Lerikdə Ağacəfər Həsənlinin 60 illik yubileyi qeyd edildi

L-11

2014-cü il mayın 21-də Lerik rayon mədəniyyət evində şair-publisist Ağacəfər Həsənlinin 60 illik yubileyi qeyd edilmişdir. Mərasim iştirakçıları əvvəlcə mədəniyyət evində düzənlənmiş sərgi ilə tanış olmuşlar.

XALQ.AZ xəbər verir ki, tədbirdə yubilyar Ağacəfər Həsənlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilmişdir.
Yubiley tədbirində filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, Milli Məclisin deputatı Aqil Abbas, Lerik şəhər tam orta internat məktəbinin müəllimi Akif Rzayev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri,  Azərbaycan Yazıçılar Birliyinin üzvü Vaqif Bəhmənli, Azərbaycan Mətbuat Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, şair İslam Qərib, “Qobustan” jurnalının baş redaktorunun müavini Maarif Soltan, rayon ağsaqqallar şurası idarə heyətinin üzvü Qəhrəman Əliyev, yubilyara orta məktəbdə dərs demiş Nəriman Rəfiyev, şair Balayar Sadiq, rayon ziyalılar cəmiyyətinin sədri Etibar Həşimov, Milli Məclisin deputatı İqbal Məmmədov və başqaları çıxış edərək Ağacəfər Həsənlinin öz yaradıcılığı ilə müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi olduğunu bildirmiş, onu həm də sadiq dost, elinə-obasına bağlı yaradıcı insan kimi xarakterizə etmişlər.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şairin yubileyinin keçirilməsini Prezident cənab İlham Əliyevin yaradıcı insanlara olan diqqət və qayğısının nəticəsi olduğunu diqqətə çatdırmışdır. O, Ağacəfər Həsənlinin rayon icra hakimiyyətinin fəxri fərmanı ilə təltif edildiyini bildirmiş və fəxri fərmanı yubilyara təqdim etmişdir. Şairə uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulamışdır.
Tədbirdə şairin şeirləri səsləndirilmiş, musiqi nömrələri nümayiş etdirilmişdir.
Sonda yubilyar çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

L-22

 

L-44

L-33

L-11