstərdiyi ərazidə məişət tullantıları mütəmadi götürülsə də, küveyt və keçid boruları müntəzəm olaraq təmizlənmir, bu da yağıntılar zamanı su ötürücülərinin tutulmasına,  müəyyən çətinliklərin yaranmasına səbəb olur.  Odur ki, küveyt və keçid borularının təmizliyi daim diqqət mərkəzində saxlanılmalı,  məişət tullantılarını xüsusi ayrılmış yerlərə atmayan sakinlərlə geniş izahat işləri aparılmalı, onlara qarşı cərimə sanksiyaları tətbiq olunmalı, əhaliyə göstərilən kommunal xidmətlərə  görə sakinlərdən vəsait toplanmalı və bu sahədə ciddi uçot-hesabat işləri qurulmalıdır. Məişət tullantılarının daşınması məhəllə daxili metodlar istifadə edilməklə həyata keçirilsə bu sahədə daha böyük irəliləyiş əldə etmək olar.

Mənzil istismar sahəsi tərəfindən  evlərin fasadlarını eybəcər vəziyyətə gətirmiş, qanunsuz artırma və tikililər aparmış sakinlər barəsində ciddi ölçü götürülmür, onların sökülməsi üçün aidiyyatı orqanlar qarşısında məsələ qaldırılmır.

Qeyd olunan ciddi nöqsan və çatışmamazlıqları aradan qaldırmaq məqsədi ilə adı çəkilən təşkilat rəhbərlərinə, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəyə və bələdiyyə sədrinə dəfələrlə ciddi irad tutulmasına baxmayaraq bu sahədə əməli addımlar atılmamışdır.

Ona görə də, rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyə və xidmət təşkilatları ilə birlikdə tədbirlər planı hazırlamalı, əhalini narahat edən problemlərin  tez bir zamanda aradan qaldırılmasını təmin etməlidir.

Hörmətli yığıncaq iştirakçıları!

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş işlərdən əlavə xeyli yenidənqurma, tikinti və abadlıq işləri aparılmışdır.

Şəhərin Heydər Əliyev və Bakı prospektlərində, “Heydər” parkında, Babək, M.P.Vaqif, X.İslamzadə, A.Əhməd, G.Orucova, M.Füzuli, Ə.Vahid, Xətai, M.F.Axundov küçələrində, “Bayraq Meydanı”nda, “Şəhidlər” xiyabanında xeyli abadlıq və yenidənqurma işləri davam etdirilmişdir.

Şəhərin Bakı prospektində yeni layihəyə əsasən  2472 metr məsafədə dekorativ hasar tikilmiş, ağlay  və keramik plitələrlə üzləmə işi aparılır, 105 ədəd yeni müasir işıqlanma dirəyi quraşdırılmış, şəhərə giriş yollarının genişləndirilməsinə başlanılmışdır. Şəhər ərazisində 285 sahibkar obyekti klassik üslubda ağlay materialı ilə üzlənmişdir. Hündürlüyü 7 metr olacaq rayona Sığırlı kəndi ərazisindən giriş monumentinin tikilməsinə başlanılmışdır.

Ərazisi 4.5 ha olacaq möhtəşəm “Bayraq meydanı”na 18500 m3 – dən çox torpaq daşınmışdır.

Göstərilən ərazilərdə son 6 ay ərzində 292 m3 beton tökülmüş, 7312 m2 divar hörülmüş, 6220 m2 piyada yollarına beton tava döşənmiş, 13338 m2 ağlay, 3650 m2 keramik tava, 345 m2 qranit, 60 m2 mərmərlə üzləmə işləri aparılmış, 2180 p/m bardür düzülmüş, 18042 m2 asfalt vurulmuş, 21500 m3 torpaq daşınmışdır.

Regionların sosial-iqtisadi inkişafı Proqramının davamı olaraq məktəbəqədər tədris müəssisələrinin təqdimat mərasimində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə rayon İcra Hakimiyyəti də qoşulmuş, şəhərə bitişik ərazilərdə 2 ədəd 2 mərtəbəli, 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisinə başlanılmışdır.

Dövlət Proqramının icrası ilə əlaqədar 2014-cü ilin birinci yarımilliyində  Yol İstismarı idarəsi “Azəryolservis” ASC-nin xətti ilə Respublika Əhəmiyyətli Bakı-Ələt-Qazax və Ağsu-Kürdəmir-Bəhrəmtəpə və yerli avtomobil yollarında 256 min manatlıq cari və orta təmir işləri görülmüş, fiziki göstəricisi 3 km olmaqla 18000 m2 iş görülmüşdür.

