Laçın və Füzuli istiqamətlərində təxribatların qarşısı alındı

Sentyabrın 9-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə XALQ.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

****

Sentyabrın 9-u saat 09:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.

Bu barədə  Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.