Laçın sərhəd-buraxılış məntəqəsində DSX-nin mükəmməl fəaliyyəti

2020-ci ilin Qarabağ müharibəsi zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulan döyüş tapşırıqları Dövlət Sərhəd Xidmətinin rəisi General-polkovnik Elçin Quliyevin rəhbərliyi altında icra olundu, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları fərqlənmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev indiyədək fəalliyyətini uğurla və şərəflə davam etdirir. Gənclərə xüsusi qayğı göstərib hər il Dövlət Sərhəd Xidmətinin nəzdində olan məktəbə və akademiyaya nəzər yetirir. Başda Elçin Quliyev, digər hərbi rütbəli zabitlərimiz, sərhədçi əsgərlərimiz ulu, igid qəhrəmanlarımızın davamçıları olaraq hər zaman xalqa yüksək ləyəqatlə xidmət edirlər!

Dövlət Sərhəd Xidməti sərhədlərin mühafizəsi istiqamətində qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirir.Hər bir dövlətin milli sərhədləri onun atributlarından birini təşkil edir. Milli atribut kimi qəbul edilən sərhədlərin toxunulmazlığı dövlətlərin, xalqların suverenliyini əks etdirir və nəticə etibarilə, bu toxunulmazlığı təmin etmək üçün milli resurslar səfərbər olunur. Azərbaycanda da Dövlət Sərhəd Xidmətinin işinin yüksək səviyyədə təşkili, Sərhəd Qoşunlarının maddi-texniki təchizatının gücləndirilməsi əsas prioritetlərdən biri kimi çıxış etməklə bu amala xidmət edir. Əlbəttə, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi, beynəlxalq terrorizmə, qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya qarşı qətiyyətlə mübarizə aparılması, Xəzər dənizində karbohidrogen ehtiyatlarının hasilatının və ixrac infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi kimi vacib vəzifələrin öhdəsindən layiqincə gələn Sərhəd Qoşunları respublikamızın qazandığı uğurlarda özünəməxsus rol oynayır.

Prezident İlham Əliyev dövlət sərhədlərinin etibarlı mühafizəsinə xüsusi diqqət yetirir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də bu sahəyə xüsusi diqqət yetirir. Dövlətimizin başçısının rəhbərliyi ilə yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminat sahəsində məqsədyönlü tədbirlər həyata keçirilib. Bunlarla yanaşı, həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində sərhəd dəstələrində videonəzarət sistemlərinin yaradılması, sərhəd zastavalarında müşahidə kameralarının quraşdırılması və görüntülərin dəstə qərargahına ötürülməsi nəticəsində bilavasitə sərhəd xəttində xidmətin təşkilinə nəzarət gücləndirilib. Çevik hərəkət qurumları üçün yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınıb.

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması orada keçirilən əməliyyatların yekun gözlənilən nəticəsi idi. Bunun davamında gömrük postlarının qurulması və buna müvafiq olaraq da gömrük prosedur qaydalarının tətbiqi qaçılmazdır. Dövlətin öz ərazilərini qanunsuz müdaxilələrdən qoruması və sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi onun suveren və ayrılmaz hüququdur. Beynəlxalq ictimaiyyət bu hüququn ifadəsinə hörmətlə yanaşır. Ermənistan ötən müddət ərzində öz məkrli əməllərindən əl çəkmədi, dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadı və nəticədə Dövlət Sərhəd Xidmətimiz (DSX) Laçın-Xankəndi yolunu nəzarətə götürdü.

Ermənistan öz məkrli siyasətindən, pis təxribatlarından əlçəkməmiş 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində daha bir təxribat törədərək Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanmışdır.

Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar.

Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-yə aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd əməllər təkrar olunmuş və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb. BQXK-yə məxsus olan və tibbi təxliyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan BQXK-yə olan etimadından sui-istifadə olunmasıdır.

Bu əməllərlə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılmışdır. Bütün qaçaqmalçılıq faktları yerində əməliyyat çəkilişləri ilə sənədləşdirilmişdir.

Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması yoldan Qarabağda yaşayan mülki ermənilərin istifadəsini məhdudlaşdırmır. DSX-nin postunun qoyulması, əksinə qanuni və tənzimlənən gediş-gəliş üçün şərait yaradır.

Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və suverenliyinin növbəti təsdiqidir. Ermənistan birtərəfli qaydada Laçın-Xankəndi yolunun üzərində post qurduğundan Azərbaycan da adekvat addım atmalı idi.

Dövlətin öz suveren ərazilərini qanunsuz müdaxilələrdən qoruması və sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi onun suveren və ayrılmaz hüququdur. Beynəlxalq ictimaiyyət bu hüququn ifadəsinə hörmətlə yanaşır.

Dövlət Sərhəd Xidmətinin xarici ölkələrin sərhəd xidmətləri, müxtəlif beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələri mövcuddur. Sərhəd Qoşunları üzərinə düşən vəzifələrin öhdəsindən şərəf və ləyaqətlə gəlir.Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhədlərinin bərpası məsələsi beynəlxalq hüquqla da birmənalı olaraq müdafiə olunur.

Azərbaycan Respublikasının dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası bütövlükdə regionda beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün əsas şərtlərdən biridir və heç kəs şübhə etməməlidir ki, ölkəmiz öz sərhədlərində möhkəmlənir.

Sərhədi ciddi və etibarlı qorunan Vətən həmişə əzəmətli görünüb. Eyni zamanda, sərhədi möhkəm qorunan dövlətin ticari və iqtisadi inkişafı qaçılmazdır, qlobal təhlükələrdən, xüsusən də terrorizmdən müdafiəsi etibarlıdır. Məhz bu gün sərhədlərimizin qorunması istiqamətində Azərbaycan dövlətinin əhəmiyyətli layihələri mövcuddur. Eyni zamanda qürurla qeyd etmək olar ki, ölkəmizin Silahlı Qüvvələrinin sırasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin peşəkarlıq səviyyəsi daim yüksəlməkdədir.

 

Zərinə Hümbətova— Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci