Lənkəranda qanvermə aksiyası keçirilir

77

 

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının fətvasına əsasən Aşura günü ilə əlaqədar noyabrın 13-də Lənkəran şəhərindəki “Böyük bazar” məscidində qanvermə aksiyasına başlanmışdır.
Xalq.az  xəbər verir ki, iki gün davam edəcək xeyriyyə tədbirinə Astara, Lerik və Masallı rayonlarının sakinləri də qoşulmuşlar. Humanitar aksiyanın ilk günü 500-dən çox vətəndaş qanvermə kampaniyasına qatılmışdır.
Aksiyada iştirak edənlər təşkilatçılara minnətdarlıqlarını ifadə edərək, bunun savab iş olduğunu, donorlardan toplanan qanın müxtəlif qan azlığı xəstəliklərindən əziyyət çəkən, həmçinin cərrahiyyə əməliyyatları zamanı qan almağa imkanı olmayan insanlara həyat bəxş edəcəyini bildirmişlər.
Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə xatırlatmışdır ki, Aşura günü ilə əlaqədar 2002-ci ildə ilk dəfə qanvermə aksiyası keçirilərkən də ona birincilər sırasında lənkəranlılar qoşulmuşdular.
Qanvermə aksiyasını Mərkəzi Qan Bankının Lənkəran bölməsi və Lənkəran Mərkəzi Rayon Xəstəxanasının tibbi personalı həyata keçirir.
Aksiyada dindarlarla bərabər, ictimaiyyətin bütün təbəqələrinin nümayəndələri, o cümlədən qadınlar da fəallıq nümayiş etdirirlər.