Bunlardan Bakı-Ələt-Qazax avtomobil yolunda 3 milyon 45 min manatlıq, Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunda 87 min manatlıq, Sor-Sor, Muradxan, Yenikənd-Dəyirman, Qurd Bayram və Sığırlı-Ərəbqubalı kənd yollarında isə 134 min manatlıq, fiziki göstəricisi 3 km olmaqla 18000 m2 çınqıl və asfalt işləri görülmüşdür

Şəhərdaxili küçələrdə fiziki göstəricisi 14997 m2 olmaqla 161.5 min manatlıq asfalt işləri görülmüşdür. Bunlardan G.Orucova küçəsində fiziki göstəricisi 2605 m2 olmaqla 39.646 manatlıq, S.Şıxəliyev küçəsində fiziki göstəricisi 1260 m2 olmaqla 20.487 manatlıq, Aşıq Əhməd küçəsində fiziki göstəricisi 2180 m2 olmaqla 32.875 manatlıq, Xətai küçəsində fiziki göstəricisi 1180 m2 olmaqla 18.042 manatlıq, Füzuli küçəsində fiziki göstəricisi 2050 m2 olmaqla 31.284 manatlıq, Ə.Vahid küçəsində fiziki göstəricisi 800 m2 olmaqla 12436 manatlıq, M.F.Axundov küçəsində fiziki göstəricisi 4500 m2 olmaqla 65000 manatlıq, şəhər mehmanxanasına giriş yolunda fiziki göstəricisi 422 m2 olmaqla 6733 manatlıq asfalt işləri görülmüşdür.

Rayon ərazisində magistral, rayonlararası və rayondaxili yolların asfaltlaşdırılması, yenidən qurulması və  təmiri   sahəsində  müəyyən  işlər görülsə də, bu xidmət sahəsinin fəaliyyətində nöqsan və çatışmamazlıqlar hələ də davam etməkdədir.

Belə ki, şəhərin əksər küçələrində asfalt örtüyü sıradan çıxmış, bir çox kənd yolları istismara yararsız vəziyyətə düşmüşdür.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, Memarlıq və tikinti şöbələri rayon Yol İstismar idarəsinin rəhbərliyi ilə birlikdə tədbirlər planı hazırlayıb məsələnin həll olunmasına nail olmalıdırlar.

Hörmətli yığıncaq iştirakçıları!

Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur.

Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun 2 kəndində, o cümlədən 180 şagird yerlik Mürtülü və 180 şagird yerlik Xınıslı kənd tam orta məktəb binalarının tikintisi davam etdirilir, hər iki məktəbdə son tamamlama işləri aparılır. 624 şagird yerlik Atakişili kənd tam orta məktəb binasının tikintisi üçün hazırda sənədləşmə aparılır.

Bu sahədə görülmüş işlərlə yanaşı nöqsanlar da mövcuddur.

Kənd məktəblərinin bir çoxunda sadə idman qurğuları, ibtidai hərbi hazırlıq fənləri üzrə çöl məşğələlərin aparılması məqsədi ilə təlim sahəsi yoxdur və bu səbəbdən də bir çox məktəblər hərbi idman oyunlarında, idmanın ayrı-ayrı növləri üzrə yarışlarda təmsil olunmur və ya çox zəif nəticələr göstərirlər. Rayon Təhsil şöbəsi bu sahədə əsaslı dönüş yaratmalı, tam orta məktəblərdə atıcılıq tirlərinin qurulmasına nail olmalıdır.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən infeksion-yolxucu xəstəliklərin qarşısının alınması, xəstəliklərin yaranma mənbələrinin vaxtında aşkar edilməsi və ərazilərdə sanitar-profilaktik tədbirlərin keşirilməsi sahəsində müəyyən işlər görülsə də, Mərkəzin fəaliyyətində ciddi nöqsan və çatışmamazlıqlar qalmaqdadır.

Küçələrin səkilərində və sanitariya qaydalarına uyğun olmayan yerlərdə yol kənarlarında yenə də açıq şəkildə meyvə, tərəvəz və ət məhsullarının ticarəti aparılır, rayonun müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə və ticarət obyektlərində Mərkəz tərəfindən sanitar yoxlamalar səthi keçirilir, antisanitar vəziyyətdə fəaliyyət göstərən obyektlər barəsində ciddi qərarlar qəbul edilmir.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon Baytarlıq idarəsinin rəhbərliyi rayon əhalisinin yolxucu xəstəliklərdən müdafiə olunması istiqamətində sanitar nəzarəti gücləndirməklə, əhalinin maarifləndirilməsi məqsədi ilə müntəzəm olaraq seminarlar və profilaktik tədbirlər keçirilməsini diqqət mərkəzində saxlamalı, göstərilən nöqsanlardan  nəticə çıxarmalı, görülən tədbirlər barədə rayon İcra Hakimiyyətinə rəsmi məlumat verilməlidir

Rayonda ötən müddətdə maddi və mədəni irsin qorunması və inkişaf etdirilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği rayon İcra Hakimiyyəti Başçısı Aparatının apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.

İctimaiyyət arasında nüfuza, təbliğat sahəsində səriştə və təcrübəyə mailk olan təbliğat qrupları daimi fəaliyyət göstərir. Fəalların və təbliğat qruplarının yaxından iştirakı ilə möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin təbliği ilə bağlı məqsədyönlü ictimai-siyasi tədbirlər həyata keçirilir.

Rayonun idarə və müəssisələrində fəaliyyət göstərən Heydər Əliyev otaqları və guşələri cənab İlham Əliyevin  fəaliyyəti ilə əlaqədar mətbuat materialları ilə zənginləşdirilməli və burada vaxtaşırı tədbirlər təşkil olunmalıdır.

Rayonda fəaliyyət göstərən ictimai təşkilatlar və dini  qurumlarla  daim əlaqə saxlanılır, onlar tarixi  və əlamətdar günlərdə, bayramlarda keçirilən  mədəni-kütləvi  tədbirlərə dəvət olunurlar.

Rayon İcra Hakimiyyətinin müvafiq şöbələri Böyük Vətən  Müharibəsi, Qarabağ  Müharibəsi əlillərinin,  Şəhid  ailələrinin cəmiyyətdəki xüsusi  yerini nəzərə alaraq, öz  fəaliyyətində onların  üzv  olduqları ictimai birliklərlə daha  sıx  əlaqə saxlamalı, onların  qüvvəsindən  maksimum istifadə  etməlidir.

Rayon  əhalisi, xüsusilə gənclər  arasında  hərbi  vətənpərvərlik,  Azərbaycan  dövlətçiliyinə  sədaqət, milli-mənəvi  dəyərlərimizə hörmət   hissinin  tərbiyə olunması,  Azərbaycan  Respublikasının  dövlət  rəmzlərinin  təbliğ edilməsi daim diqqət mərkəzində  saxlanılmalıdır.

Ümummilli Lider Heydər Əliyevin yaratdığı, Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən-dövlətçilik siyasətinin əsasını təşkil edən möhkəm dövlət intizamı və qanunçuluğa söykənən iş prinsipi, səmərəli idarəetmə mexanizmi, bütün strukturların sıx, qarşılıqlı əlaqəsi rayonumuzda tam təmin olunmuşdur.

Dövlətçilik və müstəqillik mövqeyində dayanan rayonun hüquq-mühafizə orqanları vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlığa qarşı mübarizə və ictimai-siyasi asayişin qorunması sahəsində ardıcıl olaraq iş aparmışlar.

2014-ci ilin birinci yarımilliyində rayonda 83 cinayət hadisəsi qeydə alınmışdır.

Baş vermiş cinayət hadisələrinin 13-ü oğurluq, 2-si xuliqanlıq, 20-si narkotiklə bağlı, 15-i yol hərəkəti təhlükəsizliyi, 10-u ölüm ilə nəticələnən, 11-i isə xüsusi ilə ağır cinayət hadisələri olmuşdur.

Rayonun hüquq mühafizə orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı bundan sonra da ardıcıl və ciddi tədbirlər görməlidir.

2014-cü ilin birinci yarımilliyində rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 1014 (birinci rübdə 331 nəfər) nəfər vətəndaş qəbul edilmişdir ki, onlardan 878 nəfəri rayon İcra Hakimiyyəti Başçısının Aparatında, 136 nəfəri isə yerlərdə keçirilən səyyar qəbullar zamanı fərdi qaydada qəbul edilmişdir. Müraciət etmiş hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşılmış, mümkün lazımi köməkliklər göstərilmişdir.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatına 2014-cü ilin 6 ayında vətəndaşlardan  952 ədəd müraciəti daxil olmuşdur. Daxil olmuş müraciətlərin 323 ədədi  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 15 ədədi Milli Məclisdən, 14 ədədi Nazirlər Kabinetindən, 106 ədədi digər yuxarı Respublika təşkilatlarından, 494 ədədi isə vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə göndərilmiş ərizə və şikayətlərdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə daxil olmuş müraciətlərin sayı xeyli azalmışdır.

Hörmətli yığıncaq iştirakçıları!

Qarşımızda mühüm vəzifələr durur. 2014-2018-ci illər üçün qəbul edilmiş Dövlət Proqramının layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli, əhalinin sosial rifahını yüksəltməklə mövcud problemləri aradan qaldırmalı, yeni emal və sənaye müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparmalıyıq.

Başladığımız genişmiqyaslı quruculuq işlərində hər bir kürdəmirlinin iştirakını təmin etməklə rayonumuzu ölkəmizin çiçəklənən bölgəsinə çevirməli və bu yolda qarşıya qoyulan vəzifələrin vaxtında və uğurla yerinə yetirilməsi üçün yüksək məsuliyyət və səylə çalışmalıyıq.